DUYĞUSAL ANLARIN QANADLARINDA...

DUYĞUSAL ANLARIN QANADLARINDA... Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin Şuşada hərbçilər üçün təşkil etdiyi ilk konsert proqramını dinləyən zaman qəlbimdə qürurverici hisslər baş qaldırdı...
Çox duyğusal anlar yaşadım...
Elə həmin andaca yaşadığım o böyük hissləri kiçik bir kağız parçasına köçürmək gəldi içimdən...
"Nə yaman olurmuş ayrılıq dərdi..." Demə zəhərdən də acıymış həsrətin dadı...


Bəli, 30 illik bir həsrət yaşayıb, nisgilli bir ömür sürdük. Artıq o gün gəldi; həzin bir mahnıda deyildiyi kimi, acılar bitdi, həsrət sona yetdi... Vüsalı gözləyən ümidlər artıq şirin bir duyğuya döndü...
Rəbbimə şükürlər olsun ki, bu xoş anları bizə yaşatdı, bizi sevdiyi bəndələrindən saydı...


Həqiqətən “hər şey gözəldir həyatda...” O cümlədən “həsrət”in də özünəməxsus bir gözəlliyi var. Sual yarana bilər ki, əcəba, həsrətin də gözəlliyi olarmı? 30 ildir ki, həsrətin odunda alışıb yanan biz deyildikmi? Düşmən tapdağı altında olan torpaqlarımızı andıqca kövrəlib qübarlanan, yurd-ocaq nisgili ilə göz yaşları axıdan görən kim idi? Dədə-baba torpaqlarımızdan ayrı düşəndən ürəyimizi, qəlbimizi həsrətdən köz alan yanğı çulğamamışdımı?
Bəli, həqiqətən belədir, bütün bu ağrı-acılar 30 il idi ki, vücudumuzu parçalayırdı, qəlbimizi didib-dağıdırdı, ruhumuzu qaranlığa çəkirdi, bəndi-bərəmizə zülmət yağdırırdı. Bütün bu acılara, bu ağrılara rəğmən, yenə də hikmətdə vurğulanan kimi, əziz dostlar, deyirəm ki, “həsrət” də gözəldir, onun da özünəməxsusluğu var... Həsrətin gözəlliyi onun bitdiyi andan başlanan yoldur, hansı ki, onun adı “vüsal” adlanır. Vüsalın şirinliyini bizə dadızdıran, onun dəyərini və əvəzolunmazlığını bizim üçün önə çəkən elə həmin “həsrət”dir ki, var. Vüsal ona görə şirin olur ki, həsrət var; necə ki, 30 ildir bizimlə o yol yoldaşıdır. Bu uzun zaman kəsiyində elə həsrətin özündən doğan bir sıra keyfiyyətlər ruhumuzu sardı; torpağa, vətənə olan sevgimizi qat-qat artırdı, gücümüzə güc qatdı, mübarizlik ruhumuzu oxşadı, döyüşkənlik ruhumuzu oyatdı; vətənpərlik ruhumuz sanki tazələndi, ciyərdolusu nəfəs ala bildik; xalq olaraq əynimizə qəhrəmanlıq libası, cəsarət donu geydik...
Nəticə isə məlumdur: Vətənimizin döyünən ürəyi Bakıda ZƏFƏR paradı... Tarixi mədəniyyət və mənəviyyat şəhərimiz olan əziz Şuşamızın köksündəki müqəddəs Yuхarı Gövhər ağa məscidinin minarələrindən ucalan və ucaldıqca da o torpaqlara öz lətif rayihəsini yayan dünyanın ən gözəl səsi - azanın qəlblərə nur saçan şirin avazı... İgidlər oylağı Cıdır düzündə düzənlənən ilk konsert proqramı... Bayatı-Şirazın, Qarabağ şikəstəsinin Şuşanı, bütün Qarabağı ağuşuna alan xoş sədası... Rəşadətli əsgərlərimizin könülləri riqqətə gətirən “Yallı” musiqisinin qanadlarında şəstlə halay vurmaları...
Və nəhayət, ən qürurverici an: Cənab Prezidentimiz, məğrur Ali Baş Komandanımız İlham Əliyevin müqəddəs Cıdır düzünün köksündə qurulmuş sadə, ancaq əzəmət rəmzi kimi görünən səhnədə özünə yer alan tablodakı möhtəşəm görünüşü, məğrur duruşu... Və daha nələr... nələr...
Şükür sənin qüdrətinə, İlahi! Sən bizə bu gözəl hissləri duymağı, bu qürurverici, şirin və xoş anları yaşamağı, dünya birliyi önündə fəxarətli duruşu nəsib etdin...

Bir əlimdə bayrağım, bir əlimdə silahım,
Dilimdə yurd nəğməsi, başım üstə Allahım.
O, mənim qibləgahım, o, mənim səcdəgahım,
Çox uzaqdan gəlirəm, çox uzağa gedirəm,
Qarabağa gedirəm!


Bəli, bu böyük qayıdışımızla Qarabağa həyat qayıdır, isti nəfəsimizlə torpağın yaralarına məlhəm qoyulur, nur süzülən baxışlarımızdan onun paralanmış köksü şəfqət donu geyinir...
Deməli, bu yaz Qarabağa tamamən başqa donda, başqa biçimdə, başqa bir libasda gələcək... Cənab Ərdoğanın möhtəşəm Zəfər paradında qeyd etdiyi kimi, “Şuşanın başındakı duman artıq dərdli deyildir. Dustaq Xarıbülbül artıq özgürdür, daha parlaq açacaqdır. Köndələnçay artıq daha coşqun axacaqdır. Araz türküsünü daha güclü çığıracaqdır. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü çıxacaqdır.”
Həqiqətən Rəbbimiz bizi ağır bir sınağa çəkdi. Çox şükürlər olsun ki, məşəqqətlərlə dolu bu yolda əzmimiz qırılmadı, iradəmiz sınmadı, ruhumuz sarsılmadı; ağır yolçuluğu xoş bir sonluqla başa vurmağı bacardıq; xalq olaraq, millət olaraq bu sınaqdan üzüağ, alnıaçıq çıxdıq. Bu həm də bizim üçün tarixi bir dərs oldu. Hər dərsin sonunda bir nəticə hasil olduğu kimi, bu dərsin də sonucunda bizim üçün bəlli o oldu ki, Vətən torpağı canımızdan da, qanımızdan da əzizdir; o, müqəddəsdir. Bu torpağın hər bir qarışı nur üzlü şəhidlərin al qanından yoğrulub. Vətən torpaqlarının əzizliyini bizim hafizəmizə, yaddaşımıza, təfəkkürümüzə həkk edən, qəlbimizə möhürləyən öz qanları ilə ölməzlik qazanan, elə torpağın özü qədər də bizə müqəddəs olan Şəhidlərimizdir. Onlar müasir Azərbaycanın qəhrəmanlıq tarixini yazmaqla adımıza şan-şöhrət gətirdilər, xalqımızın şərəfini özünə qaytardılar.
Həsrətə həsrət qalmaq naminə apardığımız böyük savaş həm də xalqımızı bütövləşdirdi, onun monolit birliyini formalaşdırdı. Necə deyərlər; el bir oldu, nəticədə də zərbi kərən sındırdı...
Qoy bu bütövlüyümüz var olsun! Birliyimiz əbədi yaşasın! Buna ehtiyacımız çox böyükdür, çünki qarşıda uğurlar hələ bizi səsləyir...

Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki.
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!


Duydunuzmu? İstiqlal şairimiz, əbədiyaşar Mikayıl Müşfiq də onu deyir; "Xəlqilə titrəyən, xəlqilə gülən, // Vətənçün yaşayan, vətənçün ölən" azadlıq aşiqimiz də bizi gözləyən gələcək uğurlarımızdan bəhs edir...
Əziz dostlar! Yeni zəfərlərə qovuşmaq ümidilə...

Vətən, bir də başın üstə qara bayraq taxılmasın,
Dədəm Qorqud dayaq olsun, qara dağın yıxılmasın.
Şəhidləri verən xalqım, qoy ürəyin sıxılmasın,
Şəhidi olmayan torpaq qalar tapdaqlar altında!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
"Qarabağ bizimdir!"
"Qarabağ Azərbaycandır!"
Baxdım Ana torpağıma,
Aranıma, yaylağıma.
Min səs gəldi qulağıma
- Yaşa,
Yaşa, Azərbaycan!!!



Həbib Mirzəyev
AzTU-nun “Azərbaycan dili və pedaqogika” kafedrasının müdiri
filologiya üzrə fəlsəfə doktoru, dosent


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: