Pərvanə ZALAMLI: "Torpaq uğrunda ölən varsa, vətəndir!.."

Pərvanə ZALAMLI: "Torpaq uğrunda ölən varsa, vətəndir!.." Bir gün dərsdə şagirdlərimdən biri: "Müəllim, torpaq necə Vətən olur?"- deyə soruşdu. Düzü, bir anlıq susdum, özümə də çətin gəldi bu sual.
Amma şagirdlərimin sual dolu baxışları müqabilində susmaq olmazdı. Nə isə deməli idim. Cidd-cəhdlə Vətən anlayışını çozələməyə başladım. Amma hiss edirdim ki, uşaqlara lazımi qədər bilgi verə bilmirəm. Özlüyümdə bir qərar qəbul etdim. Uşaqlara dedim ki, dərsdən sonra yığışın, sizi bir yerə aparacağam.
Fikrimdə tutmuşdum ki, uşaqları məktəbimizin adını daşıyan 1-ci Qarabağ müharibəsinin qəhrəmanı, şəhid Sənan Hacıyevin qəbrini ziyarətə aparım. Amma əvvəlcə şəhidin anası ilə görüşmək məqsədi ilə onlara yollandıq. Simuzər ana köhnə, yarıqaranlıq bir otaqda oturmuşdu. Bir az təəccübləndim.
Həyətdə gözəl, hər cür şəraiti olan ev ola-ola bu qadın niyə bu yarıqaranlıq yerdə yaşayır?
Bəlkə....


Suallar qəlbimi didsə də, heç nə soruşmadım.
Elə yaxşı ki, soruşmadım. Söhbət əsnasında məlum oldu ki, ana oğlunun əsgər getdiyi otaqdan başqa yerdə qala bilmir, lap imarət olsa da, ona balasının şəklini divardan asdığı yarıqaranlıq otaq daha əzizdir.
Stolun üstündə çoxlu saralmış şəkillər, bir də bir qutu var idi. Oğlu haqqında xatirələr, saralmış fotoşəkillər haqqında danışan ana tez-tez qutuya sığal çəkirdi. Sonra açdı. İçində qatı açılmamış bir köynək var idi. Titrək əlləri ilə köynəyi sığallayaraq : "Bunu axırıncı dətə gələndə rəhmətlik atası almışdı Sənana,- dedi,-amma imkanı olmadı geyməyə. Cəbhəyə getməli idi. Gedəndə atası "Oğlum, təzə köynəyini də götür, - dedi.
-Ata, köynəyi neynirəm cəbhədə? Qoy qalsın. Allah qoysa, sən alan köynəyi toyumda -bəy oturanda geyinərəm,- dedi, getdi və bir daha qayıtmadı...

Ana danışa-danışa köynəyi sığallayırdı.
Qulağıma çalınmamış "Vağzalı" sədadı gəlirdi. Keçmiş sinif yoldaşım, kəndimizin ilk Qarabağ Şəhidi Sənanı bəy libasında görürdüm...
Onun gözaltısını da şəxsən tanıyırdım.
Birdən mənə elə gəldi ki, axtardığım sualın cavabını tapmışam. Vətən Şəhidin geyilməyən bəy köynəyindən başlayır. Vətən çalınmayan "Vağzalı"dan başlayır....

Pərvanə ZALAMLI,
"Borçalı" nəşriyyatının, eləcə də,
"Şərqin səsi" və "Elm və Təhsil" qəzetlərinin
Qəbələ bölgəsi üzrə nümayəndəsi


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: