“Xalqı xalq, milləti millət edən ana dilidir”

“Xalqı xalq, milləti millət edən ana dilidir” Bəşəriyyətin ən böyük, ən dahiyanə, ən qiymətli kəşfi dildir. Ana dili deyəndə yalnız sinədəki sözlər deyil, babaların əsrlər boyu adlayıb gələn nəfəsi, xalqın tarixi, onun özünütəsdiqi, qan yaddaşı, həyat tərzi, mədəni irsi nəzərdə tutulur. Dil ulu əcdadımızın yadigarı və nişanəsidir.

Dahi alim B.Humbolt da dil və təfəkkürün vəhdətindən bəhs edərkən “xalqın dili onun ruhu, ruhu isə onun dilidir” qənaəti təsadüfi deyildir. Milli ruh isə, təbii ki, məxsus olduğu xalqın həyata baxışı, onu duyum tərzi, folkloru, dini, dili və s. amillər əsasında formalaşır.

Dil bütün dövrlərdə xalqın tarixinə daxil olaraq sonrakı illəri əhatə edir. O, xalqmızın milli-mənəvi sərvətidir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Xalqı xalq, milləti millət edən ana dilidir”.
Vətənin mövcudluğu üçün torpaq və dil əsasdır. Torpaq onun cizmani, dil isə intellektual mövcudluğudur.

Xalq şairi Zəlimxan Yaqubun “daxili nitq hansı dildədirsə, ana dili odur” hikməti həqiqətin ifadəsidir. Doğrudan da ana dili “ana gözlərindən süzən nur kimi gilə-gilə ürəyimizə hopub”, qəlbimizə axıb, iç dünyamıza dolub. Qəlbimizə axa-axa da bizi cilalayıb, bizi elə, obaya, ana torpağa bağlı bir insan olaraq formalaşdırıb. İç dünyamız onun sayəsində saflaşıb, durulaşıb. Daxilimizə bir mənəvi gözəllik bəxş etdiyi kimi, o, baharın torpağa milyon naxış vurduğu tək zahirimizə də milyon naxış vurur. Çünki ana dilimizin gücü, qüdrəti sonsuzdur. Onun yaratdıqlarının həddi, hüdudu yoxdur. Onun hesabına bizim mənəviyyat xəzinəmizə çoxlu sayda ölməz sənət əsərləri bəxş olunmuşdur. Əsrlər, qərinələr ötsə də, onlar yenə də xalqın mənəviyyat dərsliyi olaraq öz dəyərini saxlamış və bundan sonra da saxlayacaqdır. Çünki onlar doğma və şirin olan dilimizin süzgəcindən keçmişdir. Hansı ki, o dil anaların südündə, laylasında, nənələrin bayatılarında, nağıllarında, ulu babaların öyüd-nəsihətlərində, kişiyanə söhbətlərində zaman-zaman canımıza, qanımıza hopmuşdur.

Dilimizin bitib - tükənməyən xəzinəsindən istifadə etməyi bacaraq, bildiklə-rimizi daxili nitqimizin, təfəkürümüzün süzgəcindən keçirərək şirin, ahəngdar ana dili vasitəsilə düzgün, səlis, aydın, təmiz ifadə edək. Onu yaşatmağa, sevməyə, əzizləməyə borcluyuq. Çünki xalqımızın ruhunun daşıyıcısı ana dilidir.

Həbib MİRZƏYEV,
AzTU-nun
“Azərbaycan dili və pedaqogika”
kafedrasının müdiri, dosent.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: