HƏZRƏT ABBASA ƏRİZƏ

HƏZRƏT ABBASA ƏRİZƏ Bəsti İsmayılova

Yazacağam. Niyə də yazmayım?... Məhəmmədhəsən əmi yazmamışdımı : "Apar, qardaş, apar... O ərizəni apar...
Apar Həzrət Abbasa. Apar...
Mən gedə bilmədim. Qoymadılar! Məni qoymadılar!..."

Hamımız Məhəmmədhəsən əminin "şinelindən" çıxmamışıqmı ? Çox sevdiyim bir insandır Məhəmmədhəsən əmi. Onun ərizəsi acizliyin, mütiliyin naməsi deyildi... Bu,hayqırtı idi.Sükutun "dəli bir ağlamağı idi"...


Yazıram... yenə yazıram, hətta təhsildən sabah gedəsi olsam, yenə yazacağam !... Dərslik (dərdlik) demişdim... Kitab qətliamı demişdim... İllərdir deyirəm, yazıram... Bu dəfə X-XI sinif ədəbiyyat dərsliklərini deyirəm... Kitabın vərəqləri arasında siyasi rüzgarlar əsir,tendensiya özünü elə qabarıq göstərir ki,Həzrət Abbasa and içməyə lüzum yoxdur... Kitab müəlliflərinin dərin ədəbi-bədii biliyə malik olmalarını qoyaq bir qırağa,hətta malik olmadıqlarına da !...Amma bir də qanacaq var ! Ədəbi qanacaq ! Axı ədəbiyyat həm də bir qanacaq, ədəb-ərkan dərsidir. And olsun kitaba ki, bu, ədəbiyyat kitabı deyil !.. Diz üstündə yazılmış bir konspektdir, qaralamadır, telefon kitabcasıdır. Heç bu kitablara müəllif də lazım deyil !...Çünki təhlillərin suyu süzülür...Suyunun suyu !...Və kitabın yarıdan çoxu müntəxabat nümunəsidir,yəni bədii parçalardır... Onda bunlar kimdir : Soltan Əliyev, Bilal Həsənov, Aynur Mustafayeva !...(X sinif ədəbiyyat)
X sinif dərsliyində ən çox təsirləndiyim Zakir və Axundzadə idi... Zakirin ictimai satiranın banisi olduğunu bilirik... Nümunə də məhz ədəbiyyatımızdakı bu mövqeyinə görə seçilməli idi...("Bax","Xəbər alsan bu vilanın əhvalın","Eylər") Bəs bizə təqdim etdikləri nədir--"Badi-səba mənim dərdi-dilimi..." misralı qoşmasıdır... Ədalətsizlik,haqsızlıq,rüşfətxorluq,qudurğanlıqla bir ömür boyu mübarizə aparmış şair sanki qadın gözəlliyindən başqa bir şey müşahidə etməmişdir... Adam az qalır Zakir kimi "ustupay","poşol",-desin...
Burada Van Qoqdan iki kəlimə yazmasam olmayacaq :"Bir şeyi gözəl söyləmək ən azı rəsm çəkmək qədər ilginc və zor deyilmi ? Cizgilər və rənglərin sənəti var,amma ən az onlar qədər əbədi olan olan kəlimə sənəti deyə bir şey də var"...Ən azından bu ədəbiyyat biliciləri bir dəlisov Van Qoq qədər də "kəlimə sənətinə" qiymət verə bilmiyiblər...
Axundzadə ! Üstündə titrədiyi fəlsəfi əsərinin heç adı da qeyd olunmur...Görəsən,kiminsə xətrinə dəyəcəklərinimi düşünüblər ? Və ya S.Ə.Şirvani ! Qütrətli satirik və qəzəl ustadı ! Heç bir nümunə yoxdur,sadəcə "Güş qıl" müxəmməsi var...Sanki şair bütün günü Mahmud ağanın məclisində Şamaxı xanəndələrini dinləyirmiş...Zakir də bir gün Axundzadəyə mənim kimi şikayət məktubu yazırdı...Axırda da qeyd edirdi :
"Gərçi vilayətdə çox idi əhval,
Bir parasın yazıb,eylədim irsal,
Bu şərt ilə,nə diş bilsin,nə dodaq"
Amma mən istərdim ki,hamı bilsin...Ki,övladlarınıza hansı mənəvi qidanı "yedizdirirlər". Soruşanda da deyrlər ki,sadələşdirmişik...Yəni ki,ay millət,sən dərin dərin düşünə bilmirsən...səninlə beləcə loru danışırıq !...
Bir zamanlar,heçnə yox ikən Hamleti keçirdik,şagirdlər Hamletun monoloqunu əzbər bilirdi...O gün elə burada mənə bir şagirdim yazır ki,müəllim,yadınızdadırmı,Tatyananın məktublarını oxuyurduq sinifdə (Puşkin"Yevgeni Onegin")..."Həyat eşqi"ni necə həyacanla oxuyurduq...Məgər indiki uşaqlar bu qədərmi anlaqsız oldular,ilin-günün bu vədəsində ?!...

Bir gün,ey dərslik müəllifləri, sizi ittiham etsələr, sevinəcəyəm!... Bir gün mən olmayacağam... Amma o dünyada da olsanız, iki əlim yaxanızda!... And olsun Həzrət Abbasa !...

PS : Nə yazırsınız,yazın,onsuz da mən bildiklərimi tədris edirəm.Di buyrun,indi siz məni ittiham edin !
PS : Ədəbiyyatı hər yerdən silmişsiniz...Yalnız üçüncü qrupun abituriyentləri üçün nəzərdə tutulur.Ən çox sənət verən də bu qrupa məxsusdur...Ən azından bu uşaqların xətrinə ədəbiyyatı paramparça etməyəydiniz !...

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: