MƏTANƏT DUYĞULU (1971)

MƏTANƏT DUYĞULU (1971) Şair Publisist Mətanət Duyğulu (Süleymanova) 1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Kərki kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yeddi kitab müəllifidir. Bir necə il "Yenilikpres" qəzetində şöbə müdiri işləyib. İşlədiyi müddətdə Vətənpərvər ruhda yaz-dığı şeir və məqalələrə əsasən, "Qızıl qələn" mükafatına layiq görülüb. Sonralar "Xarı bülbül" diplom və medalı, "Vətənpərvər şair" diplomu ilə də təltif olunub. Ailəlidir. Bir övladı var.
Biz də Mətanət xanıma bədii yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az



BU GÜN GÜNƏŞ ƏRŞİ*-FƏRŞİN* KƏSİŞDİYİ
YERDƏN DOĞUR


Zəfər adlı günəş doğub, odlar yurdu ölkəsinə,
Səribdir al şəfəqini kainataın sinəsinə.
Ay-ulduzu həkk eləyib, gözlərinin giləsinə,
Gah sevincdən, gah kədərdən, gah da dərdi-sərdən doğur.
Bu gün günəş, ərşin, fərşin* kəsişdiyi yerdən doğur.

Nəfəsiylə yarıb keçib, otuz illik əsarəti,
Səpələdi yer üzünə, şücaəti, cəsarəti.
Öz qanıyla tarix yazan şir ürəkli bu milləti,
Əzizləyib, şölə saçır sanki ləl- gövhərdən doğur,
Bu gün günəş, ərşin, fərşin kəsişdiyi yerdən doğur.

Əks elədib səmalara azadlığın aynasını,
Asta-asta pıçıldayır torpağa öz laylasını.
Xətm eləyib şərqdə açıb, qərbdə batan dünyasını,
Zülmətlərə nur çiləyib, sayrışan ülkərdən* doğur,
Bu gün günəş, ərşin, fərşin kəsişdiyi yerdən doğur.

Qucaq açıb haqq səsindən güc alan haqq-ədalətə,
Alov qusur nadanların qurduqları əsarətə.
Sığal çəkib bu torpağın uyutduğu məharətə,
Dan yerini göydə söküb, amma özü yerdən doğur,
Bu gün günəş, ərşin, fərşin kəsişdiyi yerdən doğur.

Boyun əyir qarşısında, keçən hər ay, ötən hər il,
İgidlərin cərgəsində yetişdirir yeni nəsil.
Bax bu zəfər adlı günəş, təkcə yerdən, göydən deyil,
Kipriyində od götürüb, ərlər doğan ərdən doğur,
Həmin günəş, ərşin, fərşin kəsişdiyi yerdən doğur.

*Ərş- göy üzü.
Fərş-yer



BÜTÖVLƏŞSİN AZƏRBAYCAN

Siz ey mənim yurddaşlarım,
O tay, bu tay qardaşlarım.
Əsarətə çəkib tarım,
Qalxın artıq yetib zaman,
Bütövləşsin Azərbaycan.

Səsimə səs verin eheyy,
Tut əlimdən quzey, güney.
Azadlıq minbərində hey,
Oxunsun qoy hər gün azan,
Bütövləşsin Azərbaycan.

Fars nə bilir iman ya din,
Şeytan kimdir, yada ki, cin.
Ədalətə səcdə edin,
Verməyin namərdə aman,
Bütövləşsin Azərbaycan.

Ta İslama çıxsın yiyə,
Bərabərcə sünni- şiyə.
Əbədi var olsun deyə,
Tarixə dön, kökünü an,
Bütövləşsin Azərbaycan.

Yenidən qoy tarixə iz,
Salsın bu gün Bakı, Təbriz.
Şanlı, böyük qələbəmiz,
Sübhü açıb, sökülsün dan,
Bütövləşsin Azərbaycan.

Aşıqlar götürüb sazı,
Oxusunlar xan arazı.
Hər bir şeir, hər bir yazı,
Dilimizdə bitirsin can,
Bütövləşsin Azərbaycan,
Bütövləşsin Azərbaycan.


YAŞADACAQ HƏMİD ADINI

Şəhid Leytenant Həmid Qasınovun nişanlısı Nuranə xanımın dilindən.

Bilirəm, məndən çox uzaqlardasan,
Bilirəm imkansız olub qovuşmaq.
Hər gün soruşuram səndən hardasan,
Çox ağır olsa da bunu soruşmaq.

Elə zənn eyləmə yaşayıram mən,
Bu yaşam deyil ki, nəfəs alıram.
Hər anım, hər günüm asılıb səndən,
Ötən günlərimin qulu oluram.

Hər gecə yastığa baş qoyuram ki,
Bəlkə yuxularda görərəm səni.
Gecələr həmdəmim olubdu sanki,
Çünki yuxularım ovudur məni.

Uyuyub qəlbimin sən olan yeri,
Bəlkə sənlə birgə oyanacaqdır.
Götürüb sinəndən qərənfilləri,
Ruhun qapımıza dayanacaqdır.

O qədər yollara baxıb gözlərim,
Həsrətdən yol çəkib, cığır salıbdır.
Məzarın üstündə çöküb dizlərim,
Sanki güc-qüvvəsi orda qalıbdır.

Hələ də bəzənmiş qalan xonçalar,
Mənimlə bərabər gözləyir yarın.
Demə ki, əşyalar məgər danışar?,
Onlar da nəql edir puç arzuların.

Bu gün yanımda da olmasan belə,
Xəyalım dolanan xəyalındadır.
Nişan üzüyünü demirəm hələ,
Bax o da çıxmayıb, barmağımdadır.

Nə olar, qayıt gəl yenə ömrümə,
Didərgin ruhumu götür gəl mənim.
Sənsizlik ən ağır yükmüş sən demə,
Gəl ki, azad olsun qoy çiyinlərim.

Bir ömür, rüzgarlar əssə tərsinə,
Söndürə biıməz ki, sevgi odunu.
Neçə ki, döyünür bil ki, bu sinə,
Orda yaşadacaq Həmid adını.


ÖMÜR DƏFTƏRİM

Açılır bir anlıq, ömür dəftərim,
Həsrətim qəlbimi cırmaqlayanda.
Ürəyim ağlıma üsyan eyləyir,
Ötən günlərimi varaqlayanda.

Gəlir xatirələr, gəlir üstümə,
Keçmişim kölgəsin sərir üstümə
Dəli küləklər də durur qəsdimə
Xəyallar telimi daraqlayanda.

Ah çəkib buludlar tökür göz yaşı,
Qəzəbdən ildırım vurur dağ-daşı.
Arzular arayır könül sirdaşı,
Qollarım qoynumu qucaqlayanda

Solan ümidlərim sovrulur yelə,
Didəmin çeşməsi qarıışır selə.
Qəmli boylanıram, hər ötən ilə,
Itmiş gəncliyimi soraqlayanda.

Gör necə bizimlə oynayır zaman,
Gah ümid bəxş edir, gah da ki, güman.
Əl açıb göylərdən diləyir aman,
Ruhum yer üzünü yumruqlayanda.

Duyğulu, bu qədər düşünmə dərin!
Dünya kimsələrə verməz sirlərin.
Bilirsən nə zaman görünər yerin?
Həyat doğruları sıralayanda.


QƏLƏMİM

Düz otuz ildi ki, mənlə bərabər,
Yol gedib, zehnimə sızan qələmim.
Düşəndə xəyallar perik, dərbədər,
Axtarıb, yolunu azan qələmim.

Sən oldun bu yolda dostum, sirdaşım,
Gah oldun sevincim, gah da göz yaşım.
Mənim məsləkdaşım, mənim sir daşım,
Dilində dərdimi yazan qələmim.

Büdrəyən günümdə olmusan əsa,
Sanki qoymamısan bürünüm yasa.
Uzanan çox dili eylədin qısa,
Qopuzu əlində Ozan qələmim.

Olub doğruların mənimtək, qulu,
Qorxmadan gedirsən yenə haqq yolu.
Görəndə tikanlar sarıb sağ-solu,
Laləyə, nərgizə yozan qələmim.

Çıxdaş eyləmisən əyrini -düzü,
Tərsə yazmamısan gecə, gündüzü.
Olsa da dünyanın, neçə min üzü,
Gözləri tərəzi, mizan qələmim.

Səninlə bağlıdır bu gün adım da,
Mürəkkəb rəngidir ürək odum da.
Vallah tək qiybətim, dedi-qodumda,
Sən oldun, zehnimi qazan qələmim.

Neçə ki, həyatda vardı Duyğulu,
Gedəcək səninlə birgə haqq yolu.
Sən də haqq qulusan, mən də haqq qulu,
Ay ömrü mənimtək xəzan qələmim.


RƏSSAM, RƏSMİMİ ÇƏK

Çək ay rəssam, rəsmimi çək,
Elə çək ki, gözümdə yaş görünməsin.
Cizgklərə incə yanaş,
Çəkdiklərim çəkdiyində bilinməsin.

Çək ay rəssam, rəsmimi çək,
Yanında bir həsrət dolu sevgi də çək.
Sədaqətdən bəhrələnib,
Pöhrələnən, bacarsan bir ağac da ək.

Çək ay rəssam, rəsmimi çək,
Çəkməmişdən öncə eylə fırçana ərk.
Boşa getmiş gəncliyini,
Arayan bir qızcığazın rəsmini çək.

Çək ay rəssam, rəsmimi çək,
Elə çək ki, dərdlərim heç oyanmasın.
Rənglərini doğru seç ki,
Həsrətimin rənginə qoy boyanmasın.

Çək ay rəssam, rəsmimi çək,
Çək sinəmi eşqə sipər,
Kipriyimi nəfsə çəpər.
Bacarırsansa sən əgər,
Otuz illik verib əmək,
Saf eşqimin şəklini çək.


YAĞIŞIN SİMFONİYASI

Hər bur damlaları nurtək ələnir,
Rəqs edib səmada, yerə çilənir.
Könlüm bu yağışla birgə dinlənir,
Ruhumu isladır həzin damlası,
Yazılır "yağışın simfoniyası".

Döyüb pəncərəmi heyy... oyan deyir,
-Bu xoş mənzərəni gəl eylə seyir.
Bu anda sinəmdən keçir bir şeir,
Şadraq bir nəğmənin gəlir havası,
Yazılır yağışın simfoniyası.

Çırpılır qapıma damlası bərk-bərk,
Deyir, dur gəl mənim rəsmimi bir çək.
Əngin səmalara eyləyib də ərk,
Yuyunur yurdumun daşı, qayası,
Yazılır yağışın simfoniyası.

Elə bil öpərək əl-ayağını,
Bəxş edir torpağa ürək yağını.
Astadan tərpədir dil-dodağını,
Deyəsən oxunur həzin laylası,
Yazılır yağışın simfoniyası.

Yağ yağış, yurduma bərəkət gətir,
Hər damlan torpağa çiləsin ətir.
Düzülüb misralalar bax sətir-sətir,
Tutur yer üzünə sevgi aynası,
Yazılır yağışın simfoniyası.



ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: