Pərvanə ZALAMLI: 9 May - Qələbə, yoxsa...

Pərvanə ZALAMLI: 9 May - Qələbə, yoxsa... Sovet hökumətindən miras qalmış 9 May - Qələbə gününü biz də bayram edəkmi? - sualına haçalı fikirlər yaranır: "yox" deyənlər daha çoxdur. Tərəddüdlərə son qoymaq məqsədilə bir şəklin faciəsini söyləmək istərdim.

Mən dünyaya göz açanda o şəkil divarda idi. Ata evimizdə indiyəcən durur. Zərli çərçivədən əsgər geyimində məsum baxişli, biğ yeri yenicə tərləyən, qaragözlü bir oğlan ata-anasının ortasında durub düz gözlərimin içinə baxir. Bu mənim, eləcə də atamin üzünü görmədiyi əmim Ağayev Məhəmməd İsmayil oğludur.
II Dünya müharibəsinin qurbani, Zalam kəndinin ilk şəhidi. Qəbri də yoxdur. Amma. Hər il 9 may günü Böyük vətən müharibəsi qurbanlarının şərəfinə ucaldılmış xatirə komleksinə bir dəstə bahar çiçəyi aparıb əmimin xatirəsini yad edirəm. Bu vərdiş mənə atamdan qalıb. Atam müharibədən sonra doğulsa da, onun acısını həmişə yaşayıb...
İlk övladi Məhəmmədi cəbhəyə yola salan nənəm - Gülcənnət ana gecə-gündüz ağlayır, allaha dua edirmiş. Gözümün işığı balamı qoru, "ilahi".


Boğazından yemək keçməyən ana, mən orucluyam deyirmiş. Amma nə obaşdanliğa dururmuş, nə də orucunu açırmış.
Eləcə boğazı kilidlənibmiş.
Oğlundan cəmi bircə məktub alır ana: "Məndən nigaran qalmayın. Mozdokda döyüşürəm. Çox soyuqdur. Əlim-ayağım donur. Mümkünsə mənə yun əlcək, corab göndərin…"
Ana əl-ayağa düşür. Qisa müddətə əlcək-corab toxuyur. Poçta gedib sovqati göndərəndə ona bir üçkünc məktub verirlər. Rusca olduğu üçün oxuya bilmir. Özünü evə çatdirir. Məktubu oxutdurur: "Sizin oğlunuz Mozdok uğrunda gedən döyüşlərdə itkin düşmüşdür."
Ananın dünyası qaralır...
Hələ bu azmış kimi, səfərbərlik elan olunur, ərini (babamı) da cəbhəyə aparırlar. İkinci oğlunun on səkkiz yaşı tamam olurdu. Onu da çağırırlar. Ana fəryad edir. Oğlunu çağırışa bir qədər gecikdirir. Amma heyhat, kimdi onu başa düşən? İkinci oğlunu həbs edirlər.
Kənddə demək olar ki, başıpapaqlı qalmamışdı. Kolxozda bütün yük qadınların üzərinə düşürdü yarımcan ana ən ağır işlərdə işləyir...
Nəhayət, müharibə başa çatır. Ata (yəni babam) yüngül xəsarətlə evə qayıdır. Ana isə ovunmaq bilmir ki, bilmir. Balasindan gələn "qara" kağızı sinəsinə qoyub o qədər ağlayır ki, kağız əriyib yox olur.
Ananın mədəsində kəskin ağrılar başlayır. Həkimlər diaqnoz qoyurlar: mədə xərçəngi. Ananı depressiyadan çixarmaq üçün həkimlər bir övladının olmasını məsləhət görürlər.
Beləliklə, mənim atam doğulur. Ananın eyni açılsa da, üzü gülmür. Tezliklə dünyasını dəyişir və atam anasiz böyüyür...
Çox kövrək, qəlbi təmiz insan idi atam. Əfsus, o da çox yaşamadı...

50 milyon insanın həyatına son qoyan bir kabusun - faşizmin məhv edildiyi günü bayram etmək qəbahətdirmi, sizcə?!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: