AZƏR İQRAR (1977)

AZƏR İQRAR (1977) Azər İqrar (Azər Hüseyn oğlu Bağırov) - 1977-ci il dekabrın 16-da qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Faxralı kəndində anadan olub.
1983-cü ildə Marneuli şəhərində 4-saylı orta məktəbə daxil olub.
1992-ci ildən ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır.
Ailəlidir.

Şeirləri müxtəlif poeziya antalogiyalarında, ədəbi məcmuələrdə və dövri mətbuat orqanlarında çap olunub.
“Yenə qoşulmuşam xəyallarıma” adlı şeirlər kitabının müəllifidir.

Biz də Azər İqrara yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az


İLK ŞEİRİM


Mən səni ilk dəfə gördüyüm anda,
Sənə mən bilmədən könlümü verdim..
Hər nə diləsəydin edərdim sənə
Heyif, bu sevgidə qəm, kədər gördüm.

Xəyal dəryasında üzdüm, bilmədin,
Dözdüm min əzaba, dözdüm, bilmədin.
Axır bu sevgidən bezdim, bilmədin,
Eşqin əzabını mən hədər gördüm.

Azərəm, yurd salıb həsrət sinəmdə,
Gözlərim möhnətdə, gözlərim nəmdə.
Nə qədər bəslədim, pünhan sinəmdə,
Nə eşqim tağ atdı, nə bəhər gördüm.
Bakı, 1993


TƏK SƏNİN EŞQİNÇÜN

Gözlər həzin-həzin yollara baxır,
Tək sənin, tək sənin eşqin çün, gözəl.
Ürəyin naləsi gözümdən axır,
Tək sənin, tək sənin eşqin çün, gözəl.

Kərəm tək canımı yaxa bilərəm,
Fərhad tək dağları yıxa bilərəm.
Sənan tək dinimdən çıxa bilərəm,
Tək sənin, tək sənin eşqin çün gözəl.

Bir yanar çırağam, sənsiz sönərəm,
Getmə gözlərimdən, sənsiz ölərəm.
Lazımsa özümü qurban verərəm,
Tək sənin, tək sənin eşqinçün, gözəl.
19.06.2022


MƏLUL-MƏLUL BAXAN GÖZƏL

Məlul-mǝlul baxan gözəl
Olma, bəxti qaralısan?
Bir bivəfa yar əlindən,
Məhəbbətdən yaralısan?

Bir bəri dön, eylə kərəm,
Yollarına gül döşərəm.
Gözəl olan edərmi qəm?
Sən ki, dağlar maralısan.

Baxma ömrü cəfalıyam,
Gözəl, əhdə vəfalıyam.
Mən Azərǝm, Faxralıyam,
Söylə, bəs sən haralısan?


OLUBDU

Bu dünyanı gen sanmışdım,
İndi mənə dar olubdu.
Dosta inam, dosta güvən,
Yollarımda tor olubdu.

Ağıl verməkdən doymayıb,
Eşqimə məhəl qoymayıb,
Gözümü yollarda qoyub,
Ürək biqərar olubdu.

Bǝd taleyim açıbdı qol,
Möhnətimi veribdi bol,
Bəlli deyil getdiyim yol,
Zülmət mənə yar olubdu.


MƏNDƏN ÖTRÜ

Aynur Qafarlı ilə deyişmə


Aynur:
Ay mənim dərdimdən dəli olanım,
Sən necə darıxdın, de, məndən ötrü?
Çək göndər rəsmini darıxmağının,
Sən necə darıxdın, de, məndən ötrü?

Azər:
Məcnundan betərəm, ay ömrüm-günüm,
Elə darıxmışam mən səndən ötrü.
A Leyli misallım, saf eşqim mənim,
Elə darıxmışam mən səndən ötrü.

Aynur:
Mənsiz üşüdünmü, soyuqladınmı,
Dünyanı gözündə ayaqladınmı,
Gecələr yuxuda sayıqladınmı,
Sən necə darıxdın, de, məndən ötrü?

Azər:
Xəyallar içində gülüm, üzürəm.
Dözürəm birtəhər, hələ dözürəm.
Elə yuxuda da səni gəzirəm,
Elə darıxmışam mən səndən ötrü.

Aynur:
Axşamlar gec yatıb, erkən duranım,
Fəryad qoparanım, matəm quranım.
Ay məni gözləyib, boyun buranım,
Sən necə darıxdın, de, məndən ötrü?

Azər:
Ay ömrüm, qarışıb gecəm gündüzə.
Taleyim bəxtimlə durub üz-üzə.
Həsrətin önündə çökmüşəm dizə,
Elə darıxmışam mən səndən ötrü.

Aynur:
Özünü yordunmu suallar ilə,
Həlli çətin olan misallar ilə,
Yanıma uçdunmu xəyallar ilə,
Sən necə darıxdın, de, məndən ötrü?

Azər:
Sənsiz ötən günlər gün deyil, ildi.
Sənsiz xoş günlərim ərşə çəkildi.
Suallar ömrümə hakim kəsildi,
Elə darıxmışam mən səndən ötrü.

Aynur:
Qısası bir kəlmə sözüm var sənə,
Bir dürüst cavab ver, deyim yar sənə?
Məzara döndümü dörd divar sənə,
Sən necə darıxdın, de, məndən ötrü?

Azər:
Necə deməyəsən söylə, yar mənə?
Yoxsa ki, qalmayıb etibar mənə?
Gen dünya olubdu dar məzar mənə.
Elə darıxmışam mən səndən ötrü.


RÜBAİLƏR

Elə ki yar getdi, gülmədi üzüm,
Dedi yalançısan, qalmadı sözüm.
Məni tərk etdiyi o gündən bəri,
Çeşməyə çevrilib bu iki gözüm.

***

Gül üzlü yarımın sərgəştəsiyəm,
Al yanaq, gül dodaq divanəsiyəm.
Ülvi məhəbbətim dönübdü şama,
Cavabsız sevgimin pərvanəsiyəm.

***

Divaneyi-eşqǝm, ey nazlı dilbər,
Məni Məcnun edib səndəki gözlər.
Sevda şərabını gözündən içib,
Düşmüşəm çöllərə şamu ta səhər.

***

Adam var yaşayır dəmlər içində.
Adam var yaşayır qəmlər içində.
Taledən nədənsə pay bölünəndə,
Mənə də yer düşüb kəmlər içində.

***

Gedir cavanlığım, çəkilib gedir.
Bağımdan bəhərim tökülüb gedir.
İllərlə qurduğum ömür sarayım,
Ay Allah, necə də sökülüb gedir...

***

Qaranlıq gecədə sərxoş idim mən,
Mey dolu piyalə düşdü əlimdən.
Od vurub kül etdi sevən qəlbimi,
Bir kəlmə acı söz canan dilindən.

***

Adam var yaşayır dəmlər içində.
Adam var yaşayır qəmlər içində.
Taledən nədənsə pay bölünəndə,
Mənə də yer düşüb kəmlər içində.

***

Gedir cavanlığım, çəkilib gedir.
Bağımdan bəhərim tökülüb gedir.
İllərlə qurduğum ömür sarayım,
Ay Allah, necə də sökülüb gedir...

***

Qaranlıq gecədə sərxoş idim mən,
Mey dolu piyalə düşdü əlimdən.
Od vurub kül etdi sevən qəlbimi,
Bir kəlmə acı söz canan dilindən.

***

Zalım fələk yaman durub qəsdima,
Hər tərəfdən tənə yağır üstümə.
Mən fələyə neynəmişəm, bilmirəm,
Qara yaxır taleyimə bəxtimə.

***

Sənli günlər xəyalıma tuş gəlir,
Elə o an gözlərimdən yaş gəlir.
Söylədiyim giley deyil, əzizim,
Səndən gələn dərd də mənə xoş gəlir.

***

Ömrümü kədərlə gəldim bu yaşa,
Diləyim, muradım çalındı daşa.
Bu fani dünyadan elə usandım,
Zəhri şərbət kimi çəkərdim başa.

***

Gərdişi-zəmanə çox ərzəl qalıb,
Nitqi ədalətin müqəffəl qalıb.
Adəm oğlu törətdiyi fitnǝyǝ,
Şeytanın özü də məəttəl qalıb.

***

Könlüm qəm yatağı, bax, nələr yatır,
Hər kəlmə sözümdə qəm-kədər yatır
Öləndə yazarsız məzarım üstə
Burda söz sərrafi, xiridar yatır.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: