"Məni dünyamda gəzin" (Xalidə Nuray)

"Məni dünyamda gəzin" (Xalidə Nuray) Azərbaycan Yazıçılar Birliyi, habelə, Türkmen Edebiyyatçı və Yazarlar Birliyinin üzvü, medal və mükafatlar müəllifi Xalidə Nuray “Xəyallarımın göz yaşı” (2018), “Ruhum sızlayır” (2019) və “Vərəqlərin günahı” (2021) adlı kitabların müəllifidir.

“Vərəqlərin günahı” (Bakı, “Gənclik”, 2021, 204 səh.) kitabı “Vətən harayı”, “Atalı-analı dünyam”, “Sevgi dünyam”, “Məni dünyamda gəzin” “İthaf şeirləri” bölmələrindən ibarətdir. “Vətənlə mən arasında” adlı ön sözün müəllifi akademik İ.Həbibbəylidir. Müəllif məqalədə Xalidə Nurayın poeziyasının mövzu, ideya-məzmun və üslub xüsusiyyətlərindən geniş bəhs edib. İ.Həbibbəyli yazır: ”Şairənin təzadlı dünya, həyatın qəribəlikləri, fərqli insan simaları, təbiət hadisələri, mənəvi dəyərlər haqqındakı düşüncələri pak və bütöv bir əqidəyə malik kamil bir insan qəlbinin poeziyasıdır”.


Doğulur içimdə körpə şeirlər,
Zərif duyğuların pıçıltısında.
Sönür zərrə-zərrə dərdi sözümün,
Yanar vərəqlərin xışıltısında.

“Vərəqlərin günahı” kitabının “Vətən harayı” bölməsinə “Ana dilim”, “Azərbaycan”, “Türkoğlu”, “Şəhid Xocalım”, “Vətən məni səsləyir”, “Azərbaycan – ayrılan can”, “Təbrizim”, “Aprel şəhidləri”, “Naxçıvanım”, “20 Yanvar şəhidləri”, “Zəfər yazdın şəhidim”, “Şəhid anası”, “Ana yurdum”, “Vətən oğulları”, “Qarabağım”, “Xocalı soyqırımı”, “Oğul gərək”, “Qalibiyyət günəşi”, “Azərbaycan əsgəri”, “Turan yürüşü”, “Şərur elimiz”, “Şəhidlik adı” və “Gözü yaşlı xoşbəxtlik” adlı lirik-epik poema daxil edilib. Bu bölmə kitabda geniş yer tutub. Müəllif lirik “mən”i ilə azərbaycançılığı, türkçülüyü və turançılığı təbliğ edib. Bu mənada bu şeirlər bilavasitə “lirik mən”in özünüifadəsi deyil. Bu şeirlərin coğrafiyası, Azərbaycan, Türk və Turan məmləkətləri boyuncadır. “Vətən harayı” bölməsi “Azərbaycan bayrağı” şeiri ilə açılır.

Qızıl şəfəqlərinlə oyat Turan elimi,
Bir oxunsun himnimiz, qoruyaq Türk dilini,
Səninlə bir qaldıraq Tanrıya haqq əlini,
Dağılmış ocaqlarda alışdıraq çırağı,
Azərbaycan bayrağı.

Şeirlərin mövzusu və ideya-məzmundan görünür ki, burada konkret bədii tarix, coğrafiya, etnoqrafiya və mənəvi-estetik bütövlük ehtiva olunub. Bədii mətnlərdə tarixi və çağdaş yaddaşın poetikliyi birikib. Mental təfəkkür, əxlaq yaddaşı şeirlərin ideya-məzmuna hopub. Torpaq bölünməzliyi, Vətən istiqlalı və birliyi şeirlərin milli idealı kimi qavranılıb. Həmin milli ideal ətrafında vətənpərvərlik, qəhrəmanlıq, milli ruh və şüur yaddaşı ehtiva olunub. Bu şeirlərin obrazları sırasında Azərbaycan – Vətən, yurd sevgisi (şeir vermə), onun qoruyucusu olan oğullar, qəhrəmanlar, igidlər dayanıb. “Xalidə Nurayın Vətənə olan sevgisi, Vətən haqqında düşüncələri şeirlərinin ana xəttindən qırmızı işıqla keçir. Bu, onun Vətən sevdası ilə bir yerdə, həm də Vətənə şairanə münasibətin ifadəsidir.” Bu şeirlərdə həm qazi, həm də şəhid yaddaşı uyuyur. Milli idealın gerçək faktı, onun qida mənbəyi ana dilidir, Azərbaycan özəlliyi, Turan-türk özümlüyüdür:”Şairin ana dilimizə olan sevgisi bu müqəddəsliyin tarixi köklərinə səyahət, daş yaddaşımızı misra-misra səhifələmək, vətən yaddaşını təzələmək kimi missiyası gələcək nəslə çatdırmaqla şair etibarını, vətəndaş sədaqətini nümayiş etdirir”.

Qüdrətli Türk soyumuzun,
Daş yaddaşı,
Tarixləri silkələyən nərəsidi.
Xətaidən tarixlərə miras qalan,
Qəhrəmanlıq salnaməsi,
Xəlil Rza harayından
Qopub gələn hür səsidi...
Haqsızlığı, cəhaləti daşa basan,
Mirzə Cəlil dühasının
Fəth olunmaz zirvəsidi
Ana dilim!
(“Ana dilim”)

Şəhidlik mövzusu Qarabağ döyüşlərinin bədii fonunda geniş yer tutub. Bu şəhidlik yalnız oğul, əsgər şəhidliyi deyil, (20 Yanvar, Aprel şəhidləri), bu şəhidlik həm də müxtəlif vaxtın, zamanın boy verdiyi torpaq, yurd, ev-eşik, məzar şəhidliyidir. Bu şəhidlik poetik mətnlərdə həm tarixin gələnəkliyi, həm də çağdaşlığımızın gerçəkləri kimi təzahür edib.Bu şəhidlik şəhid Xocalı, Şuşasız qalmış vətəndir (“Şəhid Xocalım”, “Şuşasız vətənim”...).
“Aprel şəhidləri” şeiri kövrək tərənnüm şeiridir:
Dağlar əksinizi köksünə çəkdi,
Torpağa qarışdı axan qanınız.
Çiçəklər su içdi göz yaşınızdan,
Cənnətə qovuşdu şəhid canınız.
(“Aprel şəhidləri”)
“Şəhid Xocalım” – nəqletmə təhkiyəsində olub hüzn və inam şeiridir.

O gecə həyatın nəfəsi ağır,
O gecə sinəsi qan ağlayırdı.
Kimi körpəsini, kimi ərini
Dəlisov baxışla haraylayırdı.
(“Şəhid Xocalım”)

Şairə 20 Yanvar şəhidlərinə də şeir həsr edib. “20 Yanvar şəhidləri” 8-lik təhkiyəsində (bölgü-ahəngində), nəqletmə intonasiyasındadır:
Müstəqillik təməlini,
Yurdumuza ələdilər.
Öz şəhidlik adlarıyla,
Sabaha nur çilədilər.
(“20 Yanvar şəhidləri”)

“Şəhid anası” şeirində şairə ölməzlərin anasını lirik təsvir və müdaxiləli münasibət, təsdiq və etiraf pafosunda təhkiyə edib:

Baxıram anaya, qəlbim oyulur,
Söz tapa bilmirəm təsəlli üçün.
Onun dərd dünyası dünyamı oyur,
Məni dara çəkir söz için-için
(“Şəhid anası”)

“Şəhidlik adı” şeirini fəxriyyə və ya Y.Qarayev təfsiriylə oda da adlandırmaq olar.
Ey vətənə qurban gedən şəhidlər,
Əbədi ürəkdə, baxışlardasız.
Bu zirvəyə qalxan, bir daha enməz,
Şəhidlik adıyla yaddaşlardasız.
(“Şəhidlik adı”)

Akademik İsa Həbibbəyli yazır ki, “ Xalidə Nurayın şeirlərinin şah damarı olan Vətən mövzusu vətəndaşlıq duyğusunun və şairanə baxışların bənzərsiz şəkildə mənalanması deməkdir. Onun “Azərbaycan” şeirində ana yurdunu “müqəddəslik məbədinin qibləgahı, zirvəsi”, “dinən həqiqət səsi” kimi mənalandıraraq niyyətini ortaya qoyur. Bundan başqa “Səni sevənlərin özü vətən” misraları vətən məsələsinə münasibətin dərinliyini əks etdirir.”

Xalidə Nuray Azərbaycan–Vətən mövzusuna xeyli şeir həsr edib: “Azərbaycan”, “Sən gərəksən Azərbaycan”, “Azərbaycan – ayrılan can”, “Şuşasız vətənim”, “Ana yurdum” və başqaları. Bu şeirlərdə bədbinlik və nikbinlik, ruh və sevgi, arzu və kədər, duyğu, qavrayış, təsəvvür, hətta, mühakimə və əqli nəticə, əxlaq və mənəviyyat notları, etik-fəlsəfi məqamlar az deyil. Ümumilikdə, konkret predmetlər poetikləşdirilib. Təbii ki, bu şeirlərdə bütöv Vətən anlayışının bədii etizazları güclüdür. Müəllif bu bütövlüyə, konkret məkan qavrayışında da yanaşıb– konkretlikdə həm də bütövlüyü, ümumiliyi ehtiva edib. Azərbaycan obrazı bir də “bədən” qavrayışındadır:
Bu bədənin əzaları parçalanıb, paralanıb.
Vuran qəlbin bu həsrətdən,
Sağalmayan yara alıb.
Bu yaralar ayaq altda,
İnildəyən Qarabağım,
Doğma dilə həsrət qalan Təbrizimdi.
Xanlığından, öz dinindən qoparılan
İrəvanım...
Soykökündən ayrı düşən
Zəngəzurum, Dərbəndimdi.
Bu yaranı sağaltmağa,
Sən gərəksən!
Azərbaycan!
(“Sən gərəksən Azərbaycan”)

Xalidə Nurayın bədii obrazları: türk, boz qurd, bayraq, torpaq, yurd obrazlarıdır. Hər bir təsvir və ifadə vasitəsi isə xüsusi bədii obrazlardır. Şairənin İnsan obrazları isə – lirik “mən”i keçmişlə, bu günlə və gələcəklə, onların romantikası, xəyal və təxəyyülü ilə bağlıdır.
Şeirlərdəki İnsan obrazı həm qaziliyi, həm də şəhidliyi ilədir: Bu insan tarixilik və gələnəkliyin, müasirliyin və çağdaşlığın təcəssümüdür: Tarixiliyinə aid: “Türkoğlu” şeirindən:
30 ildir Qarabağ ayaq altda inləyir,
Qəlbi səngər yurdumuz haray, imdad diləyir,
Şəhid qanlı torpaqlar səndən qisas gözləyir,
İldırım tək yağının başına çax, Türkoğlu.
(“Türkoğlu”)

Möhürlənmiş keçmişinlə
Tarixlərdə Səfəvilər,
Cavanşirlərin yurdusan.
Azərbaycan torpağının sərkərdəsi,
Cavad xanın davamçısı,
Ər oğlusan.
(“Ey türkoğlu”)
Çağdaşlığına aid: “Vətən oğulları”, “Oğul gərək” şeirləri Şuşa qalasının əzəmətini, ulu babaların daş yaddaşını, yenməyən el qeyrətini, özünə qaytarılan Cıdır düzünü ifadə edir:
Qələbə marşının səsini yayın,
Yansın Qarabağda gur ocağımız!
Şuşada, Laçında, Kəlbəcərimdə
Ucalsın göylərə al bayrağımız!
(“Vətən oğulları”)

Bu insan surəti həm də əsgərdir: sərhəd, bayraq və dövlətdir (“Azərbaycan bayrağı”, “Azərbaycan əsgəri”, “Vətən məni səsləyir”, “Səni sevənlərin özü vətən”). “Azərbaycan əsgəri” şeirindən:
Dədə-baba yurdunu,
Soy-kökünü qorudu.
Bir ölüb, min dirildi,
Yağıya gözdağ oldu.
Qürur yeri səngəri,
Azərbaycan əsgəri!

Allahu-Əkbərilə,
Haqq səsinə güvəndi.
Ulu türk nərəsilə,
Hər an düşməni yendi.
Güvən oldu hünəri,
Azərbaycan əsgəri!
(“Azərbaycan əsgəri”)

Bu Vətən obrazının ifadəsi ümumi olduğu qədər konkretdir, konkret məkan faktlarıdır (“Təbrizim”, “Buralar Laçına bənzəmir”, “Naxçıvanım”, “Kəndimiz”, “Ana yurdum”, “Qarabağım”, “Şərur elimiz”).
Təbriz qədimliyimizin beşiyi, tarixin qan və daş yaddaşıdır:

Haqqı, həqiqəti qəmə büküldü,
Azadlıq yolunda qanı töküldü,
Neçə mərd oğullar dara çəkildi,
Fəryadın göyləri aldı Təbrizim.
(“Təbrizim”)

Laçın əzəmət və qürur ucalığı, zirvəyə gedilən yolları aşmaq hünəri, üfüqləri, sərhədləri birləşdirmək diləyi, keçmişə qayıdış təşnəsi, xəyal və ülviyyətdir:
Susub Xan əminin qəm şikəstəsi,
Dinmir Üzeyirin “Cəngi” bəstəsi.
“Məhəbbət olmuşdu Laçın xəstəsi”,
Səsində açardı xarıbülbülüm,
Buralar Laçına bənzəmir, oğlum.
(“Buralar Laçına bənzəmir”)

Naxçıvan qeyrətimizin qalası, bölünməzliyin, alınmazlığın rəmzi, Batabatın havası, məbəd yerimiz Əshabi-Kəhf, haqqın sədası Mirzə Cəlil, Cavidin həsrət sözü, Məmməd Araz nidası, Mömünə-Xatun türbəsi, Nuh peyğəmbər ocağıdır:
Mömünə Xatun türbəsi,
Hüsnünə bir yaraşıqdı.
Qürbətdə Təbriz elinə
Şərqdən boylanan işıqdı.
“Naxçıvanım”

Şərur Heydərbabaya boylanan Ağrıdağdır, el-obaya səs salan yallı, təbiətin gözəllik gəlini, qanla göyərdilən tarix daşıdır:

Qanla göyəribdi tarix daşında,
Ərənlər sınanıb ər savaşında,
İz qoyub vətənçün hər qarışında,
Eldə dastan olub Şərur elimiz. (s.62)
(“Şərur elimiz”)

“Xalidə Nurayın Qarabağda qazanılan tarixi zəfəri bütün fəlsəfəsi ilə, dərindən, əsaslı şəkildə dərk etməsinə və orijinal bədii vasitələrlə şərh etməsinə imkan yaradır. Buna görədir ki, qələbə mövzusunda yazdığı şeirlər dərkolunmuş bir gerçəkliyin poetik ifadəsi kimi mənalanır”.Şairəyə görə, Qarabağ viran qalan ocaqlarda şəhidləri gəzən, həsrəti bitən ruhdur, yurdda qalan bircə ovuc torpaqdır:

Bitərmi bu həsrət, fəraq?!
Yurdumuzda tapaq qərar.
Qarabağa qovuşmağı
Allahım, eylə bərqərar!
(“Qarabağım”)

Şairə Azərbaycanın qalibiyyət günəşinə–Şanlı Zəfər gününə də xüsusi şeir həsr edib. 27 oktyabr 2020-ci il tarixli şeir. 14-lükdür. Alqış şeiridir.

Qoy dünya şahid olsun bu tarixi savaşa,
Bu tarixi savaşı
Ali Baş Komandanım zəfərlə vursun başa!
Fəth eyləyək zirvəni Ulu türkümlə qoşa,
Qarabağım bürünsün qələbə yağışına!
(“Qalibiyyət günəşi”)

Şairə Azərbaycan bütövlüyündən türkün coğrafiyasına, onun mənəviyyatına poetik səfər edib. “Türk oğlu” şeirindən:

Zəfər qoxusu gəlir türkün ayaq səsindən,
Qeyrət, hünər boylanır türkün hər kəlməsindən.
Bir millət, iki dövlət hayqıran nəfəsinlə
Vətəndə sədd çəkəni yandırıb-yax, Türkoğlu!

“Turan yürüşü” şeiri həm tarixi, həm çağdaşlığıyla birlikdədir. Ənənədən– Ə.Cavad, C.Cabbarlı, A.İldırımdan gələndir.
Alparslantək bozqurdların baş-başa,
Arxa oldu sən tək böyük qardaşa,
Yüz il azdır, əsrlərlə min yaşa,
Turan yürüşündə, İlham–Ərdoğan.
(“Turan yürüşü”)

“Gözü yaşlı xoşbəxtlik” şeiri lirik-epik poema qismindədir. Qələbə–Zəfər şərəfinə yazılıb.”Poemada torpaqlarımızın namərdcəsinə işğal edildikdən sonra otuz il ərzində dağıdılmasından, məşəqqətlərlə dolu olan qaçqın-köçkünlük həyatından, ən təsirlisi isə altı yaşlı uşağın qanlı müharibə təəssüratlarından bəhs edilməsi yaddaqalan epik təsvirlər vasitəsi ilə canlandırılır. Altı yaşlı uşaq artıq 36 yaşlı döyüşkən igiddir. Yalnız divarları qalmış evlərinə baxaraq 6 yaşında ikən gözünün önündə bu həyətdə ermənilərin atasını, bacı və qardaşının necə öldürülməsi səhnəsini acı hisslərlə xatırlayır”.Əsər lirik “mən”in – I şəxsin təkinə müraciət formasındadır. Nəqletmə, həmcins, sadalama intonasiyalı, təsvir-təsdiq pafoslu mətn təhkiyəsindədir.
Qardaşın fiziki məhrumiyyətləri, yaralı atanın çinardan asılması, ananın dizin-dizin sürünməsi, itkin düşən oğlunu araması, 3 yaşlı bacının al-qana bürünməsi, kəndin od içində yanması, haray, imdad səsləri– hər şey lirik “mən”in bədii yaddaşından keçib mətn müəyyənliyi alıb:
Poemada Zəfərin göz yaşlarının gətirdiyi xoşbəxtlik təhkiyə edilib:

Son ağrımı, acımı...
Yenidən qanad açıb
Bir anlıq böyüyürəm.
Göz yaşlarım içində
Mən özümü öyürəm...
Vətən qoxusu gələn
bir ovuc torpağını
Öpüb qucaqlayıram.
Sevinərək qışqırıb
Mən xoşbəxtəm, – deyirəm. (s.69)

Xalidə Nuray kitabın bir bölümündə “Atalı-analı” dünyasını poetikləşdirib, “Anaya sevgi”, “Anamla üz-üzə”, “Ana dəyəri”, “Atama”, “Ata ocağım” kimi şeirlərində ailə-nəsil yaddaşı, ata-ana və övlad məhəbbəti, yurdla, ocaqla, ailə-məişətlə, təbiətlə təmaslı münasibəti – lirik təsvir təhkiyəsində ifadə edib.
“Sevgi dünyası”na da xüsusi bölmə ayırıb, bu mövzuda çoxlu şeirlər yazıb “(“Sevdalı gözlər”, “Yaşadıq eşqimizi”, “Sevdim”, “Sənli xatirələr”, “Axtaracaqsan”, “Xəyallarımın göz yaşı”, “Məsum sevdiyim” və s.). Bu şeirlərdə duyğular kövrəkdir, istidir, səmimidir.
“Məni dünyamda gəzin” bölümündəki şeirlər lirik “mən”in ovqatı, poetik halı, ehtirasları ilə bağlıdır, torpağa, vətənə, yurda, təbiətə, lirik “sən”ə, “o”na, “biz”ə, “onlar”a aid olan subyektlə təmasların poetik mətnləridir (“Təzadlar”, “Ömrün yolları”, “Söz şairin fəryadıdır”, “Vərəqlərin günahı”, “Nəfs”, “İntizar nəğməsi”, “Dünya, haqdan qaçma belə”, “Yetim uşaqlar”, “Özüntək yaşa”, “Sənə acıyıram, riyakar insan”, “Yad baxışlar”, “Qocalar”, “Xəyallarımın göz yaşı”, “İlahi gözəlliklər”, “Payız qarğışı” və s.).
Kitabın bir bölməsi isə “İthaf şeirləri”dir ki, R.T.Ərdoğan, Habil Əliyev, mələklər və sairə həsr edilib, poetikdir, obrazlıdır.
Xalidə Nurayın əruz vəznli şeirləri yoxdur, şeirlər əksərən hecadadır, 7-lik, 8-lik,11-lik, 14-lük və s.-də. Müəllifin ölçülü sərbəstdə bədii mətnləri azdır. (“Azadlığa çıxan məhbus” “Qarabağım”, “Sən gərəksən Azərbaycan”, “Azərbaycan – ayrılan can”, “Ana yurdum”, “Oğul gərək”, “Ata ocağım”, “Ana dilim”, “Azərbaycan” şeirləri və s.).

Xalidə Nuray heca şeirimizin müstəzad, mürəbbe, qoşma və müxəmməs formalarından istifadə edir. Şeirlərinin intonasiyası: əsasən çağırış, əmr, nida, qismən nəqletmə intonasiyalı şeirlərdir, emfatik və məntiqi vurğularladır. Qafiyə-bənd quruluşu əsasən a-a-a-b şəkilli dördlüklərdir, qafiyələri əsasən çarpaz, bəzən isə yarınçarpaz olur.
Müəllifin mətn təhkiyəsi: lirik-psixoloji, poetik-pafoslu, təsvir-obrazlıdır. Bu təhkiyədə arzu, istək, qürur, inam, dözüm, qətiyyət və mübarizə ahəngi vardır:

Vətənini qorumağa –
Mübariz tək məğrur, qorxmaz,
Şah damardan qanla qoşa qeyrət axan,
Tapdaq Vətən torpağında,
Məskən salan yağıları
Şimşək kimi alov saçan,
İldırım tək parçalayan,
Oğul gərək!
(“Oğul gərək”)
"Məni dünyamda gəzin" (Xalidə Nuray)
Hesab edirəm ki, Xalidə Nurayın “Vərəqlərin günahı” adlı şeir kitabı müəllifin və poeziyamızın uğuru hesab edilməlidir. Ona can sağlığı və yeni yaradıcılıq sevincləri arzulayırıq.

Əlizadə Əsgərli
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
baş direktorunun müşaviri, filologiya elmləri doktoru

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: