FƏRHAD QOŞQARLI (1950)

FƏRHAD QOŞQARLI (1950) Fərhad Qoşqarlı (Fərhad Novruz oğlu Alıyev)
- 5 mart 1950-ci ildə Daşkəsən rayonunun Alaxançallı kəndində anadan olub.

O, ixtisasca geoloq olsa da, gənc yaşlarından ədəbi yaradıcılıqla məşğul olur və xalq poeziyasından qaynaqlanan zərif ruhlu şeirlər yazır.
Şair-geoloq Fərhad Qoşqarlının şeirləri televiziya və radioda səsləndirilib, bir neçə ədəbi məcmuədə, o cümlədən, “Zirvə” poeziya antologiyasında və müxtəlif mətbuat orqanlarında çap olunub.

“Qoşqar nəğmələri” və “Tamahı tələyə salan dünya” adlı kitabları işıq üzü görüb.

Biz də Fərhad Qoşqarlıya yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Günel ZEYNƏB,
ZiM.Az-ın Daşkəsən bölgəsi üzrə xüsusi müxbiri



DAŞKƏSƏN

Buludlar qoynunda məskən salıbsan,
Qənşərin Qoşqarın qarlı qışıdı.
Hər qarış torpağın, daşın dəmirdi,
Qoca Pirsultanın mərmər daşıdı.

Loğman Turşsuyundan ellər halıdı,
Qırxbulağın Qabaqtəpə balıdı.
Yaylaqların tər çiçəkli xalıdı,
Xoşbulağın ulu babam yaşıdı.

Səbətkeçməz bərə, Gülür qaladı,
Qoynunda nənələr vələs qaladı.
Yadellilər Qaşqaçayı taladı,
Sərvətini torba-torba daşıdı.

Zirvələrin qışdı, ətəyin yazdı,
Tale sənə qonşu qartalı yazdı.
Sinən üstə min il yaşamaq azdı,
Fərhad səndə bircə ömür yaşadı.


DAŞKƏSƏNDƏDİR

Qoşqarın vüqarı, qartalın qıyı,
Kəkliklər oylağı Daşkəsəndədir.
Yayda bulaqları dişi göynədir,
Narzanın qaynağı Daşkəsəndədir.

Zirvələrdən qopub yuvarlanan tar,
Ətəkdə sellərin qoynunda çağlar.
Ələsgər söz qoşan ən yüksək dağlar,
Gözəllər oylağı Daşkəsəndədir.

Cüyür səksəkəli çıxar qənşərə,
Seyr edər ətrafı, hürkər min kərə.
Sıldırım qayalar, gözəl mənzərə
Xoşbulaq yaylağı Daşkəsəndədir.

Fərhadam, dağlara könül vermişəm,
Hər çəmən döşündən çiçək dərmişəm.
Həyatı firavan, xoşbəxt görmüşəm,
Ömrümün şən çağı Daşkəsəndədir.


KƏNDİM

Qoşqarın qoynuna sığınan kəndim,
Mərd çıxıb zamanın sınaqlarından.
Zümrüd meşələrdə arı bal alır,
Cökə çiçəyinin dodaqlarından.

Bir yanı təpədi, bir yanı tapdı,
Turşsuyundan içən şəfalar tapdı.
Qayaları oxunmamış kitabdı,
Ayrılmaq olmayır yaylaqlarından.

Yaranışı min gecəlik nağıldı,
Arxacları qantəpərli ağıldı.
Eləki Bozdağdan duman dağıldı,
Qan damır qartalın caynaqlarından.

Fərhadam, burdadı babamın yurdu,
Hər bir obasında bir dəyə qurdu.
Tütəyin səsi əskik olmurdu,
Bu doğma kəndimin oylaqlarından.


DAĞLAR

I


Sevinirəm sinənizə,
Yenə düşdü yolum, dağlar.
Ürəyimin fəxrisiniz,
Sizə qurban olum, dağlar.

Başınıza düşən qardan,
Meşələrdən, bulaqlardan,
Hərdən ayrı düşən zaman,
Tez pozulur halım, dağlar.

O görünən qayalarmı,
Sağı-solu talalarmı?
Cığır olub qollarımı,
Boynunuza salım, dağlar.

Fərhad sizdə boya çatıb,
Düzənlərdə at da çapıb.
Sellər kimi, sizdən qopub,
Ümmanlara dolum, dağlar.


DAGLAR

II


Bir gözəl dağlara yar deyib getdi,
El gələndə onu aradı dağlar.
İgidlər qoynunda yardan kam aldı,
Nə yardan, nə qardan yarıdı dağlar.

Qartal şığıdı ki, zirvə görünə,
Cığırlar dolaşdı biri-birinə.
Yazın ortasında qurşaq yerinə,
Dumanı belinə sarıdı dağlar.

Fərhad, zamanla daşa döndülər,
Nə danışdılar, nə də dindilər.
Hərəsi bir tarix, bir vətəndilər,
Heyif ki, qocaldı qarıdı dağlar.


BƏSİMDİR

Neynirəm şöhrəti-şanı dünyada,
Bu dağlardan səsim gəlsə bəsimdir.
Elimin, obamın aşıq oğlu,
Bir neçə qoşmamı bilsə bəsimdir.

Könlümün həmdəmi bu dağ, bu dərə,
Burdan boylanıram hərdən göylərə.
Məni istəyən dost ildə bir kərə,
Halımı sormağa gəlsə bəsimdir.

Keçirdi süzgəcdən əbədi zaman,
Qəzəlxan olmadı hər qəzəl yazan.
Yolumun üstündə dayanan cavan,
Məni sayıb salam versə bəsimdir.

Daha altmışı haqlayıb yaşım,
Bu taydan o taya çatmayır daşım.
Mənə həmdəm olan həyat yoldaşım,
Üzümə xoş baxıb, gülsə bəsimdir.

Fərhadam gəzməyə qalmayıb həvəs,
Yoxuşlu yollarda kəsilir nəfəs.
Məzarım yanından ötəndə hər kəs,
Şair, sənə rəhmət desə bəsimdir.


GÖRDÜM

Şəfa dərmanını axtaran zaman,
Dağın çiçəyində, otunda gördüm.
Zirvədən qoparaq yamacda qalan,
Bir daşın dərdini çatında gördüm.

Aldanıb varına hərdən dünyanın,
Tamah arxasınca qaçır yalanın.
Yerdə əzablara düçar olanın,
Ahını göylərin qatında gördüm.

Fərhad, həyatda çox çəkdin cəfanı,
Nəyə nail oldun, qazancın hanı?
Dosta sədaqəti, bir də vəfanı,
Qoç Koroğlunun Qıratında gördüm.


NƏSİHƏT

(Oğluma)


Həyatın yolları başqa-başqadır,
Oğul, çalış Haqqa gedən yolu seç.
Yalançılıq səni hörmətdən salar,
And içəsi olsan, doğruya and iç!

Sadə ol, sadələr ucalıq tapıb,
Yekəlik edənlər əzablar dadıb.
İlana da dəymə, Tanrı yaradıb,
Yanından keçəndə ehtiyatlı keç!

Ağsaqqal kəlamı cavana yardır,
Səbri olmayanın ağlı da dardır,
Hirslənmə, ürəyə ziyanı vardır,
Içində çatlayar qızanda kərpic.

Körpülər tikənlər, qala quranlar,
Tarix yaddaşında yaşayır onlar.
Hanı o zülmkarlar, ara vuranlar?
Izləri dünyada gör qalıbmı heç?

Yamanı seçməzsən qapalı gözlə,
Əlini yandırar, oynama közlə,
Heç zaman tələsmə, vaxtını gözlə,
Otu çəyirtkə səs eləyəndə biç!

Eşit sözlərini atan Fərhadın,
Namaz qıl, yerinə yetər muradın,
Sərxoşluq eləmə, sınar qanadın,
Dişləri göynədən saf sulardan iç!


OLA

Köksündə ürəyin qan ağlayanda,
Dərdini anlayan sirdaşın ola.
Səni üstün tuta dünya varından,
Sədaqətli həyat yoldaşın ola.

Şamama boy verər tağ olan zaman,
Qədrini bilələr sağ olan zaman,
Övladın üzünə ağ olan zaman,
Başına salmağa sal daşın ola.

Su ləl tək saf olar süzülsə daşdan,
Vəfalı dost çıxar yaxşı yoldaşdan.
Sənə qardaş olmaz tutma qardaşdan,
Özünün doğmaca qardaşın ola,

Fərhad, bir gün baş götürüb qaçasan,
Bir qartal olasan qanad açasan,
Kefin istədiyi kimi uçasan,
Daşlarda öz əlin, öz başın ola.


KİMDİR GÜNAHKAR

Deyə bilməyirsən kimdir günahkar,
Niyə əlin əllərindən üzülüb?
Şerlərim - sənsizliyin ahıdır,
Qatar - qatar misralara düzülüb.

Oylaqlarım Daşkəsənin dağıdır,
Yaylaqları kədərimi dağıdır.
Sinəmdəki həsrətimin dağıdır,
Gözlərimdən damcı- damcı süzülüb.

Fərhad, aralıqda yaxşı - yaman var,
Bizim kimi, alışan var, yanan var.
Ay vəfasız, dönməyinə güman var,
Həsrət gözüm yollarına dikilib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: