LEYLA VƏKİLQIZInın YUNİS QARAXANOVla DEYİŞMƏSİ

LEYLA VƏKİLQIZInın YUNİS QARAXANOVla DEYİŞMƏSİOXUYACAQ

(Deyişmə)


LEYLA VƏKİLQIZI:
Ay şair, yazdığın bu misraları,
Mizrab sığal çəkib, sim oxuyacaq.
Qabaqda imtahan gözləyir səni,
Bəs sənin dərsini kim oxuyacaq?

YUNİS QARAXANOV:
Yazdığım misralar el dərdlidirsə,
Dərdi sinəsində el oxuyacaq.
Bu dünya imtahan olsa, nə yazar,
Ürək qərar verib, dil oxuyacaq.

LEYLA VƏKİLQIZI:
Dünya çarx üstündə dərddir, azardır,
Hamı yol yolçusu bir boş məzardır.
Şairlər dünyada güclü yazardır,
Məhəbbət bəsləyib, kin oxuyacaq.

YUNİS QARAXANOV:
Demə ki, bu dünya dərddir, azardır,
Əlindən tüm-bəşər, vallah, bezardır,
Zənn elə bu dünya özü yazardır,
Yazdığın bu bəşər, bil, oxuyacaq.

LEYLA VƏKİLQIZI:
Köksündə boğacaq qəm harayını,
Qovacaq qəlbindən dərd alayını,
Yuxuda gördüyün Xan sarayını,
Yazacaq, yozacaq, çin oxuyacaq.

YUNİS QARAXANOV:
Hər yuxu çin olmaz, yuxu tək qalar,
Çox yuxu yuxu yox, qorxu tək qalar,
Qiyamət günündə ruhu tək qalar,
Günah dillənəcək, "öl" oxuyacaq.

LEYLA VƏKİLQIZI:
Eloğlu, bu qədər inad eyləmə,
Bilməmiş tək durub, sözü söyləmə.
Düz yazıram, gəl məni pərt eyləmə,
Dünən yaşadığın gün oxuyacaq.

YUNİS QARAXANOV:
Elqızı, mən səni pərt eyləmirəm,
Kimsəylə işim yox, sərt eyləmirəm,
Bu gün əməlimi dərd eyləmirəm,
Hesab zamanında, "gəl", oxuyacaq.

LEYLA VƏKİLQIZI:
Dilimdə Allahdır, yönüm qibləyə,
Özü bir yol açsın, gedim Kəbəyə.
Çatmışam əməlnən uca zirvəyə,
Kəlmeyi-şəhadət, din oxuyacaq.

YUNİS QARAXANOV:
Dinimiz Allahdır, qibləmiz Kəbə,
Müsəlman Quranla fəth edər zirvə.
Yunis də bir zaman eyləyər tövbə,
Çün haqqın önündə "lal" oxuyacaq.

LEYLA VƏKİLQIZI:
Eloğlu, bağlayaq burda söhbəti,
Şair qız itirmir bil ki, hörməti,
Onun qeyrətidir, onun şöhrəti,
Səni bir, onusa min oxuyacaq.

27.02.2020.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: