ELMAYA CABBAROVA (1954)

ELMAYA CABBAROVA (1954) Elmaya Cabbarova - 12 sentyabr 1954-cü ildə Qazax rayo­nunun
I Şıx­lı kəndində da anadan olub.
Neft və Kimya institutunun Kimya-texno­lo­giya fa­kül­təsini bitirib.
Kimyaçı mü­həndis texnoloqdur.
Mühəndis kimi bir çox elmi layihələrin müəlli­fidir.
Səmərəli və işgüzar fəaliy­yətinə görə fəxri fərmanlarla və "QA­LİB" me­da­lı ilə təltif olunmuşdur.
BMT-nin müstəqil eksper­ti­dir. Ha­zırda Sumqayıt şəhərində yaşayır.
Elmaya xanımın atası Alı Abdu oğlu şair olduğu üçün ge­ne­tik ola­raq özü də fəlsəfi fikirlər, şeirlər yazır. Şeirləri “Şərqin səsi”, “Ziya”, “Həkəri”, “Elm və təhsil” qəzet­lərində, “zim.az”, “zirve.info” saytlarında, “Turan”, “Canım Azər­bay­canım”, “Qa­rabağ Azər­bay­candır!”, “Vətən”, “Zirvə”, “Zə­fər”, “Buta” ədəbi məcmuələrində və beynəlxalq "İpək yolu" la­yihəsinin "Ərəb gecələri" adlı ədəbi antologiyasında, eləcə də, mütə­madi olaraq Tür­kiyədə yayımlanan rəsmi "Kafi­ye.net" web-saytında, "Kafiye dergisi" yurnalında dərc olunur. Eyni zamanda, başqa ölkə şair­lərinin şeirlərindən etdiyi tər­cü­mə­lər Belorusiyada və Almaniyada çıxan tərcümələr toplusu kitablarında nəşr olunub.
Mənəvi aləm yaşam kredosunun bir hissəsidir. Duyğularını şeir­lərdə ifadə edir, müxtəlif saytlarda dərc olunan şeirləri in­san­ların təfəkküründə yenilik yaradır, dünya görüşünün təka­mü­­­lündə yeni bir istiqamət, daha şəffaf saflıq yaradır.
Biz də Elmaya xanımın bir neçə şeirini aşağıda dəyərli oxu­cularımıza təqdim edir və ona yeni-yeni uğurlar ar­zulayırıq!

Məlahət SAHİBQIZI,
AYB-nin və AJB-nin üzvü, “Borçalı” nəşriyyatının redaktoru
ZiM.Az



ELMAYA CABBAROVA (1954) ZƏFƏRİN MÜBARƏK,
AZƏRBAYCANIM!


Sevincimin yoxdur həddi-hüdudu,
Üstümüzdən qovdun qara buludu,
Vardı xalqın gələcəyə umudu,
Ey əziz Vətənim, doğma diyarım,
Zəfərin mübarək, Azərbaycanım!

Bu savaşda hər kəs səfərbər oldu,
Birləşib bir yumruqda, dəmir oldu,
Ali Baş Komandan sərkərdə oldu,
Neçə ölkə, dövlət yanında oldu,
Səs saldı Dünyaya sənin varlığın,

Dəstək durdu qardaşımız Türkiyə,
Pakistan da qalmadı, bir kənarda,
PUAlar qoymadı biz qalaq darda,
İgidlər vuruşdu, döndü növrağın,
Qarış-qarış azad oldu torpağın.

Qırx dörd gün gözümüz yollarda qaldı,
Hər kəsin cəbhədə doğması vardı,
Heç asan olmadı, ürəklər yandı,
Sonda azadlığın məşəli yandı,
Ucaldı zirvəyə şanlı bayrağın.

Şuşa - dünyaya açılan pəncərə,
Heç bir yerdə yoxdur belə mənzərə,
İgidlər yaratdı müthiş vəlvələ,
Bircə-bircə dənlədilər düşməni,
Şuşasına qovuşdu Qarabağın.

Üzü gülür bizim Xarı Bülbülün,
Yetişib zəmidə sarı sünbülün,
Ətri rövnəq verir çiçəyin, gülün,
Sevinir mərd qızın, nər oğulların,
Zəfərin mübarək, Azərbaycanım!
08.11.2021


AZƏRBAYCAN DİLİ

Hər bir xalqın öz dili var dünyada,
Kimsə bilməz nə sehir var bu dildə,
Mən söyləyim öz yurdumun dilindən,
Noğul, nabat, şəkər, bal var bu dildə,

Şirinliyi qatı gəldi, çoxuna,
Acı zəhər sürtdü yaylım oxuna,
Nişan aldı, dəydi öz var – yoxuna,
Sirr var, sehir, əzəmət var bu dildə.

Xiridarlar yaşadı hər sözündə,
Ucaldılar hər bir kəsin gözündə,
Dünya – aləm qoy bilsin Yer üzündə,
Türk milləti danışacaq bu dildə!
19.02.2022.


TÜRKÜN SAFLIĞI

Bizim bəlamızın kökü dərində,
Millətin adının Türk olmasında.
Qorxusundan hiylə qurur düşmənlər,
Bizim hiyləmizin yox olmasından.

Hər kəsi özü tək məğrur biləndir,
Məzlumun gözündən yaşı siləndir,
Halal çörəyini yarı böləndir,
Hər zaman gözünün tox olmasından.

Ərənlər güvənər mərd görkəminə,
Qarşı dura bilməz tamah, nəfsinə,
Yadelli "gözəlin" uyub məkrinə,
Qarışıq soy - kökün çox olmasından.

Unudub keçmişi "dosta" qanandır,
Yağı düşməninə süfrə açandır,
Gedəndə pay qoyub, yola salandır,
Düşmənin gözündə saf olmasından.

Hamıya göstərib qayğı, mərhəmət,
Sevgiylə yanaşıb, edirlər hörmət,
Yadlara bəsləyib təmiz məhəbbət,
Özünə dəyərin az olmasından.
29.05.2022.


SÖZ MÜLKÜNDƏDİ

Yazılan əsərlər, deyilən sözlər,
Ən gözəl məkanda, söz mülkündədi,
Sevinən ürəklər, süzülən gözlər,
Ruhlar məbədində, söz mülkündədi.

Bahalı daş – qaşdır dünyanın malı,
Nazəndə qızların koftası, şalı,
Mirvari sözlərdən toxunan xalı,
Divardan asılıb, söz mülkündədi.

Var söz xəzinəmiz, ali bir nemət,
Qədrini bilənlər, qazanır şöhrət,
Axtardığın dəyər, umduğun qiymət,
Xiridar evində, söz mülkündədi.

Yoxsa küdurətin, safsa niyyətin,
Əyəcək boynunu kor cəhalətin,
Elə bu dünyada haqq-ədalətin,
Mizan tərəzisi, söz mülkündədi.

Nə qədər yazan var, dürr söyləyən var,
Ləli, cəvahiri, söz ustadı var,
Böyüyə, kiçiyə diqqət, qayğı var,
Hörmət də, izzət də söz mülkündədi.
30.03.2022.


ÖMÜR KITABIM

Ey ruh əkizim, ömür kitabım,
Vardır hər vərəqdə gözəl anlarım,
Xəyali də olsa, *Sonsuz roman*ım,
Ay hər il yenidən gələn baharım!

O qədər uzaqsan, həsrət bitməyir,
Harayım çatmayır, ünüm yetməyir,
Nədən taleyimiz üzə gülməyir,
Bəxtimin ulduzu, sevgili yarım!

Gözlərimə məftun olan sevgili,
Gəl baxışlarına qərq eylə məni,
Yoxluğunda qəlbə dolan nisgili,
Varlığınla yox et, son intizarım!

Sevgiyə dünyada qal, həvəsini,
Sevənə qaytaraq ruh, nəfəsini,
Ölməyən sevdanın xəritəsini,
İlk dəfə biz çəkək, əhdim - ilqarım!

Ruhun nəğməsini, qəlbin səsini,
Sevən könüllərin iradəsini,
İlahi sevginin abidəsini,
İkimiz yaradaq, könül memarım!

Yerini dəyişək Günəşin, Ayın,
Səmtini çevirək axar gur çayın,
Hər ağacdan verək meşəyə payın,
Biz qoşa dayanaq, dağ tək vüqarım!

Bir süfrə bəzəyək güllü - çiçəkli,
Cəh - cəhli quşlarla, ağ kəpənəkli,
Sən rəssam xülyalı, sevən ürəkli,
Mən "Şur," "Bəstənigar" ey vəfadarım!
27.06.2022.


ELMAYA CABBAROVA (1954)SONSUZ ROMAN

Kiçik hekayədə yazdım bəxtimi,
Tutdum başım üstdə güllü çətrimi,
Azdırmadım daşlı yolda səmtimi,
Güllü – gülüstanda yolum dumandı.

Yolumuz kəsişdi qaş qaralanda,
Köksündən çıxarmış qəlb vurulanda,
Bir baxışla min bir naxış vuranda,
Mənim ömrüm şeir, nağıl, dastandı.

Könül mizrabını simə çəkdirən,
Uzaqdan uzağa salam göndərən,
Hər anımı cənnət, nura döndərən,
Yarımın əlində tardı, kamandı.

Sevdalı günlərin ömrü az olur,
Könül istəmədən nisgillə dolur,
Yaşıl yarpaq payız fəslində solur,
Yaşanmamış sevgi ömrü xəzandı.

Hələ də gözləyir sahildə bizi,
Divanə sevginin mavi dənizi,
Dalğalar səsləyir hər ikimizi,
Bu sevdanın ömrü sonsuz romandı.
15.10.2021


ANIM GÜNÜ

(44 günlük II Qarabağ müharibəsinin
I illiyinə həsr olunub)


Tarix bezib bunların,
Dilənçi xislətindən,
Hər yerdə bitən, alaq
Qanqal, hay millətindən.

Qırdılar taladılar,
Doymayıb yandırdılar,
Qız gəlini qayadan,
Atdı məlun, alçaqlar.

Əsir alıb igidi,
Sındırmaq istədilər,
Nər oğullar diz çökməz,
Bunu dərk etmədilər.

Dərdi sinəyə çəkib,
Otuz il gözləmişdik,
Böyüdü qaçqın düşən
O balaca körpələr.

Çingizin şüarı var,
Haydı, igidlər haydı!
Vətənimiz dardadı!
Yola çıxdı ərənlər.

Uca tutdu bayrağı,
Ramil göyə ucaltdı,
Mübarizlə, Fəridin,
İgidliyi dastandı.

Polad, İlqar, Namiq və,
Minlərlə Xudayarlar,
Ucaldı şəhidliyin,
Ən yüksək zirvəsinə.

Minlərlə cavan oğlan,
Məhrum oldu əlindən,
Ayağından, gözündən,
Ən məsum arzusundan.

Sevgisi yarım qaldı,
Neçə gəlin dul qaldı,
Üzüyü barmağında,
Gözü yollarda qaldı.

Uşaqlar atasızdır,
Analar gözü yaşlı,
Bunu görüb, sevinmə,
Qürurlanıb öyünmə.

Keçmişimiz var bizim,
Bir kərə qalxan bayraq,
Bir daha enməz, enməz!
Söylədi Məmmədəmin.

Xalq Heydər, Heydər xalqım,
Söylədi Öndərimiz,
İlhamla irəliyə,
Getdilər gənclərimiz.

Biz birlikdə güclüyük!
Söylədi Liderimiz,
Ətrafına topladı,
“Dəmir yumruq” yaratdı.

Güvənib Ordumuza,
Qalib gəldik savaşda,
İt kimi qovuldunuz.
Axır məğlub oldunuz.

Bu qəhrəman xalqımız,
Tarixdə bir iz qoydu,
Nəhayət Qarabağım,
İz Azərbaycan oldu.!!!
Karabakh is Azerbaijan!
[ Sonunda nida oldu! ]
27.09.2021.


ƏSGƏR ATASI

(Şeir 2-ci Qarabağ müharibəsi qazisi, igid döyüşçü Kamran Qasımlının atası şair Qasımov İmran Güllübulaqlıya həsr olunub)

Bir zamanlar yalnız kinoda gördük,
"Əsgər Atası"ydı o filmin adı.
Qəhrəmanı yaşlı bir ata idi,
Oğlunu görməkdi arzu - muradı.

Bir əsgərdi oğlu uzaq ellərdə,
O gənc tank sürürdü müharibədə,
Qələbə qazandı bir çox döyüşdə,
Artdı atasının ümid, inamı.

Atanın ürəyi tez - tez vururdu,
O öz oğlu ilə qürur duyurdu,
Eyy, Qoderzi deyə çağırıb, durdu,
Oğul qəhrəmandı, Ata vüqarlı.

Qaydalar, bəlalar bizi də tapdı,
Ölkəmiz dəhşətli günlərə qaldı,
Cavanlar meylini orduya saldı,
Vətən qorumağın gəldi zamanı.

Müsəlləh əsgər tək getdi cəbhəyə,
Burada yer yoxdur heç bir şübhəyə
Göndərdi oğlunu müharibəyə,
Canından canını, din - imanını.

Sizə təqdim edim Şair İmranı,
Uğurladı Ata oğlu Kamranı.
Susdurdu qəlbində tarı - kamanı,
Bağladı çantada dəftər, kitabı.

Dözmədi ürəyi cəbhəyə getdi,
Oğluna baş çəkdi, ziyarət etdi,
Bütün əsgərlərə məsləhət verdi,
«Ey İgid, düşmənə vermə amanı!»

Gün gəldi ordumuz qələbə çaldı,
Torpağı düşmənin əlindən aldı,
İt kimi qovaraq, çuxura saldı,
Gəldi azadlığın gözəl dövranı.

Qoyduq qələbənin ZƏFƏR adını,
Duyduq azadlığın şirin dadını,
Artıq tanıyırıq 'qohum - yadını',
Hər il keçirdirik "Zəfər Paradı."

Xoş xəbərlər gəlir tez - tez ünvana,
Oğlunuz layiqdir şərəfli ada,
Çoxlu təltiflərə, bir çox medala,
Nə şərəfli addır Əsgər Atası!
26.06.2022


“İLHAM FƏRİZƏ” DASTANI

(Nə qədər qəhərli olsa da, yenə bir qürur duyuruq, adı gələndə müqəddəs sevginin ölməzləriylə,
əbədi yaşayan İlhamla, Fərizəylə)


Dastanlar yazmışdı köhnə nəsillər,
Yenisini yazdı, İlham Fərizə.
Üstündən çox keçib illər, fəsillər,
Yaddaşda qalacaq *İlham Fərizə*.

Məhəbbəti safdı, çox güclü idi,
Arzusu ümmandı, sahilsiz idi,
Namərd nişan aldı, amansız idi,
Mərmiyə tuş gəldi, İlham Fərizə.

Oxudu nəğməsin saf məhəbbətin,
Göstərdi aləmə öz cəsarətin,
İçdi sədaqətin vəfa şərbətin,
Dillərdə dastandır *İlham Fərizə!*
30.06.2022.


GÖRƏN HARADASAN ?!

Elə düşünürəm, görən yazımmı?
Mənə ilham verən, telli sazımmı?
Köksümə sığmayan xoş avazımmı?
Rahatlıq verməyən bir sualım var,
Ay ömrümü üzən, görən hardasan?

O sən deyildinmi durub kənarda,
Odlu baxışlarla süzürdün məni,
Başımı döndərib, görəndə səni,
Yanında görməzdim mən bir özgəni,
Vəfadarım, söylə indi hardasan?

Hər kəsdən gizlədib sənin adını,
Başqa bir ad ilə çağırdım səni,
Axı, deyəsən mən də sevirdim səni,
Gizli xəzinəmin ləl-cəvahiri,
Çox axtardım səni, görən hardasan?

Gözünü çəkməzdin toyda, mağarda,
Hansı yana baxsam, görərdim səni,
Elə bil ildırım vurardı məni,
Yanağım allanar, gözüm gülərdi,
Ürək təlatümüm, görən hardasan?

Hərdən – birdən yolum üstə çıxardın,
Ətrafı unudub, mənə baxardın,
Mən də utanardım, yolu çaşardım,
Süzgün baxışlarla yola salardın,
Həsrətdə qalanım, görən hardasan?

[ Unutmadığım,
Unuda bilmədiyim,
Unuda bilməyəcəyim,
Eşqimin taxt – tacı,
Görən hardasan?…]
03.07.2021


SƏNİNLƏ SƏNSİZ

Səni anlatmağa nə elmim çatar,
Nə sözlərim yetər, nə də fəlsəfəm.
Əlini uzatsan əlimə çatar,
Çox uzaqda deyil könül səhifəm,

Nədən nə danışdın, nədə ki, dindin,
Nə aradın, nə də görməyə gəldin,
Elə bildin səni unutmuşam mən,
Biri var könlümdə, bil ki, o da sən.

Eşqin yollarında gəzirəm səni,
Özünü görmürəm, tapıb kölgəni,
Baş alıb gedirəm göylərə sarı,
Heç kimin sevdası qalmasın, yarı.

Səni sevəcəyəm sonuna qədər,
Gərək bu sevdaya dözəm bir təhər,
Bunun adı qismət, ya da ki, qədər?!
Səninlə Sənsizdir bu dünyam mənim.

Öz kiçik dünyamın sakiniyəm mən,
Əhdi-peymanıma niyyətliyəm mən,
Sevgi bir nemətdir, qədrini bilək,
Hər kəs öz talehin yaşasın gərək…

Bilmirəm nədəndir, duman həm də çən,
Heç vaxt əl çəkmirlər, mənim gözümdən,
Biri sərgərdansa, alatoranda,
Biləcəm o sənsən mənsiz, cahanda!!!..
29.06.2021


BULUDLAR ÜSTÜNDƏ
YAZILAN DASTAN


Aşiq olduq, sevdik bir-birimizi,
Elə bildik Dünya cənnət kimidir,
Gördük insanların iki üzünü,
Anladıq ki, hər yer zindan kimidir!

Quşların həyatı maraqlı gəldi,
Yox idi onların kədəri, dərdi,
Bütün gün oxuyub, cəh-cəh edərdi,
Onlar bir-birini qəlbdən sevərdi!

Uymadıq Yerdəki zənginliklərə,
İki qəlb birləşib, uçduq göylərə,
Hər kəsdən uzağa, ənginliklərə,
Buludlar üstündə bir yuva qurduq.

Göz-gözə baxmaqdan heç vaxt doymadıq,
Gəzib dolaşmaqdan biz yorulmadıq,
Küsüb-barışmadıq və ayrılmadıq,
Bir ömür sevərək yaşaya bildik!

Buludlar üstündə bir dastan yazdıq,
Bütün insanlığa sevgi payladıq,
Yer üzünə enib, halallıq aldıq,
Ruhu candan alıb, göyə ucaldıq.
01.07.2022


TƏK YARADAN ÇÖZƏR ONU

Dərd bir deyil, iki deyil,
Nə əvvəli nə də sonu,
Çox məchuldur, bəlli deyil,
Tək Yaradan çözər onu.

Üzə gülən İnsanlar var,
Sanki sənə olurlar yar,
Çox keçmir ki, olur əğyar,
Tək Yaradan çözər onu.

Var yaltağı, yalançısı,
Söz qoşanı, böhtançısı,
Bir ömürün baltaçısı,
Tək Yaradan çözər onu.

Bəd xasiyyət insanlar çox,
Əməli zay olanlar çox,
Qeybət edən, ev yıxan çox,
Tək Yaradan çözər onu.

Dünya aləm xali deyil,
Hər kəs gəzmir veyil - veyil,
Hər müsəlman salsın meyil,
Tək Yaradan çözər onu.
22.06.2022.


YASƏMƏN GÜLÜ

Bu çiçəyin ətri bihuş edici,
Hər sevən ürəyə nüfuz edici,
*Yasəmən ətirli* olur sevgilər,
Əsərlər yazılır məftun edici.


"DÜZƏ ZAVAL YOXDU"

Dərd içində üzülürəm,
Görən kimə neyləmişəm,
Mən göydəki ulduzlara,
Öz dərdimi söyləmişəm.

Uca Tanrı xəbərdardı,
Ona hər şey bil, agahdı,
Ali Qanun bərqərardı,
Mən doğrunu söyləmişəm!

Haqq-ədalət sənə qənim,
Qalmayacaq heç bir qəmim,
Güləcəkdir üzüm mənim,
Mən həqiqət söyləmişəm!
21.06.2022.


QONAQLIQ

Görmək istəyəndə əziz birini,
Qohum olsun ya da bir tanıdığın,
Könül quşun uçub tapar yerini,
Ayrı dadı - tamı var qonaqlığın.

Dönüb, dolanarlar sənin başına,
Qonaq eyləyərlər bayram aşına,
Qurban da kəsərlər sənin adına,
Başqa bir ləzzəti var qonaqlığın.

Üz - gözündən sevinc yağar hər kəsin,
Ürəyindən coşub gələr həvəsin,
Bəzəyib şeirin hər bir kəlməsin,
Armağan edərsən *söz qonaqlığın.*
16.06.2022.


QAZAX XƏNGƏLI

Yaşıllıq içində geniş eyvanda,
Məclis qurulanda neyli-məzəli,
Ruhani, Dilqəmi saz havasında
Süfrəyə yaraşır Qazax xəngəli.

Sazlı-sözlü aşıq, şair diyarı,
Doğma Qazağımda gözəl adət var.
Uzaqdan bir qonaq gələrsə əgər,
Qurudlu xəngələ qonaq edərlər.

Yığışıb gələrlər dostlar, tanışlar,
Danışıb-gülərlər lap sübhə qədər,
Düşər yaddaşlara xoş xatirələr,
Çözülər mətləblər, tale - qədərlər.
17.06.2022.


RƏFİQƏM

Gəncliyimin adı, sözüm-söhbətim,
İllər yadigarı rəfiqəm mənim,
Məktəb yollarında qoşa həmdəmim,
Hər zaman yanımda olanım mənim.

Çaya yollanardıq su gətirməyə,
"Kür"ün kənarında vaxt keçirtməyə,
Hətta sevinərdik köks ötürməyə,
Eyni düşüncədə olanım mənim.

Boş vaxt tapan kimi, evdən qaçardıq,
Danışıb, gülüşüb qanad açardıq,
Pərvaz ruhumuzla göyə uçardıq,
Həsrətdə, gümanda qalanım mənim.

Buludlar üstündə dünya tapardıq,
Məsum arzulardan xəyal qurardıq,
İlk eşqdən, sevgidən deyib - durardıq,
Nağılım, hekayəm, dastanım mənim.

Bir əks səda gəldi o nazlı qızdan,
Gəl tut yetişəndə qohumdan, yaddan,
Söz de, nəğmə oxu vəfalı yardan,
Sözümün ləzzəti, məzəsi mənim.
05.06.2022.


HƏKƏRİ

Dünyada o qədər axar çay vardır,
Coşan-daşan, şaqraq səsli, sərsəri,
Onun bənzəri yox bir başqasına,
Çaylar arasında daş-qaş Həkəri.

Axır dərələrdən, dönmür yolundan,
Keçir Laçın, Qubadlı, Zəngilandan,
Tökülür Xan Araza sol qolundan,
Olub Bərgüşada qardaş Həkəri.

Nələri görmədi bu sərin sular,
Yaxşını, yamanı axıtdı onlar,
Qaçaq Nəbi, Həcər, çox qəhrəmanlar,
Olmuşdu onlarla sirdaş Həkəri.

İllərdir vətəndən uzaqda qaldı,
Suları azaldı, dərdi çoxaldı,
Nəhayət, ordumuz düşməndən aldı,
Oldu əsgərlərə yoldaş Həkəri.

O həm çay, həm mətbu qəzetin adı,
Unutmur heç zaman verdiyi andı,
Düz sözü, haqq-sanı şərəfi sandı,
Səs salır hər yana çağdaş “HƏKƏRİ”.
07.05.2022.


RUHUM İNCƏDƏN, İNCƏ

Misralar üstümə hücum çəkirlər,
Yazmaq niyə müşkül, nədən cətindir?
Sənin əhvalına köklənmişik biz,
Bilirik, düşüncən, ruhun mətindir.

Qələm yazmaq istər, mürəkkəbi yox,
Könlümün qübarı, dərdi - qəmi çox,
Artıq inanmayır, yalanlara tox,
Xəyalda yaşanan, bir hekayətdir.

Ağ kağız önümdə hey gileylənir,
Küsüb, uzaq durur, yan meyillənir,
Mənə acıq verir, dinir, söylənir,
Bəlkə bu xəyaldır, bir rəvayətdir.

Ürəyim dözməyir, alıb qələmi,
Yazıram könlümdə yatan nəğməmi,
Anladım bitməyən, sonsuz sevgimi,
Qələmə, kağıza bir sədaqətdir.
05.05.2022.


YAZILARIMIN SƏSİ

Yazılanlar könüllərdə bir nəğməyə dönürsə,
ya zahirdə, ya batildə onun səsi var və o eşidilir, duyulur.
O səsləri eşitmək, duymaq üçün oxuyaq.


Hər ölkədən, hər bir eldən,
Axıb gələn söz selindən,
Ətri gəlir gül-çiçəyin,
Dalğalanan saç telindən.

Bir diyardan bir sevənə,
Məktub gedir sevə - sevə,
Dəyərini bilə-bilə,
Oxuyur o gülə-gülə.

Söz yazmasaq, əsər olmaz,
Sonra ondan bir iz qalmaz,
Heç bir kimsə yada salmaz,
Səsi çatmaz eldən-elə.

Sözlərin də səsi vardır,
Oxunurkən duyulandır,
Duyğuları yaşadandır,
Gəlin tutaq biz əl-ələ.

Duyğuların yox sərhəddi,
Var sevinci, az-çox dərdi,
Yıxıb keçər bərə-bəndi,
Sinə gərər daşan selə.

Qələm yazar hər kəlməni,
Qəlbə düşən ilk sevgini,
Oxuyacaq dil nəğməni,
Bu könüldən o könülə.
03.05.2022.


T A B L O

Mən bir rəssam olmasam da,
Xəyalımda olsa belə,
Bir tabloda yaratdığım,
Dolaşacaq eldən - elə.

Hər bəndin öz çalarını,
Öz rəngini yazıram mən,
Sözümə qədd, qamət verib,
Öz məğməmi çalıram mən.

Göy üzündə qurub hana,
Mən bir xalı toxuyuram,
İlmə - ilmə vurub naxış,
Sevgimizdən oxuyuram.

Saç telimə inci düzüb,
Qara gözü xumar süzüb,
Yar könlümü yaman üzüb,
Həsrət dolu gəzirəm mən.

Sevənlərin arasında,
Qaratikan əkməsinlər,
Azad könül bağçasında
Çəpər, sərhəd çəkməsinlər.

Tablo hazır, rəngi gözəl,
Yaratdığım şeir, qəzəl,
Min bir məna, dərki özəl,
Dolaşacaq eldən-elə.
23.04.2022.


Dərdli ALA QARĞA

(Olmuş əhvalat)

İşdən - gücdən başım açılan kimi,
Eyvandan boylandım, hava qaralmış,
Gördüm Ala qarğa bir memar kimi,
Ən uca budaqda heykəl ucaltmış.

Deyəsən küsmüşdü, mənə baxırdı,
Qırıb yarpaqları yerə atırdı,
Hərdən qırıldayır, səsi batırdı,
Kimdən üzü dönmüş Ala qarğanın?

"Etmə məndən güzar", səsləndim ona,
Eylədim nəvaziş, girdim min dona,
Qəlbi çox incimiş... vaxt gəldi sona,
Üzünü döndərdi, uçdu uzağa.

Bəzən anlamazsan olub - bitəni,
Həsrət odu yaxar odlarda səni,
Hər Ala qarğanın vardır vətəni,
Yəqin dərd ortağı seçibmiş məni.

Bəlkə də atılmış, tərk edimişdi,
Ona bu davranış sərt edilmişdi,
Vəfalı olduğu dərk edilmişdi,
İndi qalıb naçar bu Ala qarğa.

Bilmirəm bəlkə də yamanmış halı,
Xəstələnib canı, yoxmuş əhvalı,
Ağlını itirib, olmuş havalı,
Dərdini söyləmiş bu Ala qarğa.
21.04.2022.


DARIXMIŞAM

Gözüm yolda, könlüm səsdə,
Yarım, sənsiz darıxmışam,
Sağlam canım olub xəstə,
Hər nəfəsdə darıxmışam.

Nə tez keçdi, ömür yarı,
İstəmirəm yoxu, varı,
Sənlə keçən hər bir anı
Xatırlayıb, darıxmışam.

Baxışların mənə bəsdi,
Gümanımı fələk kəsdi,
Aramızda yellər əsdi,
Mən sənsizəm, darıxmışam.

Gecə, gündüz bilmirəm ki!
İncimişəm, küsmürəm ki!
Qədərimi silmirəm ki!
Mən sadəcə darıxmışam.

Gəlsin səndən bir əks-səda,
Ömrüm, günüm sənə fəda,
Ay sevgilim, yetiş dada,
Səndən ötrü darıxmışam!
13.03.2022.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: