LALƏ ƏLİYEVA: “KÜSDÜ GETDİ QARDAŞIM!”

7 min read

Əliyeva Lalə Əli qızı 1960-cı il yan­varın 31-də sazlı-sözlü qədim Bor­çalı elinin (indiki Gürcüstanın Bolnisii rayonunun) Faxralı kəndində ziyalı ailə­sində anadan olub.
1976-cı ildə Faxralı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra qardaşı Rəşidin yolu ilə ge­dərək Azərbaycan Dövlət Uni­versitetinin fizika fakültəsinə daxil olub. 1981-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Elmlər Akademi­ya­sının Fizika İnstitutunda təyinat üzrə baş laborant kimi əmək fəaliyyətinə başlayıb. O, 1984-cü ildə Fizika İnstitutunun “Yarım­keçiricilər və dielektriklər” ixti­sası üzrə aspiranturasının qiyabi şöbəsinə daxil olub və 1989-cu ildə oranı bitirib. 1989-cu ildə kiçik elmi işçi, 1994-cü ildə elmi iş­çi və 2005-ci ildə böyük elmi işçi vəzifəsinə seçilib.
Lalə Əliyeva respublikada və xaricdə çap olunmuş 30-a yaxın elmi məqalə və tezisin müəllifidir. O, 2005-ci il fevralın 2-də “CU2O, CU2S, CdS, CdTe və onlar əsasında alınmış çeviri­ci­lərin elektrik və fotoelektrik xassələri” mövzusundakı nami­zəd­lik dissertasiyasının rus dilində müvəffəqiyyətlə müdafiə edə­­rək “fiziki elektronika” ixtisası üzrə Azərbaycan Respub­lika­sının Pre­zidenti yanında Ali Attestasiya Komissiyası tərə­fin­dən fi­zi­ka-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görü­lüb.
30 ilə yaxın işlədiyi Fizika İnstitutunda hamı onu bacarıqlı, məsuliyyətli, təvazökar, fəal bir alim kimi qiymətləndirir və hör­mət edirlər.
Lalə xanım ailəlidir, iki övlad anasıdır.
O, 1990-cı ildən həm də şeir yazmağa başlayıb. Başqa müəl­liflərin kitablarında, AMEA Ədəbiyyat İnstitutunun Ədəbi alma­naxında şeirləri dərc olunsa da, öz kitabını çap etdirməyə tələs­mə­yib. 2021-ci ildə Bakıdakı “Füyuzat” nəşriyyatında “Və­tən harayı” adlı ilk kitabı (44 şeir, 108 səh.) nəfis şəkildə çap olu­na­raq oxucuların ixtiyarına verilib. Kitabda müəllifin 30 ildə xal­qı­mızın başına gətirilən müsibətlərə, torpağımızın işğalına, öv­­ladlarımızın həlak olmasına qarşı ürək yanğısı ilə yazdığı şeir­lər verilmişdir. Vətən sevgisi, milli heysiyyət, işğal altında in­lə­yən Qarabağ yanğısı, Borçalı həsrəti, yerlə yeksan olmuş Xo­ca­lı­nın fəryadı, torpaq uğrunda qurban verdiyimiz şəhidlər, şəhid anaları bu kitabda öz əksini tapmışdır.
Biz də Lalə xanıma yeni-yeni uğurlar arzulayırıq, aşağıda onun bir neçə şeirini – daha dəqiq desək, Qanlı 20 yanvarın və I Qarabağ müharibəsinin iştirakçısı və qazisi olmuş, uzun müddət Bakı Dövlət Universitetinin Fizika Prob­lemləri Elmi-Təd­qiqat İnstitu­tunun “Bioloji sistemlər fizikası” labora­to­riyasında apa­rıcı mühəndis vəzifəsində şərəflə çalışmış və 2023-cü il yanvarın 8-də, 69 yaşında uzun sürən xəstəlikdən sonra dün­yasını də­yiş­miş əziz qardaşı Rəşid Əliyevə həsr etdiyi şeirlərini dəyərli oxu­cularımıza təqdim edir, Rəşid Əliyevə isə Allahdan rəhmət diləyirik.

ZiM.Az

 

KÜSDÜ GETDİ QARDAŞIM!

 Qardaşım Rəşid müəllimə

Küsdü getdi qardaşım,

Bu dünyanın üzündən

Küsdü getdi qardaşım,

Haqq ədalət sözündən.

Hey ədalət axtardı,

Tapmadı yer üzündə.

Dedi daha bezmişəm,

Dünya düşdü gözümdən.

Üz tutdu göyə sarı,

Bəlkə, göyə yüksəlib,

Haqq- ədalət harayı?

Bəlkə, göydə qurulub

Ədalətin sarayı?

Bəlkə heç eşidilmir

Məzlumların harayı?

Allah, sən özün ovut,

Haqq ədalət gəzəni

Yoxsa, çox pozulacaq,

Sənin nizam, düzənin.

Sən daxil eylə onu,

Cənnət adlı məkana

Bu dünyada zülm görüb,

Xəstəlik görüb canı!

Al sağalt yaraların

Bir az dincəlsin canı,

Günahların bagışla,

Bir dinclik tapsın barı!

16.01.2023.

 

DÜNYANIN HƏR DƏRDİ

SƏNƏ QALMIŞDI

 Qardaşım Rəşid müəllimə

 

Dünyanın hər dərdi sənə qalmışdı

Beynində çöžürdün, araşdırırdın.

Bu dünya səni çox dərdə salmışdı,

Sevinci kədərlə qarışdırırdın.

 

Vətən haray çəkib haraylayanda,

Tez silah götürüb haraya getdin.

Soyuq səngərlərdə, qarlı dağlarda,

Canını Vətənçün sən fəda etdin.

 

Zabit şərəfini sən uca tutdun,

Ata tək qayğısın çəkdin əsgərin.

Şəhid anasına sən oğul oldun,

Soruşdun, ay ana, nədir dərd-sərin?

 

Alimdin, zəkandan nur yayılırdı,

İşığın qəlbləri fəth eləmişdi.

Sənə qulaq asan tez ayılırdı,

Cahillikdir bizə düşmən demişdin.

 

Filosoftək güclüydü fikrin, iradən,

Məntiqin önündə rəqib susardı.

İnkişaf, tərəqqi dərdiydi dərdin,

Fikirlər, arzular aşıb, daşardı.

 

Haqqı, ədaləti üstün tutardın,

Həmişə haqlının yanında oldun

Ədalət harayın göyə çatardı,

Ədalət tapmadın saraldın, soldun.

 

Bu dünya adamı deyildin sən də,

Bu dünya yaltaqlar dünyasıdır bil!

Bir ürək vururdu odlu sinəndə,

O ürək bir dünyaya sığası deyil!

18.01.2023

 

ÖZÜN GETDİN SƏSİN QALDI!

 

Özün getdin səsin qaldı,

Dağdan ağır sözün qaldı

Sinəm üstə közün qaldı

Alışıb yanıram, qardaş!

 

Dinləyirəm şux səsini,

San duyuram nəfəsini,

Ağlaram eşit səsimi,

Bil ki, odlanıram, qardaş!

 

Kaş ki, o günlər olaydı,

Bacın yanına gələydi,

Sənin dərdini alaydı,

Hey səni anıram, qardaş!

 

Gəlib səni dinləyəydim,

Dərdin nədir, bir biləydim,

Göz yaşlarını siləydim,

Mən sənsiz donuram qardaş!

 

İndi qalmışam mən sənsiz,

Qəlbimdə dərdin salıb iz,

İstər ağla, istərsən gəz,

Məcnuna dönürəm, qardaş!

19.01.2022

 

AĞLARAM

 

İtirdim əziz qardaşı,

Qurumaz gözümun yaşı,

Zədələndi bağrım başı,

Gecə-gündüz hey ağlaram!

 

Gətirdim torpağa verdim,

Təzələndi bir də dərdim,

Əmanəti aldı yurdum,

Olub sınıq ney ağlaram!

 

Dərdinə olmadı dərman,

Tapılmadı təbib, loğman,

Zalım fələk verib fərman,

İtirib bir bəy ağlaram!

 

Səngər gördün, zindan gördün,

Qürbət gördün, zillət gördün,

Müsibətli həsrət gördün,

Canın oldu zay ağlaram!

 

Yaralarım tutmaz qaysaq,

Göz yaşlarım olar irmaq,

Yamandır səndən ayrılmaq,

Olmaz sənə tay ağlaram!

18.01.2023

 

GƏLDİM

 

Ana Vətən, aç qoynunu,

Qoynunda yatmağa gəldim.

Qucaqlayım qoy boynunu,

Dərdi dağıtmağa gəldim.

 

Yaşadım mərdi, mərdanə,

Aman vermədim düşmənə.

Qəsd eylədim şirin cana,

Qəmimi satmağa gəldim.

 

Qürbət mənə zindan oldu,

Gənc idim, saraldım, soldum.

Bulud tək boşaldım, doldum,

Çiçəyə batmağa gəldim!

 

Alim idim, ziyalıydım,

Bir çox mətləbdən halıydım.

Kaş ki, vətəndə qalaydım,

Yurdu oyatmağa gəldim!

 

Yurda qarışsın bədənim,

Saralsın, solsun kəfənim,

Bilin, son arzumdur mənim,

Vətəndə qalmağa gəldim!

 

Sən tək cənnətdən qovuldum,

Qürbət yerdə girov oldum,

Bir dağ idim, bil ovuldum,

Vüsala çatmağa gəldim!

19.01.2023

 

SƏSİN QÜDRƏTİ

 

İnsan ölür, səsi qalır

Eşidəndə səsini,

Sanırsan ki yaşayir.

Bir az sevincək olub

Özünü unudursan.

Səsə qulaq asırsan,

Bir azca ovunursan.

Sonra özünə gəlib

Yuxudan ayılırsan

Deyirsən, dili qafil,

Səsini dinlədiyin

Bu dünyadan köçübdür,

Quruca səsi qalıb

Sənin könlünü alıb

Dinlədikcə səsini

Səni odlara salıb.

22.01.2023

 

ZiM.Az

 

.