Faxralı Şəhid həkim-kapitan MUSA MUSAYEV (1958-1996)

6 min read

“MÜQƏDDƏS HAMINI
MÜQƏDDƏS BİLƏR,
ÇÜNKİ ÜRƏYİNİN
QARASI YOXDUR…”

Qəhrəman o adamdır ki, həlledici anda insan cəmiyyətinin mənafeyi naminə lazım olan işi görür.
Y.Fuçik

O, əbəs doğulmayıb, hədər yaşamayıb, səbəbsiz ölməyib.

Təqvimdə elə illər var ki, baş verən hadisələri ilə bir insanın, bir elin, bir ölkənin, bəzən də bütün dünyanın, bəşəriyyətin ta-rixində silinməz iz buraxır. 1958-ci ilin qışı da Borçalının ağır eli Faxralı üçün yaddaqalan olmuşdur. O qış başqa qışlara bən-zəmirdi. Bütün kənd həyəcan içində idi. Faxralıda yoluxucu xəstəlik olan sarılıq tüğyan edirdi. Bu mənfur xəstəlik neçə-neçə insan həyatına son qoymuş, cavan gəlini bətnində gəzdirdiyi körpəsi ilə birgə bu dünyadan aparmışdı.

Sarılıq xəstəliyinə tutulanlardan biri də Bəsti ana idi. O da intizarla dünyaya gətirəcəyi körpəni gözləyirdi. Dördüncü öv- ladını gözləyən gəlin əllərini göyə qaldıraraq gözəgörünməz Ulu Tanrıdan imdad diləyirdi: “İlahi, sənə qurban olum! Mənə rəhm elə, əkiz qızlar ver, ancaq mənə toxunma, evdə üç körpə balam var”. Tanrı bu cavan gəlinin yalvarışlarını eşitdi. Amansız xəstəlikdən həm gəlinin özü, həm də körpəsi salamat qurtardı.

1958-ci il martın 10-da kəndin hörmətli, adlı-sanlı kişilərin- dən sayılan hesabdar, sınıqçı Pənah Musayevin ailəsində bir oğ-lan uşağı dünyaya gəldi. Ana əkiz qız diləmişdi, Tanrı ona oğul payı verdi. Pənah kişi uşağa öz atasının – 128 il ömür sürmüş məşhur sınıqçı Musa kişinin adını qoydu. Aylar-illər bir-birini əvəz etdi. Musa böyüdü, məktəbə getdi, ağılı, bacarığı, dərin biliyi ilə o, həm müəllimlərinin, həm da yoldaşlarının rəğbətini qazandı. Hələ kiçik yaşlarından hakim olmağı, xalqın sağlamlığı keşiyində durmağı arzulayan Musa 1974-1975-ci tədris ilində Faxralı orta məktəbini əla qiymətlərlə başa vurdu. Babası Musa kişinin, atası Pənahın sınıqları, çıxıqları əl ilə yoxlayıb nəticə söyləmək qabiliyyəti irsən ona da keçmişdi. Elə bu arzu ilə də Bakıya gəldi, sənədlərini N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə verdi. Orta məktəbdə bütün fənnləri eyni səviyyədə müvəffəq öyrənən Musaya ali məktəbə qəbul olmaq çətin olmadı. O, yüksək nəticə göstərərək istədiyi fakültəyə daxil oldu. Rektor Z.Quliyeva qəbul imtahanlarında xüsusilə fərqlənmiş tələbələrlə söhbət edərkən Musaya dedi: “Oğlum, səninlə söhbətdən mən anlayıram ki, yaxşı həkim olacaqsan”.

Bəli, yuxusuz gecələr, çətin sınaqlar öz bəhrəsini verdi. Musa 1981-ci ildə ali təhsilini uğurla başa vurdu. Onu ali məktəbdə saxlamaq istəsələr də, qalmaq istəmədi. O, işləmək, yaxşı həkim olmaq, təcrübə qazanaraq insanların sağlamlığı naminə fəaliyyət göstərmək istəyirdi. Buna görə də təyinatla Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə göndərildi. Musa 1981-ci ilin sentyabr ayından 1989-cu ilədək Nijnekamsk şəhər xəstəxanasında əvvəlcə həkim, sonra baş həkim, tibb texnikumunda müəllim, partkom vəzifələrində işlədi. Püxtələşdi, həm sənət, həm də həyat təcrübəsi qazandı. Dəfələrlə Moskva şəhərində ixtisasartırma kurslarında oxudu.

Qarabağ müharibəsi başlayanda o da digər vətənpərvər soy- daşlarımız kimi Azərbaycana qayıtdı. Əvvəlcə Hövsan qəsəbə-sində baş həkim, sonra isə 5 saylı şəhər klinik xəstəxanasında həkim-terapevt işlədi. 1991-ci ilin axırlarında cəbhəyə getdi. O, Füzuli-Beyləqan istiqamətindəki N saylı hərbi hissədə xidmət edirdi. Özü də necə xidmət? M.Musayev neçə-neçə yaralının ölümün pəncəsindən qurtarmasına səbəbkar olmuşdur. Xosrov Ruzbeh vaxtilə yazırdı: “İnsanı məhkum etmək olar lakin şücaəti, mərdliyi, vətənpərvərliyi, şərəfi və fədakarlığı məhkum etmək olmaz”. Musa Musayev də vətənpərvər ziyalı idi. O, həyatın fövqündə şərəflə yaşamağı görürdü və gördü də. Azərbaycanı namusu, qeyrəti bilirdi, bildi də. “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” – pirinsipi ilə yaşayırdı. Vətəni müqədəs bilirdi. Çünki ürəyində qara yox idi, qara fikir yox idi. Ürəyini saflıqla, müqəddəsliklə yükləmişdi.
Rasim Kərimlinin dediyi kimi:
Arsızlar yanmağı cana qəsd bilər, Nə qayğı, nə qiymət, nə həvəs bilər, Müqəddəs hamını müqəddəs bilər, Çünki ürəyinin qarası yoxdur.
O, başqalarının həyatda qalması üçün çalışarkən öz həyatını təhlükə qarşısına qoyurdu. Bir dəfə səngərdəki əsgərləri müayinə edib qayıdan zaman onların maşınını ermənilər atəşə tutur. Şaxtalı havada bir neçə saat atəş altında qar üstündə qalan kapitan Musa Musayev ağır vəziyyətdə vertalyotla Bakıya gətirilir. Bir müddət müalicə olunduqdan sonra o, yenidən cəbhəyə hərbi hissəsinə qayıdır. Kapitan M.Musayev mayor rütbəsini almaq üzrə idi. Ancaq amansız ölüm imkan vermədi. Əcəl onu 1996-cı il noyabrın 16-da haqladı. Vətən uğrunda həlak olan igid oğulların sırasına 38 yaşlı kapitan Musa Musayev də əlavə olundu. O, arxasınca cavan gəlini dul, iki körpəni atasız, ağ saçlı ata-anasının, bacı-qardaşını gözüyaşlı qoyub getdi. Rəhmətlik Musanın həyat yoldaşı Xatirə xanım övladlarına həm ana, həm də ata oldu. Ali təhsilli, əsl ziyalı olan Xatirə xanım min bir əziyyətlə böyütdüyü övladlarının təhsilə yiyələnmələri üçün də əlindən gələni etmişdir. Böyük oğlu Tural atasının yolunu da-vam etdirərək ali tibb məktəbinin farmakologiya fakültəsini bitirib. Kiçik oğlu Toğrul isə Gürcüstan Biznes Universitetinin tələbəsidir. Şübhəsiz, Vətən uğrunda həlak olmuş, igid zabit, gözəl hakim Musa Musayevin övladları atalarının adını doğrul-daraq, ləyaqətli vətəndaşlar olmuşlar. Onlar həmişə cəmiyyət arasında alnıaçıq, üzüağ olacaqlar. İnanırıq ki, gec-tez işğal al-tında olan torpaqlarımız da geri alınacaq, Musanın və digər şəhidlərimizin cənnətməkan ruhu şad olacaqdır. Axı, o, əbəs yerə dünyaya gəlməmiş, hədər yerə yaşamamış, səbəbsiz də ölməmişdir.

(Bax: Səməndər Məmmədov. Ağır elsən, Borçalıda adın var…)

ZiM.Az

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

.