VƏTƏNİN DƏRDLƏRİNİ MİSRALARINA HOPDURAN ŞAİR (Həsən Mirzənin şeir nümunələri əsasında)

15 min read

HƏSƏN MİRZƏYEV tanınmış dilçi alim, ictimai xadim, millət vəkili, əsl vətəndaş olmaqla bərabər, həm də sevimli ali məktəb müəllimlərimdən biri kimi yaddaşımda dərin iz qoyub. Tərəfimdən xoş təəssüratlarla xatırlanır; böyük hörmətlə yad edilir… dərin ehtiramla anılır…
O həm də bir şair kimi tanınır, qələmə aldığı bəlağətli şeir nümunələri ilə diqqət şəkir.
Bu böyük şəxsiyyətin 95 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransa təqdim etdiyim məruzə də HƏSƏN MİRZƏNİN poeziya nümunələrinə həsr olunub.

Xətib Təbrizinin təbirincə desək, “Şeir haqqında yazmaq, şeir yazmaqdan çətindir.”
Ancaq bununla belə unudulmaz müəllimimin zəngin poetikasına, ekspressivliyi və dəqiq üslubi çalarları özündə ehtiva edən şeir aləminə, hikmət dolu misralarına öz fikir dünyamla boylanmaq istədim…

***

Yaşadığımız dünyanı gözəlliklər zəminində əbədi etmək üçün bəşəriyyətin ən mühüm kəşfi kimi söz də bir vasitə olaraq meydana gəlmiş və mənəviyyatımızın zənginləşməsində əvəzsiz mövqe sərgiləməkdədir. Təbii ki, sözdən düzgün istifadə edib onu qüdrət sahibi edənlət isə şairlərdir.
Bu baxımdan “Həsən Mirzəyev tanınmış dilçi alim, ictimai xadim, millət vəkili, sədaqətli vətəndaş kimi ölkə ictimaiyyətinin böyük hörmətini qazanmaqla bərabər, həm də Həsən Mirzə ünvanlı gözəl şair, şifahi xalq yaradıcılığının bilicisi, milli-mənəvi dəyərlərimizin daşıyıcısı və təbliğatçısı idi” (Tahir Rzayev. Həsən Mirzədən yadigar misralar. “525-ci qəzet”, 28 noyabr 2013-cü il).

Əziz və unudulmaz müəllimlərimdən biri kimi Həsən Mirzəyevin milli-mənəvi dəyərlərimizə möhkəm tellərlə bağlığlığı yaddaşımızda unudulmaz bir iz qoyub. Ədəbi mühitdə sevilən söz sənətkarlarından olmaqla o, özünəməxsus deyim tərzi sərgiləməklə hisslərini aydın şəkildə ifadə etməyi bacarır. Şairin üslubu ürəyəyatımlı, fikirləri səmimi, ifadələri təbii çalarlarla zəngin, poetik ruhu müntəzirdir. “Həsən Mirzənin lirikasında mənanın enerjisi tükənməzdir. Elə buna görə də bu enerjidən gözələ və gözəlliyə, torpağa və vətənə pay çatır” (Buludxan Xəlilov. Vətənə, torpağa, insana və gözəlliyə bağlı poetik düşüncə. Həsən Mirzə, Hanı o səndəki el, Dərələyəz?!, “Qismət”, Bakı, 2002. səh.15)

Həsən Mirzəyev əsl vətəndaş şair kimi, zaman-zaman bölünüb parçalanan Azərbaycan dərdlərini şair qələminin qüdrəti ilə öz fikir dünyasından qəlblərə köçürə bilmiş, ictimaiyyətin diqqətinə çatdıra bilmişdir. Ürəyində xalqın sevincli və kədərli günlərini qoşa obrazlaşdıran söz sənətkarının bütün misralarından vətəninə, xalqına, torpağına böyük sevginin notları duyulur. Ən böyük dərdi idi itirilən yurd-yuvamız, dədə-baba məskənlərimiz. Həsən Mirzənin misralarına hopan Vətənin böyük dərdləri idi ki, həmin dərdlər onun poetik dünyasında dil açıb danışır.

Ey ana torpağım, ey can diyarım,
Hanı o səndəki el, Dərələyəz?!
Ey cənnət məkanım, ey dağ vüqarım,
Pərən-pərən olub el, Dərələyəz!
Yaram göz-göz olub bil, Dərələyəz!

“Ey ana torpağım” “ey can diyarım” “ey cənnət məkanım” “ey dağ vüqarım” ifadələri ilə şair sanki doğma elinə, dədə-baba yurduna həzin bir layla çalır. Sanki o yanğılı nəğmənin səs-sədasını o yurda çatdırmaq istəyir ki, öz yurdaşlarını unutmasın. Onun yaralarına öz həzin, qayğıkeş nitq etiketləri ilə məlhəm qoyub sarımaq istəyir. “Pərən-pərən olmuş el”, “göz-göz olmuş yaram” ifadələrinin dili ilə Azərbaycan dərdlərini canlandırır.
Danışdıqca Araz boyu uzanıb gedən Azərbaycan dərdini sanki dünyanın dərdi kimi təqdim etməyin öhdəsindən layiqincə gələ bilir. Türk-oğuz yurdunun – Zəngəzurun, Göycənin, Təbrizin, Qarabağın, Dərələyəzin, işğal edilərək paymal olmuş torpaqlarımızın, səs-səmiri kəsilmiş obalarımızın, odu söndürülmüş ocaqlarımızın dərdlərini ədib özünəmxsus ustalıqla misralarına çəkib gətirir.

Babamın o yerdə izi qalıbdır,
Nənəmin nəğməli sözü qalıbdır,
Türk-oğuz yurdunun gözü qalıbdır,
Töksəm də aparmaz Nilə dərdimi.

Nilin belə sürükləyib apara bilmədiyi bu ağır dərdi şair çəkir; yaşatmaq üçün sanki onu əzizləyir. O dərdin ünvanı vətəndir. Dərdin nəhəngliyi yurd sevgisindən bəhrələnir. Nəhəng, bol sulu Nil çayının belə şairin dərdini daşıyıb apara bilməməsi onun torpağa, yurda olan böyük sevgisindən xəbər verir. “Töksəm də aparmaz Nilə dərdimi” – deyən şairin misrasından hasil olan odur ki, o, dərdinin itib yox olmasını arzulamır, əksinə istədiyi odur ki, dərdləri cücərsin, daha da böyüyüb boy atsın. Misralarında obrazlaşdırmaqla Həsən Mirzə o dərdləri yaşatmaq istəyirdi; bəli, süngüyə, mərmiyə, topa, tüfəngə çevrilənə qədər yaşatmaq… Çünki həsrətimizin ovunması, vüsalımızın oyanması üçün bunu labüd hesab edirdi. O, biçmək üçün misralarına dərd əkmirdi. Əkirdi ki, sevinc biçsin, xoş müjdəli günlərə qovuşsun.

Düşmən əlindədir müqəddəs yerim,
Ləlim, cəvahirim, abidəm, pirim,
Qoy ayağa qalxsın igidim, ərim,
Bəlkə bu şad xəbər silə dərdimi.

Həsən Mirzənin xarakterindən doğan təbiiliyi və səmimiliyi onun misralarına da sirayət etmişdir. Onu yazmağa sövq etdirən Vətən dərdi idi… Qərbi Azərbaycanın bir parçası olan Dərələyəzdə dünyaya göz açan şair böyük ayrılığın müqabilində sinəsində Vətənin dərdlərini, ulu əcdadlarımızın nişanəsi, nəfəsi, yadigarı kimi həmin o yerlərin əsl sahiblərindən uzaq düşdüyünü qübar və həsrət dolu misralarla dilə gətirib. Misralarda kədər, qəm-qüssə nə qədər özünə yer almış olsa belə, şair əzəli torpaqlarımıza qayıdışımızın baş tutacağı günə inanır. “Bəlkə bu şad xəbər silə dərdimi” deməklə şair ər oğullarımızın ayağa qalxacağı həmin o gündən, gələcək xoş bir soraqdan xəbər verir.

Həsən Mirzə doğulub boya-başa çatdığı Dərələyəzi misralarına tez-tez sızdırmaqla o müqəddəs məkanın timsalında bütöv Azərbaycan dərdini dünyaya hayqırır, yurd həsrəti ilə alışıb yanan insanların ağrı-acılarını dilə gətirməklə bərabər, o müqəddəs torpaqlara qayıtmaq arzusunu məqamı gəldikcə misralarında canlandırır. Həmin dərdlərdir ki, onu xəyali olaraq İrəvana, Təbrizə qovuşdurur, Arazın sularına qarışdıraraq Qarabağda, ulu Göyçədə qərarlaşdırır.
“Dağlar” şeirində dağları vəsf edən şair, yenə də əhdinə sadiqlik nümayiş etdirir; dərdlərini dinləndirir. Üzünü dağlara tutub şair qəlbinin döyüntülərini, iztirablarını poetik bir dillə oxucu qəlbinə köçürür. Uşaqlıq çağlarını xüsusi şövqlə xatırlamaqla bərabər, yenə də dərdlərinə yurdda ötüşən o xəyali günlərinin, xoş-müdam dolu anlarınının qarşılığında işıq sala bilir.

Uşaqlığım – ən xoş çağım,
Səndə keçib, səndə dağlar.
Ətəyində bağça, bağım,
Qalıb məndən gendə, dağlar.

Şairin istedadı budur ki, o misralarına hopan dərdi, ahu-zarı xüsusi bir üstalıqla oxucuunun qan yaddaşına çevirə bilir. Dağlar mövzusunda çoxlu şeirlər yazılıb ki, Həsən Mirzənin bu şeiri Məmməd Arazın “Dağlar” şeiri ilə bənzərliyi daha çox diqqət çəkir. Hər ikisində həsrətin notları duyulur, bu notların alt qatında isə vətənə olan dərin bir sevgi kodlaşdırılır.

Lalər örpək salındır,
Çiçəklər xalça-xalındır,
Həsən Mirzə qonağındır,
De qalsınmı səndə dağlar?

“Gəlmişəm” şeirində də Naxçıvana gəlişini təsvir edən şair üzünü o taylı Azərbaycana tutaraq Vətənin – o tayın ətrini qoxlayır:

Gəldim yaylaqlara,dağlara çıxam,
Ordan viran olmuş,yurduma baxam,
Həsənəm, bu bgün var, bir günsə yoxam,
Vətən ətrin qoxlamağa gəlmişəm,
El-obanı yoxlamağa gəlmişəm.

“Qaldı – Qalmaz” deyişməsində də yenə nikbin notlara söykənir, tərəf müqabilinin bədbin notları qarşısında öz inam dərəcəsini nümayiş etdirir. Bu şeirdə Atatürkün, Səttarxanın və ulu Heydərin adlarını sadalamaqla türkün qüdrətini dilə gətirir, onun enməzliyini canlandırır. Bu möhtəşəm, bitkin fikirlərin fonunda hayları olduğqları kimi – hansı cilddə, hansı libasdadırlarsa, elə o cür də ustalıqla ifadə etməyi bacarır.

Atatürkün qeyrətini bilir hay,
Səttar xanın cürətini bilir hay,
Heydərimin qüdrətini bilir hay,
Qorxma, ərlər yurdu Laçoya qalmaz.

Şair misraların qanadlarında öz oxucusunu Vətən torpağının seyrinə aparır, onu birər-birər, addım-addım, ləpir-ləpir gəzdirib dolandırır o torpaqları. Vətənin hər bir qarış torpağı sətir-sətir əzizlənir. Sanki o, misraları ilə qarşımızda bir xəritə açır və necə ki, ulu öndərimiz çubuq əlində xəritə önündə dədə-baba yerlərimizi dünyanın gözü önündə öz adı ilə bir-bir sadalayıb göstərirdi. Şair də öz poetik qüdrətilə onları gözümüzün önündə canlandırır və sözün sehiri ilə həmin yerləri qəlbimizə köçürür, yaddaşımıza, təfəkkürümüzə həkk edir. Dərələyəz təbiətini şair qələminin ecazkarlığı ilə tərənnüm edir. O yurdun füsunkarlığını xüsusi bir boyalarla vəsf edir:

Süsənli-sünbüllü yaşıl yaylaqlar,
Lilparlı, yarpızlı, şır-şır bulaqlar,
Dədəm Qorqud gəzən qədim oylaqlar,
Həsən deyər heç vaxt Maşoya qamaz,
Vətən Dərələyəz Xaçoya qalmaz!

Yenə də şair təbət ocağının tərənnümü fonunda paralel olaraq bir daha bu gözəl diyarın, füsunkar təbiət ocağının qədim türk yurdu olduğunu şeirin sonunda xüsusi bir intonasiya, xüsusi bir şövqlə vurğulayır.

A Mehdi, vəsf eylə uca dağları,
Türk-Oğuz yurdunu, göy yaylaqları,
Lilparlı, yarpızlı buz bulaqları,
Həsənlə bigə gəz Dərələyəzdə.

Bu fikirlər elə belə düşüncələrə söykənmirdi. Şair alim idi, tədqiqartçı idi, o, xalqın tarixini, keçmişini, onun hansı keyfiyyətlərə mənsubluğunu çox gözəl bilirdi. Qoynunda qəhrəmanlar yetişdirən bu yurd-yuvanın mərd mübariz oğullarının tükənmədiyini bilirdi. Elə bu düşüncələr zəminində də deyirdi:

Qalxın, Vətən oğlu, qalxın ayağa,
Doğma yurda sahib çıxmasın dığa,
Qovun nankor hayı, qovun uzağa,
Arpaçayda verim selə dərdimi.

“Təbriz” şeirində də Təbrizlə, bu gözəl, qədim bir şəhərlə qovuşmasının sevincini qələmə almaqla bərabər, yenə də dərdlərini dilə gətirir və bu şəhərə müraciətlə bizləri unutmamasını ona bərk-bərk ismarlayır:

O taylı, bu taylı boyların biridir,
Güneyli-quzeyli soyların biridir
Dərd-qəmin,ələmin,toyların biridir,
Qardaşıq, qardaşı unutma,Təbriz!
Həsən Mirzəni də unutma,Təbriz!

Həsən Mirzənin şeirləri dərdlərin obrazlı ifadəsi baxımından dəyərlidir. O qədər dərin mənalı, axıcı, aghəngdar şeirlər qələmə alıb ki, dərdləri elə dindirə bilib ki, ona müraciətən bu tərzdə yeni-yeni şeirlərin yaranmasına rəvac vermiş olub. Bu hal özü Həsən Mirzə qələminin qüdrətindən xəbər verir. Bu həm də şairin dərd mövzusunu çox mükəmməl, tutarlı bir şəkildə canlandıra bilməsi, səsləndirib diqqətə gətirə bilməsindən meyarlanır. Bu istiqamətdə Z. Yaqub, Alqayıt, Sədaqət Buta və s. şairləri göstərmək olar ki, onlar şairin harayına səs veriblər.
Həsən Mirzənin şeirlərindən duyulan odur ki, şairin könlü Vətən həsrəti ilə göyüm-göyüm göynəyir, dərd, qəm – qüsə onu qəlbən didib parçalayır, həsrətdən köz alan yanğıdır ki, onun düşüncələrini ağuşuna alır, dərdli bir aləmə sürükləyir, poetik aləminə nisgil yağdırır, belə bir dünyanın girdabında şairin misraları için-için sızlayır. Ancaq hər bir kədərin müqabilində, dərdin qarşılığında heç vədə inamını itirmir, kədər dənizindən boy verib ucalan misraları ilə gələcəyə ümidlə boylanır. O yurda, o ocağa qayıdacağı günün xoş sorağını dilə gətirir. Şairin hər şeirində bu kimi nikbin notlar özünə yer alıb. Şair qədim türk yurdu, oğuz diyarı kimi Dərələyəzi və onun timsalında digər həsrət qaldığımız oba yerlərimizi təkcə pafos və patetika ilə tərənnüm etmir, onu qürurla öyməklə də kifayətlənmir. Həm də onu incə ruhundan qopan dərin bir sevgi ilə vəsf edirdi:

Kaş ki, o yerlərə bir də gələydik,
Nərgizin gözündən öpüb, üzəydik,
Nəticə toyunda yallı süzəydik,
İşlər olaydı düz Dərələyəzdə.

Həsən Mirzə bütün ömrü boyu Azərbaycan xalqının qüruruna və kədərinə yiyə duranlardan olub; həm elmi-pedqaoji, həm poetik, həm də ictimai-siyasi fəaliyyəti ilə. Milli ruhu, xalqımızın ən önəmli problemi kimi bötövləşmə məsələsini sətirlərinə daşıyaraq, misralarına hopduraraq qəm karvanını xoş sabahlar naminə ünvanına doğru çəkib.
Belə bir deyim var: “Arzula ki qovuşasan.” Həsən Mirzə də arzuladı və dərdlərin bitəcəyi, həsrətin ovunacağı, vüsalın oyanacağı bir günə inandı və elə bu inamla da bizlərdən ayrıldı; yalnız cismani olaraq. Ancaq dərin elmi fəaliyyəti ilə, mənəvi dünyamızı zənginləşdirən bədii yaradıcılıq nümunələri ilə, dəyərli misraları ilə hər zaman bizimlədir. Təbii ki, yaradıcı insanlar ölmürlər, onlar əsərləri ilə insanlıq səmasında parlayıb bərq vuran ulduzlar kimi daim sönməz olur, yolumuzu işıqlandırmaqda davam edirlər. Həsən Mirzə də belə bir müqəddəs yolun əzəli-əbədi sakinlərindən biridir…
Böyük tənqidçi V.Belinski deyirdi: “Şair sözü yüksək və müqəddəs bir sözdür. Bu sözdə əbədi bir şöhrət vardır.” Həsən Mirzə də şair sözünü, şeir kəlməsini uca tutan, onu yerlərdə sürünməyə qoymayan ədəbi şəxsiyyət kimi özünü təsdiq edə bildi. Çünki onun fikir dünyası sözün qüdrətindən intişar tapıb boy vermişdi. Şifahi xalq yaradıcılığının, folklor nümunələrinin dərin bilicisi olması, aşıq yaradıcılığına vurğunluğu da bu əsasda onun yaradıcı şəxsiyyət kimi yetişməsində mühüm rol oynayıb. Bu qüdrət həm də ona irsən keçmişdi. Atası İbrahim Mirzəlioğlu da bu sahədə özünü sınamış şəxsiyyətlərdəndir.

Həsən Mirzə ömrünün sonunadək ideallarına sadiq qaldı. O, həyatda məğrur yaşadı, əyilmədi. Misraları da, şeirləri də əyilməzlik donu geyindi, sətirləri öz libasını cəsarətdən biçdi, onlar da şairin özü kimi məğrur dayandı; dərdə, qəmə, qüssəyə dözüm göstərib sinə gərməyi bacardı, dərdin yaşatdığı dəhşətlərə, iztirablara boyun əymədi. Şairin poeziyasından görünən odur ki, dərd onun qamətini əyib belini bükmədi, dizlərini yerə qoyduracaq qədər cürət sahibi ola bilmədi. Əksinə, dərd onu daha mətinləşdirib, daha da cəsarətləndirirdi, vətən naminə gücünə güc qataraq el-obaya qayıtmaq arzusunu alovlandırırdı, yurd-yuva yanğısını ərşə qaldırırdı. Misralara hopmuş şairin böyük vətən sevgisi həsrətdən köz alıb, dərddən bəhrələnirdi. Şeirlərində vətən oğullarının ayağa qalxacağı o günə şairin inamı sarsılmaz idi. Həm də oğulları Vətən naminə, yurd naminə, itirilmiş od-ocaqlarımızın geri qaytarılması naminə, bütövlüyümüzün təmin olunması naminə haraylayırdı. Bənzərsiz poeziya nümunələri, orjinal ifadə vasitələri ilə şeirlərində dərdin canlı bir obrazını yaratdı. Onu təbii boyalarla qəlbimizə köçürüb təfəkkürümüzə, qan yaddaşımıza həkk etməyi bacard; ruhumuza damla-damla içirtdi. Bu baxımdan deyərdik ki, Həsən Mirzə poeziyamızın dərdlərini özünəməxsus ustalıqla açmağı bacaran əsl sənət fədaisi idi. O həm də dərdlərimizin poeziyasını yarada bildi, onu ecazkar poetik dilinin qüdrəti ilə canlanırıb yaddaşlara köçürməyi bacardı. Təbii ki, bu keyfiyyətləri ilə özü də əbədiyyətə qovuşdu.
Mahirə Nağıqızının yazdığı kimi, “O, Azərbaycan xalqını sevir, gedəcəyi yollara da inanırdı. O elə bu inamla da aramızdan getdi.” (Mahirə Nağıqızı. Həsən Mirzəyev: onun həyatının mənası. “Azərbaycan müəllimi” qəzeti, 26 fevral 2021-ci il).

Bu illəri onsuz gördük deyilməz,
Üzbəüzdə Həsən Mirzə yaşayır.
O nə sirdi, nə hikmətdi bilinməz,
Yüzə-yüzdə Həsən Mirzə yaşayır.

(Mahirə Nağıqızı, Həsən Mirzə yaşayır)


HƏBİB MİRZƏYEV
filologiya üzrə fəlsəfə doktoru, dosent,
Azərbaycan Texniki Universitetinin “Humanitar fənlər”
kafedrasının müdiri.

ZiM.Az

.

Copyright © All rights reserved. | Newsphere by AF themes.