Bolnisidə akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş Anım tədbiri keçirilib
Tədbirin keçirilməsində əsas məqsəd akademik Mədəd Çobanovun zəngin elmi irsinin təbliği, onun həyat və yaradıcılığının gənc nəslə tanıdılması olub.
Tədbir başlamazdan əvvəl Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların, eləcə də, akademik Mədəd Çobanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca akademik Mədəd Çobanovun yetirməsi və Anım tədbirinin əsas təşkilatçılarından olan Tahirə Əliyeva iştirakçılara vaxtı ilə ali məktəbdə təhsil aldığı illərdə ona dərs demiş akademik Mədəd Çobanovun mənalı həyat yolu, görkəmli alimin geniş elmi yaradıcılığı, ana dilimizə, milli mədəniyyətimizə və türkologiya elminə verdiyi dəyərli töhfələr barədə geniş təqdimatla məruzə edib.Tədbirdə müəllimlər, ziyalılar, mərhum alimin tələbələri, ailə üzvləri və Darvaz ictimai məktəbinin şagirdləri çıxış edərək akademik Mədəd Çobanovla bağlı xatirələrini bölüşüblər.

Çıxışlarda akademikin gənclərin savadlı, vətənpərvər və geniş dünyagörüşlü yetişməsi naminə yazdığı kitabların, həmçinin ona həsr olunmuş əsərlərin, çoxsaylı məqalələrin və şeirlərin əhəmiyyətindən də bəhs olunub.
Daha sonra Darvaz ictimai məktəbinin yuxarı sinif şagirdləri Mələk Bayramova, Gülandam Səfərova, Aytac Bayramova, Məryəm Aslanova, Süphanə Bayramova və Nərgilə Musayeva akademik Mədəd Çobanovun həyat və yaradıcılığına həsr olunmuş şeirləri səsləndiriblər, hazırladıqları təqdimatları tədbir iştirakçılarına təqdim ediblər.
Tədbir iştirakçıları akademik Mədəd Çobanovun zəngin elmi və mənəvi irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayaraq, bu kimi tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd ediblər.


Tədbirin sonunda akademik Mədəd Çobanovun oğlu Müşfiq Borçalı (Çobanov) tərəfindən tədbir iştirakçıları üçün göndərilən kitablar və digər hədiyyələr şagirdlərə və qonaqlara təqdim olunub, xatirə üçün foto şəkillər çəkdirilib.
Tədbirdən sonra iştirakçılar üçün çay süfrəsi təşkil olunub.
Svetlana MƏMMƏDOVA,
ZiM.Az





.