ORADA BİR MƏZAR VAR UZAQDA…

7 min read

1937-nin qara yelləri qapı-qapı, el-el gəzərkən, neçə-neçə işıqları söndürərkən qədim Borçalıda, ye­ni yaradılan Lüksemburq (Bol­nisi – 1930) rayonunun Darbaz kən­­dində bir işıq yandı. Namaz kişi­nin ocağında göz açan oğlana Mə­dəd adı verdilər.

Hələ çətin dövr idi. Doğma­la­rın­dan başqa kimsənin fərqində ol­ma­dığı bu gəliş illər sonra öz işı­ğıyla neçə qaranlıqlara şəfəq sa­çacaqdı, neçə körpülər sala­caq­dı. Hələ 1937-ci il idi. O illə­rin qa­ranlığıyla böyüdü. Uşaq­lı­ğın da­­dı­nı dadmadan cəfalar çək­di, müha­ribə ona nə ata, nə əmilər, nə də dayılar əhatəsini qismət et­di. Kən­də gələn qara kağızlar boy­nu­bü­kük uşaqların sevincə, sev­gi­yə həs­­rət çöhrələrində löv­bər salır­dı. O dövrdə uşaqlıq ya­şa­mayan, “şə­rikli çörəklə” bö­yü­yən uşaqların dərdi də şərik idi.

Nəhayət dünya müharibəsinin sonu xəbəri hər yana çatdı. Borçalı qəzasının Darbaz kəndində məktəb 1919-cu ildən fəa­liyyətdə idi. Balaca, sakit, öz dünyası olan şagird dərslərində fərqlənsə də, yenə də kimsənin nəzərində fərqli deyildi. Onda bü­tün uşaqlar bir böyüyüb, bir kiçilmişdilər, axı onlar şəxsiy­yətə pərəstişin qapısından keçib, faşizmin qandalından çıxan uşaqlar idilər, poladdan bərk idilər. Sanki zamandan qisas al­maq istəyi balaca Mədəd üçün bütün gücünü dərslərə yönəltdi. Ailəsinə dəstəyindən ayırdığı zamanla oxudu, oxudu, oxudu…

O vaxt əksər məzunlar sənədlərini Qazağa versə də, gənc Mə­dəd Tbilisiyə üz tutdu. Axı onun amalı vardı, qəlbindəki arzu­la­rın kökü dərin idi, açıb-ağartmasa da. Və Tbilisi Pedaqoji İnsti­tu­tunun Tarix-filologiya fakültəsinin Azərbaycan bölmə­si­nə qə­bul olundu. Bu yol o yol idi, başlanğıc idi. Fərqli addımla gəldi, fərqli planlarla məzun olduqdan sonra hərbi xidmətdə də zabit məktəbini bitirdi, rütbəylə geri döndü. Əvvəl öz oxuduğu mək­təb­də müəllim işlədi, az sonra Bolnisi rayon komsomol ko­mi­təsində, sonra rayon partiya komitəsində işləsə də ama­lın­dan dönmədi, pillə-pillə sürətli yüksəlmə onu içindəki məqsədə doğru aparan istəkdən vaz keçirə bilmədi. Axı məqsədi vardı, arzuları hələ gizlincə, sakitcə közərirdi qəlbində.

Rəsmi işiylə paralel Azərbaycan EA-nın Nəsimi adına Dil­çi­lik İnstitutunda qiyabi aspiranturada oxudu və Daşkənddə mü­dafiə etdi: “Bolnisi rayon şivələrinin leksikası”. Bu mövzu özü onu aparırdı istədiyi istiqamətə. Müdafiədən sonra onu instituta işə dəvət etdilər. Bəli, bu, raykomluqdan müəllimliyə eniş idi, amma içində olan “söküntünü qura bilməsəm də yazılarımla yaşatmalıyam” düşünürdü.

Çörük Qəmərli (Bolnisi) artıq tarix olmuşdu. Davamı olmalı idi. 1973-cü ildən müəllim kimi başladığı işində professor adı­na qədər ucaldı. İlk dəfə olaraq gürcü və Azərbaycan xalqları dost­luğunun tarixini araşdırdı, yenə də ilk dəfə olaraq Azər­bay­can və gürcü dilində danışıq lüğətini hazırladı. Hər iki dövlətin mədəni əlaqələri haqqında bir çox qəzet və jurnallarda gürcü dilində məqalələr dərc etdirdi. Dramaturgiyada, poeziyada, filmlərdə bu ardıcıllıqla pillə pillə ucaldı.

Professor Mədəd Çobanov 1994-cü ilə qədər Tbilisi Pedaqoji İnstitutunda fəaliyyətini davam etdirdi. Onun titullarını təkrar­la­mıram, çünki kifayət qədər məlumat var. Yazdıqlarım hör­mətli müəllimin Gürcüstandakı fəaliyyətidir.

Özünü təqdim etmək üçün bura ona darlıq etdi və keçid döv­rünün məlum çətinlikləri onu “könlünün məs­kə­ni­nə” apar­dı. Bakıda müxtəlif vəzi­fə­lərdə işlədi – kafedra müdiri, pro­rek­tor, rektor… yüzlərlə tələbə yetiş­dir­di, am­ma müqəddəs amalından qal­madı.

1997-ci il idi. Mən tələbə idim. “Ruskoyazıçnı” qohum­la­rımdan biri hərbi məktəbə daxil olmuşdu. Ana di­lində “əyri-üyrü” danışan bunlara mən həmişə tənə edirdim ki, siz nə özü­­nüzsünüz, nə də oxşamaq istə­di­yi­niz. İndi o bizə evə zəng et­mişdir ki, ona ana dilində məruzə etməyə kömək edəm (dik­siyadan yə­ni, onda indiki kimi özəl kurslar yox idi). Məni həmişə “na­çio­nalistka” adlan­dı­ran kə­sin ana dilimizə işi düş­məyi məni se­vin­dirdi. Sevincimi istehza kimi anla­yan həm­ya­şıdım dedi ki, bir müəllim var, səni kimi o qədər ana dilindən danışır ki, ay nə bi­lim zabit dilimizi belə bilməli, millət belə, xalq elə, elə bil ədə­biyyat fakültəsidir; biz hərbçi olacağıq e, şeir deməyəcəyik, na­tiq­lik mənim nəyimə gərək?..

Dedim yaxşı sərkərdə əmrlə yox, yerində danışmaqla əsgəri qələbəyə aparar. Güldü ki, elə o da belə deyir. Kimliyiylə ma­raq­landım. Dilçilik kafedrasının müdiridir dedi. Sonralar hər gördükçə, o Mədəd müəlliminiz başqa nə danışır deyərdim. O da kəkələyərək öz məssəfiylə təkrarlayardı… Tanımadan, bil­mə­­­dən ana dilimizin gözəlliyi ilə, axarlığıyla qələbəyə gedək de­yən müəllimə çox böyük rəğbət bəsləyirdim.

Sən demə, hərbçilərə ana dilimizi təbliğ edən, terminləri mil­liləşdirən, əmrləri, tapşırıqları özümüzünküləşdirən bizim Bor­ça­lımızın Mədəd müəllimi imiş.

Ə.Şıxlinski burjua in­qi­la­­bından sonra 1918-ci ilin fevralında seymdən xü­susi icazəylə Tiflisdə Müsəl­man Hərbiyyə Mək­təbi aç­dı, sonralar məkanı və adı dəfələrlə dəyişsə də sonda H.Əliyev adına Hərbi Elm­lər İnstitutu ad­landı.

Tiflisdən Bakıya qırıl­mış qəlbin mənəvi yü­küylə getdi Mədəd müəl­lim. Həmişə ol­duğu kimi. Özümüzün özümüzə zər­bə­siylə içində bir qaysaq­la­ma­yacaq yarayla. Ge­dərkən adı dəfələrlə də­yişsə də məqsədi, məramı bir olan həmin hərbi mək­təbdə işlədi. Hərbçilərə dili­mizi, zabit etikasını, mənəviyyatı aşıladı. Hərb tariximizin bu günkü hərb dili üçün özümüzü yaratdı, tələbələrə milliliyi aşıladı. Ana dilini zəif bilən gənclər üçün Mə­dəd müəllim bir xoş xatirə oldu. Bununla kifayət­lənmədi Mədəd müəllim.

Ata-baba yurdunun 1991-dəki qara tarixi, yer adlarının sapı özü­müzdən olan baltalarla kəsilməsi onu çox narahat edirdi. Çörük Qəmərlinin adı Lüksenburq, sonra Bolnisi oldu. Bir ömür­də üç dəfə dəyişdi yurdunun adı. Yazan qələmi vardı, o qə­ləmlə bir tarix yazdı ki, unudulmasın o adlar. “Borçalı topo­nim­ləri” kitabıyla tarix yazdı. Ədəbi əlaqlər mövzusunun da­vamı kimi Tbilisidə “Sevirəm Gürcüstanı” adlı almanax təş­kil etdi. Leyla Eradzenin tərcüməsiylə o kitab Tbilisidə üç dəfə tək­rar çap olundu.

Mədəd müəllimin məqalə, oçerk, toponim yazıları və s. əsərlərinin sayı neçə yüzü keçir.

Mədəd müəllim Turançı, türkçü idi, bax, illərlə qəlbində giz­lətdiyi sirri bu idi. O sirriylə Azərbaycana getdi və özünü təq­dim etməyi bacardı.

Tarixə “Borçalı toponimləri”ni və Azərbaycan – Gürcüstan ədəbi əla­qə­lərini bağışladı. Zənnimcə, şərəfli bir ömür yaşadı – alim kimi, valideyn ki­mi, eloğlu kimi. Ən böyük səadəti də o ol­du ki, el qəlbindən keçərək oğul çiynində getdi son mənzilə.

Sizin yeriniz həmişə görünəcək, hörmətli müəllim.

 

P.S.: Mədəd müəllim Də­də Qorqud qəsəbə qə­b­ristanlığında dəfn olu­nub. Mənə elə gəlir, ora­dan Dar­­baza, Darbazdan da Də­­də Qorquda bir həzin səs gedir, ilmə-ilmə, na­xış-naxış sı­zıl­dayır:

 

Orada bir məzar var  

        uzaqda,

o mənim balamdır.

Orada bir el var

           uzaqda,

o el mənim elimdir.

ESMİRA ƏLƏKBƏRLİ,

01.08.2023

 

“Yeni yol” qəzeti,

Yeniyol.ge

 

https://yeniyol.ge/news/popular/628