BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ » ZiM.Az

7 min read

[ad_1]

Uşaqlıq illərindən tandığım, el-obamızın fəxri, görkəmli türkoloq alim, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Mədəd Çobanov haqqında keçmiş zamanda söz demək həqiqətən çətindir.

Mədəd Namaz oğlu Çobanov 1937-ci ildə qədim Borçalının Darvaz kəndində dünyaya göz açmış, uşaqlıq və gənclik illərini orada yaşamışdır. O, 1960-cı ildə A.S.Puşkin adına TDPİ-nun tarix-filologiya fakültəsinin Azərbaycan bölməsini bitirərək, rus, gürcü və türk dillərini dəqiq öyrənmiş, bir müddət pedaqoji fəaliyyət göstərmiş, Bolnisi rayon partiya komitəsində müxtəlif məsul vəzifələrdə çalışmış, eyni zamanda, təhsilini qiyabi olaraq Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında davam etdirmiş, 1973-cü ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmlər namizədi elmi adı almış və elə həmin ildən başlayaraq, əmək fəaliyyətini vaxtı ilə ali təhsil aldığı ali məktəbdə davam etdirmişdir. O, uzun müddət, daha dəqiq dedək, düz 20 ildən artıq həmin institutda çalışmış, Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, kafedra müdirinin müavini, kafedra müdiri və professor vəzifəsində fəaliyyət göstərmişdir.

Mədəd müəllim uzun illər apardığı elmi araşdırmalarının nəticəsi olaraq yazdığı doktorluq dissertasiyasını 1992-ci ilin fevralında Bakı Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri doktoru elmi adını almış, elə həmin ilin oktyabrında A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar S.Ş.Orbeliani adına Tbilis Dövlət Pedaqoji Universiteti, indi isə İlya Universiteti adlanan ali məktəbin) professoru seçilmişdir.

Təəssüflər olsun ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Gürcüstan Respublikası Ali Sovetinin sədri və Müstəqil Gürcüstanın 1-ci prezidenti olmuş Z.Qamsaxurdiyanın mənfur siyasəti nəticəsində Borçalıda yaşayan soydaşlarımıza qarşı yönəlmiş güclü təqib və təzyiqlərdən sonra professor Mədəd Çobanov da minlərlə soydaşımız kimi, öz iş yerindən ayrılmış, Bakı şəhərinə köçməyə məcbur olmuş və ömrünün sonuna qədər Bakıda yaşayıb-yaratmışdır. O, Bakıda yaşasa da, doğma Borçalını heç vaxt unutmur, hər ildə bir neçə dəfə doğma el-obasına baş çəkir, soydağlarımızın qayğı və problemləri ilə maraqlanırdı.

Professor Mədəd Çobanov Bakıda yaşadığı illərdə Azərbaycan Futurologiya Universitetində prorektor, Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan və uzun müddət H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə “Dillər” kafedrasıın müdiri vəzifəsində şərəflə çalışmış, eyni zamanda, elmi tədqiqat işlərini də uğurla davam etdirmiş, müxtəlif illərdə müxtəlif ali məktəblərdə pedaqoji fəaliyyət göstərmiş, o cümlədən, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində dərs demiş, elmi mühazirələr oxumuşdur.

Professor Mədəd Çobanov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının Ekspert Şurasının üzvü, 2000-ci ildə Türk Dil Qurumunun və 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Yüzlərlə müəllimin, onlarla alimin yetişməsində professor Mədəd Çobanovun böyük əməyi olub. Yetirmələrinin bir neçəsinin elmi rəhbəri, 40-dan artıq namizədlik və doktorluq dissertasiyasının məsləhətçisi, opponenti və ya rəyçisi olmuşdur.

Professor Mədəd Çobanov 1972-ci ildən bəri 8 dəfə Beynəlxalq, 14 dəfə keçmiş Ümumittifaq, 44 dəfə Respublika, 126 dəfə ali məktəblər arası elmi konfrans və simpoziumlarda iştirak et­miş və elmi məruzələrlə çıxış etmişdir.

Mədəd müəllim yaşadığı illərdə çoxsahəli elmi tədqiqat işləri aparmışdır. O, ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də Azərbaycan dialektologiyası, Azərbaycan onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, mətnlərin dilinin təhlili, dil əlaqələri, ədəbi tənqid, ədəbi əlaqələr və publisistika, hərfi humanitar elmlər, təhsil məsələləri, lüğətçilik məsələləri, bir sözlə, filologiya-dilçilik, ədəbi tənqid və jurnalistika, pedaqogika və dillərin tədrisi metodikası, tarix-hərb tarixi və s. sahələrdə geniş elmi tədqiqat işləri aparmışdır.

Mədəd müəllim yenilikçi alimlərimizdən idi. O, həmişə bir tədqiqatçı kimi filologiyamızdakı boşluqları araşdıraraq, dövrün, zamanın tələblərinə uyğun xeyli əsərlər yazmışdır.
Professor Mədəd Çobanovun əsərləri müntəzəm olaraq Azərbaycan Respublikası “Elmi xəbərlər”ində, AMEA-nın, BDU-nun, ADPU-nun Elmi Əsərlərində və s. elmi nəşrlərdə daim yayınlanmış, həmçinin, Gürcüstanda, Türkiyədə, Özbəkistanda, Qırğızıstanda, Başqırdıstanda və digər yerlərdə, türk, rus, gürcü və başqa dillərdə nəşr olunmuşdur.

Professor Mədəd Çobanov “Azərbaycanşünaslığın əsasları”, “Azərbaycan onomastikası”, “Azərbaycan antroponimiyasının əsasları”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”, “Pedaqoji məsələlər”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud – Qəhrəmanlıq dastanı”, “Ədəbi düşüncələr”, “Dilçilik məsələləri” və s. adda 80-dən çox kitabın, o cümlədən, 15 monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir.
Onun əsərləri – Azərbaycan elminə verdiyi dəyərli töhfələr görkəmli alimlər və məşhur mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Professor Mədəd Çobanov dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub. Prezident təqaüdünə layiq görülüb.

Mədəd müəllimin əsərləri yuxarıda da qeyd etdiyimiz kimi, qardaş Türkiyədə də geniş yayılmış, “Azərbaycan şəxs adları” kitabı, hələ 1992-ci ildə Çingiz Ayılmaz tərəfindən türkcəyə çevrilmiş və Ərzurumda çap olunmuşdur. Daha sonralar professor Mədəd Çobanov bir neçə dəfə Türk Dil Kurumunun və müxtəlif ali məktəblərin təşkil etdiyi beynəlxalq elmi konfrans və simpoziumlarda içtirak və elmi məruzələrlə çıxış etmişdir.

Mədəd müəllim ali və orta məktəblər üçün də xeyli dərslik və dərs vəsaiti hazırlamış, o cümlədən, orta məktəblər üçün 9, 10 və 11-ci siniflər üçün “Azərbaycan-Türk dili”, ali məktəblər üçün “Azərbaycan antroponimiyasının əsasları”, “Azərbaycanşünaslığın əsasları”, “Mətnin linqvistik təhlili”, “Altay dilləri ailəsində Azərbaycan türk dilinin mövqeyi”, “Nitq mədəniyyəti”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud – Qəhrəmanlıq dastanı” və s. adlı xüsusi kurslar, proqramlar, dərslik və dərs vəsaitləri hazırlayıb nəşr etdirmişdir.
Övladları indi onun yolunu uğurla davam etdirir, bu bizi sevindirir.

Bir sözlə, istedadlı, bacarıqlı və zəhmətkeş alim, çox hörmətli professor Mədəd Çobanov bu gün cismən aramızda olmasa da, onun ruhu və əziz xatirəsi daim bizimlədir. O, görkəmli türkoloq, tanınmış dilçi-alim və xeyirxah insan kimi əbədi olaraq xatirələrdə yaşayacaq!

VAQİF İSRAFİLOV,
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti,
filologiya üzrə fəlsəfə doktoru

16.01.2024-cü il

ZiM.Az

 

@ Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

[ad_2]

 

Source link