MÜDHİŞ GECƏ
13 min read
Qanlı 20 yanvar 1990-cı il hadisələri əsasında yazılmış hekayə
Adi, soyuq qış gecələrindən biri idi. Üç yaşlı körpəsinin “ana” deyən səsinə oyanan Gülçin, qaranlıqda qalxıb körpəsinə yaxınlaşdı.Otaqlar bumbuz, hər tərəf isə zülmət qaranlıq idi. İşıqlar sönmüşdü. Son vaxtlar demək olar ki, işıqlar hər gün sönürdü. Buna görə ana əlinin altında şam və kibrit saxlayırdı. Anasının gəlişini hiss edən körpə bərkdən ağlamağa başladı. Elə bil nədənsə qorxmuşdu. Ana əlini uzadıb kibriti götürmək istədi. Uşağın daha da bərkdən ağlayaraq yatanları oyadacağını düşünüb, tez onu qucağına aldı. Evdə hər kəs mışıl-mışıl yatırdı. Qızı Samirə və oğlu Rəşad dünyadan xəbərsiz idilər. Lakin, Gülçin bayırdan gələn qəribə səslərdən və evə düşən qırmızı işıq zolağından özü də qorxmuş kimi pəncərəyə yaxınlaşdı. Gördüyü mənzərədən dəhşətə gəldi. Bir anlıq yerindəcə dondu. İlahi nə baş verirdi? Elə bil atəşfəşanlıq idi. Göyün üzünü çalın-çarpaz hərəkət edən qırmızı işıq zolaqları bürümüşdü. Hətta, güllə səsləri eşidilirdi. O, əvvəlcə heç nə anlamadı. Saat gecə iki idi. Gülçin körpə Elşadını bağrına basaraq tez yataq otağına keçdi ki, yoldaşı Həmidi oyatsın. Həmid küçədən gələn səslərə oyanıb, artıq əynini geyinirdi. O, təlaşla:
– Bu nə səsdir Gülçin?- deyə soruşdu.
Gülçin qorxmuş halda, bir qədər də titrək səslə:
– Bilmirəm deyib, – tələsik uşağı yorğana bükdü və onlar birlikdə
balkona çıxdılar.
Gülçingil magistral yoldan bir qədər aralıda, həyət evində yaşayırdılar. Hər şey aydın görünməsə də səs-küy, güllə səsləri və hərəkət edən maşınları görmək olurdu. Qayınatası və qayınanası balkonda dayanmışdılar. Oğlu ilə gəlinin evdən çıxdığını görən qayınana üzünü oğluna tutaraq, kövrək səslə:
– Bala, deyəsən müharibə başlayıb,- dedi.
Bu sözün necə dəhşətli söz olduğunu izah etmək çox çətindir.
1987-ci ilin noyabrdan ermənilər həmişə olduğu kimi yenə də Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi məsələsini ortaya atmış, Stepanakertdə(qədim Xankəndi) mitinqlərə başlamışdılar. Mitinqlərə havadarlıq edən Sovetlər hakimiyyətinin bu yarıtmaz müdafiəsi nəticəsində 1990-cı ilin “Yanvar faciəsi” baş verdi. Bunun nəticəsində minlərlə soydaşlarımız həm Ermənistandan, həm də Qarabağdan, öz dədə-baba yurdlarından məcburi çıxarılaraq didərgin düşmüş və Azərbaycanın müxtəlif bölgələrinə pənah gətirmişdilər.
Həmid küşədə adamların olduğunu görüb aşağı düşdü. Gülçin isə tez otağa keçib uşaqlarını oyatdı və qalın geyindirərək balkona çıxartdı. Gülçin nə etdiyini bilmirdi, özünü tamam itirmişdi. O, nə baş verdiyini uşaqlarına izah etməyə və onlara qorxmamağı tapşırdı. Üzünü qızına tutub:
– Bax, qızım siz artıq böyük uşaqlarsınız, bilməlisiniz ki, erməni
quldurları torpaqlarımızı işğal edib, torpaqlara sahiblənmək istəyirlər. Amma bizim dövlətimiz o torpaqları terrorçu quldurlara vermək istəmir və verməyəcək də. Ona görə də ermənilərlə bizim aramızda dava ola bilər, yəni müharibə. Siz bunu unutmayın. İndi sakit oturun, gözləyək görək ata nə xəbər gətirəcək.
Gülçin yoldaşının küçəyə çıxıb təşvişlə evə qayıtdığını və bu gecə saat birdə rus əsgərlərinin silahlı bölmələrlə şəhərimizə girdiyini və silahsiz mülkü əhalimizə atəş açdığını, amansız divan tutduqlarını, çoxlu sayda adamlarımızın həlak olduğu xəbərini verdi. O, məhəllənin kişiləri ilə birlikdə Kirov Parkına(indiki “Şəhidlər Xiyabanı”) şəhid olanlar üçün məzar qazılmasına köməyə gedəcəyini söylədi. Anası nə qədər israr etsə də Həmid onu eşitmədi. Zirzəmidən bel və ling götürərək insanlara qoşulub getdi. Artıq gecə saat dördün yarısı idi. Uşaqlar geyinmiş vəziyyətdə yuxuya getmişdilər. Gülçin çox narahat idi, tez-tez balkona çıxır, evə qayıdırdı.
Evdə qərar tuta bilmirdi. O bilirdi ki, hamı kimi indi onun anasıgil də yatmayıb. Anasına zəng etmək istədi, lakin telefonlar kəsilmişdi, işləmirdi. Heç yerdən xəbər almaq mümkün deyildi. Gecəynən şəhərə daxil olmuş terrorçular ilk növbədə televiziya blokumuzu partlatmışdılar ki, insanlar heç yerdən məlumat ala bilməsin. Ümid yalnız məhəlləyə gəlib gedən adamlardan bir söz eşitməyə qalmışdı. Deyəsən heç küçədə də adam qalmamışdı. Tam sakitlik idi. Birdən Gülçin küçədən rus dilində danışıq səsləri eşitdi. Küçə qapısının açıq qaldığından narahatlıq keçirdi, amma birdən yadına düşdü ki, yoldaşı gedəndə, qaynatası düşüb küçə qapısını bağlamışdı. Gülçin gizlincə pəncərə pərdəsini azca aralayıb küçəyə baxdı. Dörd-beş nəfər əli avtomatlı hərbi geyimli adamlar evlərə baxa-baxa bərkdən gülür, nəsə danışaraq küçədən keçirdilər. Gülçin onların bizim şəhərə soxulmuş əsgərlər olduğunu bildi. Yavaşca pəncərədən aralandı. Bu vaxt qızı oyandı. Gülçin barmağını dodaqlarına qoyub ona susmaq işarəsini anlatdı. Yaxına gəlib qızını qucaqladı. Çox qorxmuşdu. Az sonra quldur hərbiçilərin səsi uzaqlaşdı və sonra tamamilə kəsildi. Yəqin ki, onlar dinc insanları qətlə yetirmək üçün məhəllə-məhəllə gəzir, küçədə gördükləri insanları öldürmək fikrində idilər. Çünki arada güllə səsləri də gəlirdi.
Artıq hava tam işıqlanmışdı. O, uşaqlarına yemək verdi, süfrəni yığdı və qızına:
– Get qardaşınla şəkil çək dedi, özü isə otağa keçdi, paltosunu
geyinib otaqdan çıxdı və uşaqlarını qayınanasına tapşıraraq:
– Mən belə dayanıb, dura bilmərəm. Həmid də yoxdur. Şəhərə
gedirəm görüm nə xəbər gətirə bilərəm. Siz uşaqların yanında olun.
O evdəkilərin etirazına baxmayaraq yola çıxdı. Hava işıqlanmış, gecənin qorxunc kabusu çəkilmişdi. Küçədə adam əlindən tərpənmək mümkün deyildi. Hər kəs təşviş içərisində eşitdiklərini, gördüklərini danışırdı. İctimai nəqliyyat işləmirdi. Gülçin də adamlara qoşularaq piyada şəhərə üz tutdu. Birtəhər gəlib Hökumət evinin qarşısına çıxdılar. Minlərlə adam, kişi, qadın, uşaq, qoca cavan hər kəs ayaq üstə idi. İynə atılsaydı yerə düşməzdi. Ağlaşma, oxşama səsindən insan dəli olmaq dərəcəsinə çatırdı.
Məlum oldu ki, bizim silahsiz insanlara xəbər verilmişdi ki, yanvarın 19-dan 20-nə keçən gecə şəhərə qoşun yeridiləcək. Çoxu gənclərdən ibarət dəstələrimiz əsas küçələrdə barrikadalar qurmuş, sədlər çəkmiş və şəhərə girəcək 366-çı motoatıcı alayın rus və erməni əsgərlərindən ibarət birləşmiş dəstələrinin şəhərə girməsinə mane olmaq istəmişdilər. Onlar heç ağıllarına belə gətirmirdilər ki, sovetlərin tərkibində olduğumuz halda silahsiz insanların üstünə tanklarla, BTR-lə hücum oluna bilər. Lakin, gecəynən quldur birləşmələri şəhərə daxil olur, BTR və tanklarla barrikadaları vəhşicəsinə dağıdaraq, insanların üstündən keçmiş, ayaqda qalanlara isə atəş açaraq öldürmüşlər. Hətta binaları, evləri gülləbaran edib, günühsız insanları evlərində belə qətlə yetiriblərmiş. Yəqin ki, bununla azərbaycanlıların gözünü qorxudub, onları dədə-baba yurdu olan Qarabağ sevdasından əl çəkdirəcəklərini düşünüblərmiş.
Şəhər bütünlüklə matəmə bürünmüşdü. Minlərlə insan intizarla həlak olanların buradan birbaşa Kirovun adını daşıyan parka(indiki “Şəhidlər Xiyabanı”) yola salmaq üçün gözləyirdi. Nəhayət, izdiham hərəkətə gəldi. Onlarla həlak olmuş günahsiz insanların xalqın qarşısından keçirərək gecədən qazılmış məzarlara yola salınmasının vida mərasimi başlandı. Çox dəhşətli bir gün idi. Hər kəs ağlayır, ağı deyir, oxşayırdı. Gülçin də ağlaya-ağlaya izdihama qoşularaq, düz Prezident sarayının qarşısına qədər gəldi. Orada çıxışlar oldu. Hər kəs birlik nümayiş etdirməyin vaxtı gəldiyini, torpaqları düşmənə verməməyi qərara aldı. İnsanlar ciblərindən Kommunist Partiyasının üzvlük biletini çıxararaq, qalanmış tonqala atır və SSRİ-nin Baş Katibi Mixail Qorbaçova “ölüm”, “cəllad” kimi şüarları səsləndirirdi. Cənazələrlə xiyabana doğru hərəkət başladı. İnsanların çox hissəsinin qarşısını kəsərək, xiyabana çox adamın getməsinə icazə vermədilər. Lakin, heç kim dağılışmaq istəmirdi. İnsanlar hasarın üstünə çıxıb çıxışlar edir, bunun qisasının alınmasını o zamankı rəhbərlikdən tələb edirdilər. Elə bu zaman aşağıdan, bulvar tərəfdən iki tank peyda oldu, düz insanların üzərinə yeridi. Qaçaqaç, qovhaqov başladı. Hərə bir tərəfə qaçdı. Sonra çıxış edənlər səsgücləndirici ilə xalqa müraciət edərək evlərə getmələrini xahiş etdi və həlak olanları rahatlıqla dəf etməyi, daha çox itki verməməyimiz üçün sakitliyə riayət etmələrini söylədilər. Vəziyyət çox ağır idi.
Evə gəldikdə Gülçin yoldaşının da yenicə gəldiyini, üst-başının büsbütün palçıq olduğunun həlak olanlar üçün hamılıqla birlikdə qəbir qazıdıqlarını söylədi. Həmid əynini dəyişib gəldi. Şəhərdə olduqda həm Həmid, həm də Gülçin axşam baş verənlər haqqında eşitdiklərini danışdılar. Həmid yenə evdəkiləri dinləmədi, cavanlara qoşulub şəhərə getdi.
Səhəri şəhərdə fövqəladə vəziyyət elan olunmuşdu. O günü gecəyə kimi Həmiddən xəbər olmadı.
Gecəni səhərə kimi körpələrdən başqa kimsə yatmadı. Hətta Həmidin bütün qohumları topa halında bir-birinə yaxın yaşadıqlarından səhərə kimi evə biri gedib, biri gəlir, hər kəs eşitdiyi xəbərlərdən söhbət edirdi. Həmiddən isə gördüm deyən yox idi.
Səhər saat 5-də telefon qəflətən zəng çaldı. Xətt işləyirdi. Gülçin dəli kimi telefona cumdu. Əvvəlcə qarmaqarışıq səslər gəldi. Heç nə başa düşmədi, birdən Həmidin – alo, alo dediyini eşitdi. Bircə onu başa düşdü ki, Həmid deyir, Gülçin evdən bayıra çıxmayın, vəziyyət pisdir, məndən nigaran qalma, uşaqlardan muğayat ol-dedi və səs kəsildi Gülçini ağlamaq tutdu. Ürəyindən ağlagəlməz fikirlər keçirdi.
Hava işıqlanmışdı. Amma çox soyuq idi. O yenə pəncərənin qarşına gəldi. Hətta pəncərəni açıb, sol tərəfə-yola boylandı. Qonşularının oğlu Mübarizi tankın üstündə oturmuş əli avtomatlı bir əsgərlə əsəbi danışdığını gördü. Bu zaman Həmid və daha iki oğlan hardansa peyda oldu, onlara yaxınlaşmaq istədi. Elə bu zaman əli avtomatlı əsgər qəflətən insanlara atəş açaraq, tankın içinə girdi və tank oradan uzaqlaşdı. Küçədə olanların qışqırıq səsləri aləmi götürdü. Gülçin də tələsik düşüb oraya getdi. Güllələnmiş adamları tez-tələsik maşına qoyub yaxınlıqdakı xəstəxanaya aparmışdılar. Xəstəxana yaxın olduğu üçün, Gülçin də əynində ev paltarı soyuğu hiss etmədən özünü xəstəxanaya çatdırdı. Yaralıların vəziyyəti ağır idi. Həmidin güllə sinəsindən dəydiyi üçün ölümlə üz-üzə qalmışdı. Bir qədər keçmiş qohumlar xəstəxananın həyətinə doluşdular. Ağlaşma, narahatlıq var idi. Hər üç yaralı əməliyyata götürüldü. Onlardan biri çox gənc idi. Heç əməliyyata çatdıra bilmədilər, aldığı yaradan vəfat etmişdi. Aləm bir-birinə qarışdı. Həkimlər də çaşbaş qalmışdılar. Yaxşı ki, milislər köməyə gəlib, insanları bir qədər sakitləşdirə bildi. İnsanlar bir-birilərinə çox mehriban münasibət göstərirdilər. Tibb bacısı bir Gülçinə bir adyal verdi ki, al çiyninə at. Gülçin əyni nazik olsa da soyuğu hiss etmirdi. Bir neçə saat keçdi. Vəfat edənin qohumları ölülərini apardılar. Qalan iki yaralı isə hələ də əməliyyatda idi. Heç kim çıxıb bir söz demirdi. Gərgin anlar yaşanırdı. Nəhayət həkim çıxdı. Həmidin vəziyyətinin çox ağır olduğunu, o biri yaralı üçün isə qorxu olmadığını dedi. Həkim hər kəsdən evə getmələrini xahiş etdi. Xəstəxanada səs-küy olmasın deyə Gülçingil də evə qayıtdılar. Həmidin qardaşları arada xəstəxanaya gedib-gəlir, vəziyyətin dəyişmədiyini deyirdilər. Bu günü də belə başa vurdular. Onsuz da iki gün idi hamının yuxusu ərşə çəkilmişdi.
Gülçin xəstəxanaya getmək istəsə də evdən icazə vermədilər ki, uşaqlarını başsız qoyub hara gedirsən. Həm də dünən əyni nazik olduğundan xəstələnmişdi. Bozağı şişmiş, özü də öskürürdü. Razılaşdı, getmədi. Kişilər yığışıb xəstəxanaya getdilər. İki saata yaxın vaxt keçdi. Hələ bir xəbər yox idi. Az sonra qonşunun oğlu gəldi və Həmidin atasına xəstəxanaya getməyini istədi. Dedi ki, həkimin sizə sözü var. Evdə hər kəs narahat oldu. Görəsən nə baş verir? Nolub? Atası getdikdən sonra gərginlik bir qədər də artdı. Nəhayəy gedənlər qayıtdı amma, çox ağır bir xəbərlə. Həmidin vəfat etdiyini söylədilər. İndi onlar xəstəxanaya qayıdıb, cənazəni məscidə aparmalıdırlar. Ölüm xəbərini evə çatdırmağı heç kim boynuna çəkmədiyi üçün Həmidin atası və qardaşı özləri gəlməli olmuşdular.
Bu xəbərin evdə necə dəhşətlə qarşılandığını izah etmək olduqca çətindir.
Bir anlıq sanki həyat durdu. Bu ağır xəbəri anındaca bütün qəsəbə bildi. Üç kiçik uşaq atasız böyüməli olacaqdı.
Artıq o ildən otuz üç il keçib. O müdhiş gecənin həyəcanı, ağrı-acısı isə unudulmur.
Biz torpaqlarımızı işğalçı etmənilərdən geri aldıq. I Qarabağ savaşında nizami ordumuz olmadığı üçün minlərlə oğullarımız torpaqlarımız uğurunda canlarından keçdilər, şəhid oldular. Onların yarımçıq qalmış işlərini isə 2020-ci ildə gənclərimiz davam etdilər. II Vətən müharibəsində artıq formalaşmış Milli Ordumuzun səyi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid əsgər və zabitlərimiz 44 günlük savaşda zəfər qazanaraq torpaqlarımızı düşməndən azad etdilər. Bütün şəhidlərimizin qisası alındı.
Allah Qarabağ uğurunda şəhid olan oğul və qızlarımıza rəhmət eləsin!
Pərixanım Mikayılqızı
“Şərqin səsi”, “Elm və Təhsil”
qəzetlərinin baş redaktoru,
şair, nasir, publisist,
AJB-nin üzvü,
F.b. Köçərlinin tədqiqatşısı,
bir sıra media mükafatları laureatı
ZiM.Az