Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

4 min read

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələr qurmuş və bu günə kimi müxtəlif sahələrdə inkişaf etdirmişdir. Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Avropa İttifaqı üçün cəlbedici edən faktorlardandır.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesinə Avropa İttifaqı da qoşulmuşdur. 2021-ci il 14 dekabr tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. Görüşün nəticəsi olaraq Avropa İttifaqı rəhbərinin səsləndirdiyi bəyanatda açıq şəkildə Rusiyada imzalanmış 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatları sadalanır, həmin sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulandı. Avropa İttifaqı hər iki ölkəni hərtərəfli sülh müqaviləsi imzalamağa çağırmaqla qalmamış, son abzasda “Cənubi Qafqazda, xüsusən, Ermənistanla Azərbaycan arasında ölkələrin suverenliyinə hörmətlə yanaşmaq şərtilə” kommunikasiya infrastrukturlarının bərpasının əhəmiyyəti vurğulanmışdır. Şarl Mişel regionda komunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib, hətta Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyini bildirib.
2022-ci 6 aprel tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə növbəti görüşü baş tutdu. İkinci üçtərəfli görüşdən sonra yayılan bəyanatda qeyd olundu ki, liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa Prezidenti Emmanuel Makronla videokonfransdan sonra baş verənləri qiymətləndirdilər. Həmçinin liderlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini bildirdilər.
Son olaraq 2022-ci ilin mayın 22-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü olub. Görüşdə Prezident İlham Əliyev Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında Sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd etdi və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğuladı. Prezident İlham Əliyev bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bir daha qeyd etdi , həmçinin işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha vurğuladı.

Babacan ZƏKİYEV,
Qusar rayonundakı
Sərvər Abdulkərimov adına
Balaqusar kənd tam orta məktəbin
direktoru

ZiM.Az

Copyright © All rights reserved. | Newsphere by AF themes.