Gürcüstanın türk mənşəli etnotoponomləri: tarix, müasir vəziyyət və gələcək
59 min readAVCİYA-nın “BORÇALI SÖHBƏTLƏRİ” Layihəsi çərçivəsində professor Asif Hacılı
və Borçalı əsilli dilçi alim, filologiya üzrə fəlsəfə doktoru,
Heydər Əliyev adına AAHM-in baş müəllimi
Hüsniyyə Mədəd qızı Çobanovanın Gürcüstanın türk mənşəli etnotoponomlərinin
tarixi, müasir vəziyyəti və gələcəyinə həsr olunmuş mükaliməni təqdim edirik.
Asif Hacılı: Hüsniyyə xanım, Siz – Borçalının görkəmli alimi, pedaqoqu, ictimai xadimi Mədəd Çobanovun övladı və onun borçalışünaslıq elmi yolunu davam etdirən vətənpərvər alim, ziyalısınız. Eləcə də istedadlı borçalışünas alim Müşfiq Borçalının bacısısınız. Siz dissertasiyanızı həm elmi, həm milli, həm ictimai-tarixi baxımdan vacib mövzuya – Gürcüstandakı türk əsilli toponimlərə həsr etmisiniz. Yəqin ki, yurdumuzun dəyərli xanım ziyalısı, istedadlı alimi kimi, formalaşdığınız ailə və təhsil mühitinin bu mövzuya gəlməyinizdə böyük rolu olub. “Borçalı söhbətləri” layihəmizin bu müzakirəsini də məhz bu mövzuya həsr etmək istərdik. Toponimika mövzusu özlüyündə çoxşaxəli, dil və dildənkənar amillərlə bağlı bir çox mürəkkəb problemləri əhatə edir. Sərhədlərin, mədəniyyətlərin, dinlərin, dillərin qovşağında yerləşən, müxtəlif xalqların yaşadığı Borçalıda bu məsələ xüsusilə aktualdır.
Hüsniyyə Çobanova: Asif müəllim, əvvəla bu dəvətə və belə bir vacib mövzunun müzakirəsinə görə Sizə minnətdarlığımı bildiriəm. Bəli, bir çox dildənkənar, tarixi, ictimai, siyasi amillərə görə Borçalıda bu məsələ olduqca aktualdır. Bu aktuallıq həm də xalqlararası münasibətlər baxımından əhəmiyyətlidir. Qonşu və digər xalqlarla siyasi-iqtisadi əlaqələrin, inteqrasiyanın inkişafının hazırkı mərhələsi humanitar elm sahələrinin, xüsusən də dilçiliyin qarşısında aktual problemlərin həllini tələb edir. Belə aktual problemlərdən biri də türk mədəni sisteminin tarixi-estetik mahiyyətinin müəyyən cəhətlərini özündə əks etdirən, qədim azərbaycanlıların məskunlaşdıqları ərazilərin, onların gəlmə və getmə coğrafiyalarının müəyyənləşdirilməsində mühüm rol oynayan etnotoponimlərin tarixi-coğrafi kontekst daxilində linqvistik-tipoloji xüsusiyyətlərinin tədqiq edilməsidir. Bu baxımdan zəngin və rəngarəng bir sistemə əsaslanan və Azərbaycan onomastikasının qıraqda, yəni başqa dövlətdəki arealda müəyyən bir layını təşkil edən Gürcüstan ərazisindəki türk etnotoponimlərinin toplanması, onların yaranmasında rol oynayan ekstralinqvistik faktorların üzə çıxarılması, quruluş və məzmun xüsusiyyətlərinin, etimoloji və ərazi cəhətlərinin təhlili minilliklər ərzində həmin torpaqlarda yaşayanların etnik və dil mənsubiyyətinin aşkara çıxarılmasına imkan verə bilər. Qədim gürcü, rus, Azərbaycan və digər mənbələrdə qeydə alınmış 500-dən çox etnonim qruplar, demək olar ki, Gürcüstanın aborigen türklər yaşayan bütün ərazilərdə kənd, dağ, çöl, düz, dərə, yataq, təpə, qaya, çay, bulaq, göl və s. adlarında daşlaşmışdır.
Asif Hacılı: Hüsniyyə xanım, keçək birbaşa mövzumuza – Gürcüstanın türk mənşəli etnotoponimlərinə və onların linqvistik, yəqin ki, həm də tarixi-mənəvi xüsusiyyətlərinə. Gürcüstanın türk mənşəli etnotoponimləri əhatəli və çoxlaylı anlayışdır, burada qədim dövrdə Qafqazda iz qoymuş, sonradan tarixdən silinmiş hun (onoqur, onoğuz), xəzər, qıpçaq, bulqar və digər bir çox türk boyları, Erkən Orta əsrlərdə Gürcüstan ərazində məskunlaşmış ikinci axın oğuz və qıpçaq soyları və eləcə də əzəldən burada yaşamış, bu gün də yaşayan, gürcü mənbələrinin “yeni türklər” adlandırdığı toplumdan fərqləndirərək, “bizim (yerli) türklər – buntürklər” adlandırdığı toplumla bağlı tarixi adları ayıra bilərik. Hazırda Borçalı və Ahıskada məskunlaşmış türk əhalinin özəyi də məhz bu əzəli yerli türklərdir. Siz tədqiqatlarınıza əsaslanaraq deyə bilərsinizmi, Gürcüstandakı türk etnotoponimləri bu fərqli tarixi-etnik layları əks etdirirmi? Yaxud bu toponimlər tarix boyu çulğaşıb, etnik differensiallığını itirib və hazırda sadəcə ümumi “türk etnotoponimlərindən” danışmaq daha səmərəlidir? Digər tətəfdən, burada sırf dilçilik baxımından da çox zəngin və çoxlaylı materialla rastlaşırıq.
Hüsniyyə Çobanova: Bəli, haqlısınız, müşahidələr göstərir ki, Gürcüstan ərazisində mövcud olan etnotoponimik layın tərkib və strukturu olduqca müxtəlifdir. Etnooykonim, etnooronim və etnohidronimlərin tərkib və quruluşunda özünü göstərən tarixi dil elementlərini təhlil etmək, semasioloji-etimoloji araşdırma nəticəsində etnooykonimlərin nüvəsində baş vermiş dəyişiklikləri meydana çıxarmaq, digər tərəfdən etnik layları – xalq, qəbilə, tayfa, nəsil, tirə miqrasiyalarının vəziyyətini müəyyənləşdirmək baxımından belə araşdırmalar mühüm əhəmiyyət kəsb edir.
Asif Hacılı: Bu isə, artıq dilçilik anlamından çıxaraq, tarix, coörafiya, etnogenez, etnik proseslərlə bağlanır və son nəticədə müasir milli kimlik şüuru məsələsinə bağlanır.
Hüsniyyə Çobanova: Bəli, bütün bunlar, toponimiya məsələləri, qədim Azərbaycan xalqının tarixi keçmişi, sosial durumu, mədəni tarixi şəraiti, təsərrüfat həyatı və bütövlükdə bu ərazidəki nəsillərin etnik mənsubiyyəti haqqında geniş informasiya mənbəyinə çevrilir. Gürcüstan ərazisindəki etnotoponimlərin tarix, coğrafiya və dilçilik elmlərinin inteqrasiyası fonunda sistemli şəkildə ekstralinqvistik faktorlar, areal xüsusiyyətlər nəzərə alınmaqla tarixi-linqvistik, leksik-semantik, qrammatik-struktur modellərinin tədqiqi, araşdırılması Azərbaycan dilinin, eyni zamanda, türkologiyanın bəzi qaranlıq məsələlərinin aydınlığı üçün olduqca mühüm əhəmiyyət daşıdığı kimi, çoxlu sayda etnotoponimlərin dəyişdirilməsi siyasətinə də tərəfimizdən münasibət bildirilməsi olduqca aktuallıq kəsb edən məsələlərdəndir.
Asif Hacılı: Son dərəcə vacib bir məsələyə toxundunuz, türk etnotoponimlərinin dəyişdirilməsi “torpağımızla həmsərhəd olan torpaqlarımızın” hamısında artıq iki əsrdən çoxdur ki, intensiv şəkildə gedir. Müxtəlif yer adları, coğrafi obyektlər, relyef və sairənin adlarının dəyişdirilməsi son nəticədə tarix haqqında təsəvvürlərin dəyişdirilməsinə, keçmişimizin qısırlaşdırılmasına səbəb olur. Buna görə də söhbət yalnız kənd adlarından deyil, bir çox digər coğrafi və eləcə də mədəni obyektlərdən getməlidir. Gürcüstan ərazisində mənzərə necədir?
Hüsniyyə Çobanova: Gürcüstan ərazisindəki etnonimlər əsasında əmələ gəlmiş etnooykonimlər, etnooronimlər və etnohidronimlər çox zəngin leksik-semantik, morfoloji və sintaktik xüsusiyyətlərə malikdir. Həmin etnotoponimlərin formalaşmasındakı ekstralinqvistik faktorların, linqvistik amillərin tədqiqi, eyni zamanda, onların yaranma və formalaşma dövrü və yollarını, mənşəyini, türkdilli xalqlar yaşayan ərazilərdəki paralellərin, həmçinin dəyişdirilmə siyasətinin öyrənilməsi olduqca əhəmiyyətlidir. Bunun üçün ən azı və ilk növbədə, buradakı fiziki-coğrafi xüsusiyyətləri əks etdirən türk mənşəli etnotoponimlərin ümumi səciyyəsini vermək və onların formalaşmasındakı ekstralinqvistik faktorları üzə çıxarmaq tələb olunur. Eyni zamanda ən qədim mənbələrdə, qaynaq və məxəzlərdə, rəsmi və qeyri-rəsmi sənədlərdə, inzibati ərazi bölgüsü kitablarında əksini tapan etnotoponimləri dəqiqləşdirmək, ərazidə mövcud olan türkmənşəli etnotoponimlərin yaranma yollarını və üsullarını müəyyənləşdirmək, coğrafi terminlərin etnotoponim yaradıcılığındakı rolunu göstərmək vacibdir. Regionun etnotoponimlərinin mənşəyini müəyyənləşdirmək, etnooykonimlərin, etnooronimlərin, etnohidronimlərin leksik-semantik tərkibini təyin etmək də öz yerində əhəmiyyətli məsələdir.
Asif Hacılı: Əslində bir institut mütəxəssislərinin həll edəcəyi böyük bir tədqiqat proqramını təqdim etdiz. Ancaq xahiş edərdim ki, bu məsələnin yalnız mütəxəssislər deyil, geniş kütlə üçün də aktual olduğunu nəzərə alaq və çox işlətdiyiniz etnonim məfhumunu bir qədər açıqlayasınız.
Hüsniyyə Çobanova: “Etnonim” yunan sözü olub, “tayfa, nəsil, tirə, soy, etnik qrup, xalq və ya millət adı” mənasındadır. Etnonimlərin əsas funksiyalarından biri də toponim yaradıcılığında fəal iştirak etməsidir. Yəni etnotoponim etnonimdən, o cümlədən onun növləri olan etnooykonim, etnooronim, etnoantroponim və etnohidronimdən yaranan coğrafi ad anlamındadır. Onomastika ilə sıx bağlı olub, qəbilə, tayfa, nəsil, tirə, etnik qrup, xalq və millət adını öyrənən elm sahəsi etnonimika adlanır.
Asif Hacılı: Beləliklə, etnotoponimlər və digər törəmə adlar birbaşa xalqın keçmişi, tarixi, varlığı, bu günü və həm də sabahı ilə bağlanır.
Hüsniyyə Çobanova: Tam şəkildə bağlanır. Toponimik araşdırmaların əksəriyyətində xalqın qədim tarixinin, iqtisadi-siyasi həyatının, məişətinin, etnoqrafiyasının, mifologiyasının və bir çox başqa sahələrinin tayfa adlarından törənən etnotoponimlərdə əks olunması göstərilir. Aydın olur ki, tayfa, tirə, nəsil, qəbilə adlarından törənən yer-yurd adları digər qrupdan olan toponimlərlə müqayisədə daha qədimdir. Tarixən hər hansı bir etnos hansı əraziyə qədəm qoyub məskunlaşmışsa, heç şübhəsiz ki, həmin əraziyə öz adını vermiş və beləliklə də, həmin bölgənin toponimiyasında öz dərin izlərini buraxmışdır. Bu baxımdan qonşu Gürcüstan ərazisində elə bir bölgə yoxdur ki, orada türk tayfalarının adları əsasında formalaşan etnotoponimlərə rast gəlinməsin. Tarixi faktlar, paleotoponimlər də sübut edir ki, Gürcüstan ərazisindəki türk mənşəli etnotoponimlərdə Qafqaz xalqlarının etnogenezində iştirak edən nəsil, tayfa, qəbilə adları mühafizə olunmaqdadır.
Asif Hacılı: Hüsniyyə xanım, bu dediklərinizdən aydın olur ki, Sizin tədqiqatın xüsusilə maraqlı tərəfi Gürcüstandakı türk mənşəli toponimlərin bizim ücün çox əhəmiyyəti olan aspektdə – etnonim əsaslı topnonimlər üzrə aparılmasıdır. Yəni söhbət sadəcə bu və ya digər yolla Gürcüstan ərazisinə keçmiş türk sözlərindən deyil, məhz burada yaşamış və yaşayan türk toplumlarının adı ilə bağlı etnotoponimlərdən gedir. Siz tədqiqatınızda elmi fikrə və müşahidələrinizə əsaslanaraq, tayfa və nəsil adları vasitəsilə formalaşan toponimləri tarixi baxımından daha qədim hesab edirsiniz. Gürcüstan ərazisində xüsusi qrup təşkil edən türk mənşəli etnoponimlərin tədqiqi bununla bizim etnik mənşəyimizin, burada türklük tarixin aydınlaşmasına xidmət edir. Belə olduqda, hansı türk etnosları, etnonimləri bu ərazilərdə türk etnotoponimlərinin yaranmasında daha fəal rol oynayıb. Bu etnoslar hansı dövrlərdən burada yurd salıb və sairə bu kimi məsələlərə aydınlıq gətirmənizi xahiş edirik.
Hüsniyyə Çobanova: Ayrı-ayrı mənbələrdə də qədim türk tayfalarının hələ eramızın ilk illərindən başlayaraq Gürcüstana güclü axını, ən əlverişli inzibati, strateji, əhəmiyyətli yerləri tutduqları, qüdrətli mövqeləri ilə məşhur olduqları göstərilir. III əsrdə buntürklərin, IV əsrdə hunların, V əsrdə onoqurların, VII-VIII əsrlərdə xəzərlərin, VI-VIII əsrlər qıpçaqların, XI əsrdə yeni qıpçaqların, XI əsrdə oğuz-səlcuqların və digər türkdilli tayfa və tayfa birləşmələrinin indiki Gürcüstan ərazisinə bir-birinin ardınca gələrək məskunlaşmasını nəzərə alsaq, bu da regiondakı etnotoponimik mənzərənin kompleks, o cümlədən dilxarici faktorlar nəzərə alınmaqla tədqiqini olduqca zəruriləşdirir.
Asif Hacılı: Siz türk mənşəli toponimlərin tədqiqində linqvistik araşdırmaya kompleks yanaşmış və dildən kənar amilləri də nəzərə almısınız. Bu məsələdə iki cəhəti – etnotoponimlərdə həm dilxarici amillərin rolunun öyrənilməsinin vacibliyini, həm də bu araşdrımaların ümumən etnogetik tədqiqatlarda rolunu qeyd edirsiniz. Bu günümüz baxımından bu məsələnin aktuallığını necə qiymətləndirərdiniz, biz yəqin ki, burada yaşayan qonşu xalqlara, ilk növbədə qardaç gürcü xalqına məxsus etnotoponimləri də qeyd etməli və qarşılıqlı əlaqələri də nəzərə almalıyıq.
Hüsniyyə Çobanova: Elədir ki var. Gürcüstan ərazisindəki etnotoponimləri mənşə baxımından üç böyük qrupa bölmək olar: gürcü mənşəli etnotoponimlər; türk mənşəli etnotoponimlər; digər mənşəli etnotoponimlər. Bu qruplar arasında əlaqələr və digər məsələlər özlüyündə xüsusi tədqiqat mövzusu ola bilər. Bizim tədqiqat obyekti isə, əsasən, türk mənşəli etnotoponimlərdir. Uzun tarixi inkişaf prosesi keçmiş Gürcüstan ərazisindəki türk mənşəli toponimlərin, demək olar ki, əksəriyyəti qədim türk etnosların adlarını özlərində əbədiləşdirmişdir. Etnosların yer adlarının yaranmasında və eyni zamanda, etnotoponimlərin formalaşmasında ekstralinqvistik faktorların rolunu hərtərəfli şəkildə təhlil süzgəcindən keçirməklə dilimizin, tariximizin, maddi və mənəvi irsimizin qaranlıq məsələlərinə aydınlıq gətirmiş olarıq.
Asif Hacılı: Türk etnomimlərinin izinə isə, tək Borçalıda deyil, Gürcüstanın bir çox yerlərində rast gəlmək olar. Türk soyları Gürcüstanda böyük ərazilərdə məskunlaşmış, hətta Gürcüstanın cənubuna mənbələrdə Didi-Türkoba, yəni Böyük türk yurdu deyilmişdir. Digər tərəfdən, Gürcüstan “Dədə Qorqud”dan üzü bəri türk folklorunun, klassik ədəbiyyatının, dastanların, rəvayətlərin poetik coğrafiyasına daxil olan doğma məkandır. Gürcü obrazları da foklorumuzda, ədəbiyytımızada daim sevgiylə, məhəbbətlə anılır. “Koroğlu”da Gürcüoğlunu, “Şeyx Sənan”da Sənanın gürcü Xumara ülvi eşqini xatırlaya bilərik, Axundovun gürcü ziyalıları ilə dostluğunu, elə bu yaxınlarda soydaşlarımızın Abxaziyada Gürcüstanın ərazi bütövlüyü uğrunda separatçılarla, o cümlədən ermənilərin Gürcüstana qarşı yaratdığı Baqramyan batalyonunun quldurları ilə qəhrəmancasına döyüşməsini göstərmək olar. Bu doğmalıq, türk mənşəli etnotoponimlərin Gürcüstanda geniş yayılma arealı, eyni zamanda gürcü toponimlərinin Azərbaycan folkloru və ədəbiyyatında əhəmiyyətli yer tutması, bu adların tarixi mənbələrdə əksi olduqca diqqətəlayiq və tarixi dostluğumuzu, qardaşlığımızı təsdiqləyən faktlardır. Buna görə də iki xalqın mənəvi sərvəti olan türk etnotoponimləri qorunub gələcək nəsillərə ötürülməlidir.
Hüsniyyə Çobanova: Bəli, Cənubi Qafqaz qədimdən türk və Qafqaz xalqlarının tarixi məskəni olmuşdur. Gəlmə ermənilərdən fərqli olaraq, bu xalqlar dinc dostluq, qardaşlıq şəraitində yaşamışlar. Bir çox tədqiqatçılart göstərir ki, Gürcüstan ərazisində müxtəlif türk etnosları ən qədim dövrlərdən xatırlanır. Arxeoloji qazıntılar da sübut edir ki, Zaqafqaziya antropogenez zonasına düşür. Buna görə də güman etmək olar ki, gürcülərlə birlikdə türklər də buranın qədim, avtoxton sakinlərindəndir. Gürcüstandakı türk mənşəli etnotoponimlərin köklərini, qədimliyini meydana çıxarmaq üçün birinci növbədə bu ölkədə türk etnoslarının tarixin hansı dövrlərində məskunlaşdıqlarını, etnosların toponimlərə transferini və onların toponim yaradıcılığındakı rolunu müəyyənləşdirmək lazımdır. Müxtəlif tayfa və xalq adlarını əks etdirən etnonimlər buna görə tarixi tədqiqatlarda xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif tayfa və xalq adlarından yaranmış türk etnotoponimləri Gürcüstanda çox qədim tarixi mərhələdə mövcud olmuş türk etnik tərkibini aşkarlayır. Gürcüstandakı türk mənşəli toponimləri burada yaşayan soydaşlarımızın keçmiş tarixi ilə bağlı izah etmək lazımdır.
Asif Hacılı: Beləliklə, etnotonimlər tarixin yaddaşıdır və buna görə də onların yayılma arealından danışdıqda Gürcüstandakı türk etnotoponimlərinin başqa ərazilərdəki oxşar və ya eyni etnotoponimlərlə səsləşməsi də maraqlı və əhəmiyyətli məsələ kimi diqqəti cəlb edir. Eyni zamanda, bu sözlərin qədimliyini, tarixin çox erkən çağlarına gedib çıxmasını və bəzən dəyişməz şəkildə bu günümüzə gəlib çatmasını qeyd edə bilərik.
Hüsniyyə Çobanova: Bəli, dilin inkişafı prosesində ən az dəyişməyə məruz qalan nominativ dil vahidlərindən olan etnonimlərin toponim yaratmadakı rolu misilsizdir. Gürcüstan ərazisindəki etnonimik səciyyəli toponimlərin hər biri ayrı-ayrılıqda xalqımızın tarixi, etnogenezi haqqında çox qiymətli və dəyərli məlumat verir. Məsələn, hələ eradan əvvəl qədim yunan və Roma tarixçilərindən Herodotun, Strabonun, Plininin, Plutarxın, Ptolomeyin və başqalarının əsərlərinə nəzər salsaq görərik ki, Gürcüstan ərazisində zəmanəmizə qədər gəlib çıxan bəzi etnotoponimlərin 3000 ildən artıq bir tarixi var. Ərazidə elə etnotoponimlərə rast gəlirik ki, bunlar nəinki Azərbaycan xalqının, o cümlədən türk xalqlarının tarixində silinməz izlər qoymuşdur. Məsələn, as//az komponentli etnotoponimlərə nəzər salsaq fikrimizi dolğun bir şəkildə əsaslandıra bilərik. Gürcüstanın Zalqa rayonunda Aşqala adlı kənd var. Mürəkkəb struktura malik bu toponimin birinci komponentində işlənən as sözü heç şübhəsiz ki, as//az tayfa adının fonetik variantıdır. Gürcü mənbələrində də xatırlanan Azuki, Azquri kimi toponimlər də bu qəbildəndir. Cənubi Gürcüstanda vaxtilə mövcud olan və deportasiyalar, sürgünlər nəticəsində Ahıska türkləri ilə müxtəlif yerlərə aparılan Azqur, Azman, Azora və s. kimi toponimlərin də əsasında tayfa adları dayanır. Deməli, Gürcüstan ərazisində as//az tayfa adının, Azərbaycan türklərinin etnogenezində ilk və başlanğıc mənbə olan asların toponim yaratmadakı rolu çox mühüm olmuşdur. Oğuz etnos adı da Gürcüstan ərazisindəki bəzi toponimlərin yaranmasında iştirak edən qədim onomastik vahidlərdən biridir. Dmanisi rayonunda mövcud olan Oruzman toponiminin birinci komponentində işlənən oruz sözü heç şübhəsiz ki, oğuz etnoniminin ekvivalentidir və bu adların bir qismi antik mənbələrdə qeyd olunur.
Asif Hacılı: Oğuz adı digər ərazilərimizdə, xüsusən Qərbi Azərbaycanda geniş yayılıb. Tədqiqatçı Könül Səmədovanın göstərdiyi kimi, OĞUZBATIR və OĞUZTAŞ 1728-ci ildə Irəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adları olub. Bu ərazidə Muğanlı adı da geniş yayılıb. Belə paralellər həmin məkanda türklərin hegemon toplum olduğunu göstərir. Hüsniyyə xanım, biz bu adlara qismən yaxın dövr mənbələrində, o cümlədən Osmanlı və hətta çar Rusiyası mənbələrində də rast gəlirik. Cənubi Qafqazdakı bir çox türk mənşəli yer adları həmin tarixi sənədlərdə olduğu kimi verilib, lakin sonradan dəyişdirilib və ya təhrif olunub.
Hüsniyyə Çobanova: Nümunə üçün deyim: 1728-ci ildə Osmanlı türkləri tərəfindən tərtib edilmiş “Dəftəri-müfəssəli-əyaləti-Tiflis”də kökü ən azı Dədə Qorqud dövrünə gedib çıxan Uruz qışlağı oroniminin adı çəkilir. Fikrimizcə, türk xalqları yaşayan ərazilərdə, həmçinin Gürcüstanda bir neçə toponimdə təkrarlanan oğuz komponentli yer-yurd adları qədim türk tayfaları olan az, uz, quz leksik vahidlərindən intişar tapmışdır. Əksər toponimik araşdırmalarda da qeyd edilir ki, quz – qədim quzların (oğuzların) adıdır. Xəz – Quz – Qaz – Kas eyni sözün fonetik silsiləsidir. Bu toponim hissəciklərinin əsasında qədim türk etnonimi olan oğuz sözü dayanır. Görkəmli rus şərqşünası V.V.Bartoldun təsdiq etdiyinə görə, “oğuzlar ən qədim türk etnoslarındandır, başqa türkdilli tayfaların yaranmasında da oğuz ulu başlanğıc olmuşdur. Şübhəsiz ki, qədim türk tayfalarının adları az, uz, quz, oğuz həm etnik varlıq, həm də leksik vahid kimi bir mənşədən çıxır”.
Asif Hacılı: Oğuz adına toxundunuzsa, bu sözün Hunqari adında da qaldığını və macar alimlərinin haqlı olaraq dediyi kimi, “on oğuz” adının silsilə fonetik trasformasiya nəticəsində “hun” – “Hunqari” şəklində təsbitləndiyini, yəni qədim və qüdrətli hunların bizim oğuz əcdadlarımızdan ibarət olmasını qeyd edə bilərik. Bu baxımdan, “muq”, “muğ” etnoniminin də çox qədimdən və çox geniş arealda yayıldığı məlumdur. Bu və bu kimi digər faktlar özü də həm dil, həm türk tarixi və həm də borçalışünaslıq baxımından əhəmiyyətli paralellərin, analogiyaların, ortaq mənşədən gələn proseslərin araşdırılmasında böyük rol oynaya bilər.
Hüsniyyə Çobanova: Tədqiqatlarımda bu məsələni ayrıca araşdırmışam və deyə bilərəm ki, Gürcüstan ərazisində yeddidən çox oykonimin yaranmasında qədim “mik-muq” etnonimi mühüm rol oynamışdır. Buraya Bolnisi rayonundakı Bala Muğanlı, Marneuli rayonundakı Böyük Muğanlı, Qaş Muğanlı, Kirəc Muğanlı, Qaracöp – Saqareco rayonundakı Yor Muğanlı, Qardabani rayonundakı Sərtcala Muğanlı, Dmanisi rayonundakı Muğanlı etnotoponimlərini əlavə etsək, bu ərazilərdə yaşayan aborigen sakinlərin olduqca qədim bir tarixə malik olduqlarını sübut etmiş olarıq. Qədim Gürcü mənbələrində də Mukavan yazılış formasında rast gəlinən muğ/muğan tayfası “hələ eradan əvvəl VI əsrdə yaşamış yunan tarixçisi və coğrafiyaşünası Miletli Hekateyin diqqətini cəlb etmiş və bu tayfaların Araz çayı yaxınlığında yaşamasını göstərmişdir. Bizim e. ə. V əsrdən əvvəl yaşamış qədim yunan tarixçisi Herodotun verdiyi məlumata görə, Qafqaz dağları arasındakı düzlərdə maqa, muki, muqa adlı tayfa yaşamışdır. Eramızın I əsrində yaşamış coğrafiyaşünas Strabon isə Muğan coğrafi adını “moqan” kimi qeyd edərək onun Kür və Araz çayları ətrafında yerləşməsini göstərir. Etnonimlərin toponim yaratmadakı rolunu izlədikcə məlim olur ki, Gürcüstan ərazisində əksər coğrafi adların yaranmasında hun, as, sir, barsil, onoqur, udi, abdal, sabir, tubal, abar, çul, bozal, tele, qanqlı və s. kimi qədim türk tayfalarının adları çox fəal bir şəkildə iştirak etmişlər.
Asif Hacılı: Hüsniyyə xanım, bütün bu dedikləriniz toponimlərin, o cümlədən etnotoponimlərin formalaşmasında və inkişafında dil amilləri qədər və bəlkə də daha çox, ekstralinqvistik faktorların rol oynadığını göstərmirmi? Tarix, mədəniyyət, din, təmaslar, miqrasiyalar, toqquşmalar, barışmalar adlarda, toponimlərdə öz dərin izlərini qoyur. Bu baxımdan türklərin dərin iz qoyduğu məkanların sınırları uzaq Çindən tutmuş, Mərkəzi Avropaya, Saxadan başlamış ərəb səhralarına qədər bir çox yerlərdə aşkarlanır. Qafqazda, Mərkəzi Avropada avar sözü ilə bağlı bir çox məskənlər olub. Hunların böyük qrupu olan ağ hunların (eftal, heptal, heftal, abdallar) əsas qüvvələri Hyonlar (latın mənbələrində khionita, bizanslılarda Leükoy Hunnoy) və Uarlar (avarlar, varlar) olmuşdur. Avarlar və ağ hunlar bizanslıların Uarhon (varhon) adlandırdıqları Uar-hyon (varhon, avar-hun) birliyini əmələ gətirmişdir. – Ahıskada Varxan toponiminin bununla əlaqəsini düşünməyə dəyər. – 563-cü ildə göy-türklər ağ hunların dövlətini yıxsalar da, yüz il sonra da eftalitlər qüdrətli hərbi güc olmuş, ərəblərə qarşı döyüşmüş, yeni sülalələr qurmuşlar. V əsr Suriya mənbəsinə görə, hunlar Gürcüstanda da qədimdən güclü hərbi-siyasi amil olmuşlar. Bizans imperatoru Arkadinin (395-408) sarayında qulluq edən iver Farsman vətəninə gələrək «iverlərin qonşusu olan ağ hunların» köməyilə hakimiyyəti alıb (Н.Пигулевская. Сирийские источники по истории народов СССР. М.-Л., 1941, с.37). VI əsr müəllifi Zaxari Ritor isə gürcülərin qonşusu olan türk qövmlərindən ağ hunların, sirurqurların (saraqur), avqarların (oqur), kurtaqurların (kuturqur), sabirlərin, xəzərlərin, dilmarların, kulasların və b. adını çəkir (Yenə orada, s. 165). 481-ci ildə Kartli çarı Vaxtanq Qorqasal İrana qarşı üsyan edəndə ilk növbədə hun birliyinə daxil olan sabirlərin köməyinə arxalanıb. Bu qövmlər həmin dövrlərdə Çindən Mərkəzi Avropaya qədər hökmranlıq etmiş və coğrafi məkanda silinməz izlər qoymuşlar. Bunlardan, bəzən səhv izah edilən maraqlı bir türk etnotoponimini – hazırda dünyanın ən nəhəng gücünə çevrilən Çinin paytaxtı Pekinin Xanbalık adını – zəbt etdikləri bu ölkənin hökmdarı – türk “Xanının bulunduğu yer” mənasına gələn toponimi yada salaq. Yustinian dövründə (527-ci ildən) hunların Avropa yürüşləri haqqında Avropa mənbələri məlumat verilir (Прокопий Кесарийский. Готская война // Вестник древней истории, т.V. М., 1941, сс.236, 241). İordan, Efesli İoan, Menandr da hunlardan söz açır. Moqol, tunqus və digər oymaqlara da öndərlik edən hunların hərbi qüdrəti, döyüş qabiliyyəti elə bir səviyyədə olur ki, Çin hökmdarları onlara qarşı artıq m.ö. IV əsrdən nəhəng müdafiə sədləri qurur, türk hərb sənətini öyrənməyə çalışırlar. Silahları yay, ox, mizraq, qılınc olan hun süvariləri bütün Asiyaya min illərlə hökm etmiş, m.ö. son yüzillərdən – eramızın ilk yüzilindən Avropaya, o cümlədən Qafqaza yürüşlər etmişlər. Artıq Ptolomey qərbdəki hunlardan danışır. III əsrdə cənubi Rusiyada qotların spal (rus dilində «ispolin» – nəhəng sözü bundandır) qəbiləsi ilə qarşılaşması barədə məlumat var (Л.Нидерле. Славянские древности. Москва, 2001, С.141; В.В.Мавродин. Образование древнерусского государства. Л., 1945, С.38, 50). Bu dövrlərdən hunların əsas qüvvəsi qərbdə cəmləşir, Mərkəzi Avropaya, Anadolu və Qafqaza yürüşləri güclənir. Xorenli Musa 376-cı ildə hunların həmlə etdiyi qotların 25 slavyan qəbiləsini Dakiyadan Dunayın digər sahilinə sıxışdırdığını bildirir. 359-373-cü illərdə Anadolunu fəth edən hunların misilsiz şücaətini Edessalı (indiki Urfa) Efraim belə təsvir edib: „atlarının üstündə fırtına kimi uçarlar, onlara heç bir kimsə qarşı qoyamaz”. IV əsrdə Xəzər dənizi və Volqa çevrəsinə hökm edən hunlar Qafqazı da nüfuzlarına alırlar. Rusiyada hun, xəzər, bulqar, qıpçaq, sabir, oğuzların yüzlərlə, minlərlə toponimlərdə həkk olunmuş adları, Volqa çayının və Volqaboyu Bulqar dövlətinin, Balkanlarda Bolqarıstanın, Azərbaycanda Bulqar çayının adını vermiş, eyni vaxtda iki böyük dövlət yaratmış bulqarların, dünyanın sonsuz sərvətləri yatan Sibir adında yaddaşlara düşmüş və Qafqazda söz sahibi olmuş sabirlərin, Şimali Qafqazda, Ukraynada yüzlərlə toponimdə adını əbədiləşdirmiş digər türk soylarının, Uralda, Sibirdə addımbaşı rast gəldiyimiz etnotonimlərdə duyulan tatarların adından törəyən tarixi, coğrafi adlar türklük tarixinin qədim nişanələridir. Bütün bunlar hərtərəfli və çoxcəhətli, inteqrativ öyrənilməli məsələlərdir.
Hüsniyyə Çobanova: Sizinlə tam razıyam. Məhz buna görə də burada elmlərin inteqrasiyası aktuallaşır və ekstralinqvistik, yəni dildənkənar faktorlar dedikdə, etnonimika sahəsində həm tarixçilərin və həm də coğrafiyaşünasların əldə etdikləri tədqiqat əsərləri yada düşür. Ekstralinqvistik faktorlardan istifadə etməklə müəyyən bir etnotoponimin hansı dövrün və ya hansı bir formasiyanın məhsulu olduğunu, konkret bir ərazidə yaşayan xalqın tarixi, ictimai-iqtisadi, sosioloji amilləri ilə bağlı hadisələri əks etdirdiyini meydana çıxarmaq mümkündür. Məsələn, Gürcüstanın Marneuli və Zalqa rayonlarında kənd adlarında mühafizə olunan “Quşçu” etnotoponiminin formalaşmasında hansı ekstralinqvistik faktorun rol oynadığını meydana çıxarmaq üçün heç şübhəsiz ki, bu etnoslarla bağlı tarix elminin əldə etdiyi nailiyyətlərə əsaslanmalıyıq. Tarixi mənbələr də əsaslı faktlarla sübut edir ki, vaxtilə dünya səhnəsində Quşan-Kuşan adlı dövlət olmuşdur. Orta Asiyada indiki Turfan şəhərinin yerləşdiyi əyalət də o zaman Quşi adlanmışdır. Əksər onomastik vahidlərdə olduğu kimi, etnotoponimlərdə də dilin sosial mahiyyəti, cəmiyyətin sosial və mədəni həyatı, ölkənin ictimai tarixi aydın şəkildə əks olunur. Əgər tarixən mövcud olan etnotoponimlər bu günümüzə qədər gəlib çıxmasaydılar heç şebhəsiz ki, xalqımızın etnogenetik problemlərinin həlli və tədqiqi də müşkül bir işə çevrilərdi. Buna görə də etnotoponimlər araşdırılarkən ilk növbədə ekstralinqvistik faktorlara daha çox üz tutulur. Gürcüstan ərazisində etnotoponimlərin formalaşmasındakı ekstralinqvistik faktorlar bizi tarixin dərin qatlarına aparıb çıxarır.
Asif Hacılı: Bu, xüsusən, qədim gürcü mənbələrində də adları çəkilən, Gürcüstanın tarixində böyük rolu olan buntürklərlə bağlı aktual məsələdir. Təəssüf ki, hətta gürcü salnamələrində də adı keçən, gürcü dövlətçiliyində müsbət rol oynayan türk toplumları ilə bağlı toponimlər də dəyişdirilir.
Hüsniyyə Çobanova: Bəli, Asif müəllim, qədim gürcü səlnamələrində bun türklərin adı dönə-dönə çəkilir və Borçalı torpaqlarının əzəl sakinlərinin bun türklər olduğu göstərilir. Gürcü səlnaməsi “Kartlis Cxovreba”da Kaspi adlı şəhər-qalanın adı çəkilir və onun buntürklər (“nizəli, nizə ilə silahlanmış, nizə ilə vuruşan türklər”) tərəfindən salındığı göstərilir. İndiki Borçalı torpaqlarının ilk sakinləri olmuş bun türklər öz cəngavərlikləri ilə tanınmış və dəfələrlə qonşu gürcü tayfa birliklərinin köməyinə gəlmişlər. Onların əli ilə Sarkins-Sərkili adlı qala-şəhər də salınmışdır. Buntürklər Makedoniyalı İsgəndərin qoşunu ilə döyüşlərdə iştirak etmişlər. Mənbələrin verdiyi məlumata görə, buntürklərin bir qismi, yəni 28 min ailəsi miladdan öncə 6-cı yüzillikdə İveriyanın qədim paytaxtı Mesxetidən qərbə keçərək bu torpaqlarda məskunlaşmış, zaman ötdükcə adı da dəyişib mesxeti türkləri (Ahıska türkləri) olmuşdur. Çar Rusiyası və Stalin represiyalarına məruz qalmış mesxeti türkləri kütləvi şəkildə Özbəkistana, Fərqanə vadisinə sürgün edilmişdir.
Asif Hacılı: Mesxeti sözü türklərə sonradan verilmiş qondarma addır, Ahıska türkləri “bun” türklərin, yəni qədim gürcülərin ikinci dalğa qıpçaq-oğuz axınından fərqləndirdikləri və “bizim, yerli” adlandırdıqları türklərin törəmələridir. Təəssüf ki, onların sürgünü nəinki toponimlərə, həm də milli varlıqlarına böyük zərbə vurdu. Halbuki, oğuz-qıpçaq kökənli türklər tarixən Gürcüstan dövlətçiliyinə böyük xidmət göstərmişlər. Məhz buna görə Orta əsrlərdə gürcü hökmdarları dövlətçiliyi qorumaq və möhkəmləndirmək üçün türkləri ölkələrinə dəvət etmişlər və türklər də onlara sədaqətlə xidmət etmişdir. III Georginin (1156-1184), qıpçaq kökləri olan Tamarın (1184-1213) hakimiyyəti dövründə on minlərlə «yeni qıpçaq» Gürcüstana dəvət olunmuş, istədikləri yerlərdə yerləşdirilmiş, hərbi, siyasi, maliyyə işlərinin rəhbəri olaraq ölkəni idarə etmişlər. Və əslində XII əsr gürcü intibahının təminatçısı məhz qıpçaq türkləridir. Gürcüstanın ən parlaq çağlarının böyük baş komandanları Kubasar, bir qədər sonra Qutluq Arslan, Tamarın dövründə Sevinc Savalt qıpçaq olmuşlar. Sevinc Savaltın başçılığıyla «köhnə və yeni» qıpçaqlardan ibarət dəstə Tamarın qvardiyasını təşkil etmişdir (Картлис Цховреба, т.1, с.275). Bu dövrdə Gürcüstanda türk-qıpçaq dili geniş istifadə olunmuş, gürcü dövlətçilik, hərb terminləri əsasən türk sözlərindən yaranmışdır. Xristian qıpçaqlar Gürcüstanda öz dini ibadətgahlarını, o cümlədən məşhur qıpçaq monastırı «Qıfçax-avank» (А.Е.Крымский. Низами и его современники. Баку, 1981, с.173) monastırını qurmuşlar. Ahıska-Axılkələkdə indiyədək qalan Safara, Vardzia, Zarzma monastırları da əsasən xristian qıpçaqların məskunlaşdığı yerlərdədir. Tarixi-genetik yaddaşları olduqca dərin olan Ahıska türkləri bu tarixi, doğma yurdları, torpaqda yaşayan adları unutmurlar və bu gün də, sürgündən 78 il sonra da müxtəlif ölkələrdə yaşadıqları kəndlərə öz tarixi vətənlərindəki yerlərin adını verirlər və bu gün Mil-Muğanda Adıgün, Varxan, Şirinbəy kimi adların yaranması məhz bununla bağlıdır.
Hüsniyyə Çobanova: Şübhəsiz ki, bu sürgün və deportasiyaların etnotoponimlərə də təsiri az olmamışdır. Qeyd etməliyik ki, Ahıska türkləri Özbəkistana deportasiya edilərkən özləri ilə birlikdə tayfa adlarını da aparmış və məskunlaşdıqları ərazilərin əksəriyyətini etnonimlə bağlı olaraq adlandırmışlar. Lakin istər Gürcüstan ərazisində, istərsə Özbəkistan ərazisində yaşadıqları dövrlərdə müxtəlif ekstralinqvistik amillər etnotoponimlərə də təsirsiz ötüşməmişdi. Elə bu amillərə görə də Ahıska etnotoponimlərinin çox bir hissəsi tanınmaz vəziyyətə düşmüşdür.
Asif Hacılı: Hüsniyyə xanım, ümid edək ki, Ahıskalı qardaş və bacılarımız öz tarixi vətənlərinə dönüb əsl Adıgün, Azqur, Varxan, Pulatedə yaşayacaqlar. Siz bəhs etdiyimiz sahənin vətənpərvər və eyni zamanda ciddi tədqiqatçısısınız. Yəqin ki, gənc oxucularımız Sizin fikirlərinizdən bəhrələnib müstəqil tədqiqatlara başlayacaq və buna görə də Sizinlə söhbətdə mövzunun linqvistik aspekti ilə maraqlanmamaq qəbahət olar. Haqqında danışdığımız türk mənşəli etnoponimlərin arealları, formalaşma yolları, eləcə də mənbələrdə əksi və ən ağrılı cəhət – dəyişdirilərək gürcüləşdirilməsi barədə nə deyərdiz?
Hüsniyyə Çobanova: Gürcüstan ərazisindəki türk mənşəli etnotoponimlərin istər öz ərazisi daxilində, istərsə də geniş bir arealın fonunda izlənilməsi, tədqiq edilməsi etnotoponimik sistemin ümumi mənzərəsi haqqında aydın təsəvvür yaratmağa imkan verir. Bu ərazidəki türk mənşəli etnotoponimlərin ayrı-ayrı ərazilərdə, həmçinin Azərbaycanda paralelərini meydana çıxarmaqla dilimizin müəyyən obyektiv qanunauyğunluqlarını, külli miqdarda topoformatların zəngin semantik çalarlarını üzə çıxarmış olarıq. Deyək ki, iki və ya daha artıq coğrafi obyektin adını bildirən toponimləri dilçilikdə areal toponimlər adlanır və bu özü də maraqlı bir məsələdir.
Asif Hacılı: Dediyiniz hadisə, türklərin yaşadığı bir çox yerlərdə, o cümlədən Borçalıda da izlənilir. Deyək ki, mənim ata yurdum aran Sarvanı ilə bərabər – dağ Sarvanı da var və bunu tədqiqatçılar, o cümlədən tanınmış coğrafiyaçünas və borçalışünas Məmməd Sarvan tərəkəmə həyat tərzi, yaylaq-qışlaq gələnəyi ilə bağlayır. Bilirəm ki, Siz bu məsələni dilçilik yönündən geniş arealda tədqiq etmisiniz. Ancaq bəlkə, nəzəri izahla yanaşı, konkret nümunələrə keçək? Bəziləri unudulmuş adları səsləndirəsiniz? Bu toponimlərin yayılma məkanı çox genişdir və türk dünyasının böyüklüyünə dəlalət edir. Həm də bu adlar gənc tədqiqatçıları yeni axtarışlara sövq edə bilər.
Hüsniyyə Çobanova: Asif müəllim, böyük məmnuniyyətlə, bütün türk dünyasında səslənən və Gürcüstan ərazisində də iz qoymuş toponimlərdən bəzilərini çözələyək. İlk növbədə, ABDALLI toponimi – Gürcüstanın Bolnisi rayonu ərazisindəki bu etnotoponimə Azərbaycanın Ağdam (Abdal), Tovuz (Abdal), Qubadlı (Abdalanlı), Oğuz (Abdallı), Ordubad (Naxçıvan MR) (Abdal) rayonlarında təsadüf olunur. Həmçinin, Qəbələ rayonunda Mis Abdallı, Qubadlı rayonunda Abdalanlı, Şimal-Qərbi Azərbaycanda (indi Ermənistanda) , xüsusilə sabiq İrəvan xanlığının Qəripbasar və Qırxbulaq mahalında Avdallar adlı kəndlər vardır. Eləcə də, Azərbaycanın qədim və dilbər guşəsi olan və hazırda düşmən-erməni qəsbkarlarının əsarətindən azad olan Laçın şəhəri də 1923-cü ilə qədər Avdallar adlanmışdır. – Mənbələrin verdiyi məlumata görə, Avdal qədim türk tayfalarından biri olmuşdur. – Böyük Qafqaz dağlarının yamaclarında – Naxçıvan ərazisində Avdal dağı (oronimi), Araz çayı vadisində və Azərbaycanın digər bölgələrində də bir neçə Avdal yurdu, Avdal ocağı deyilən yerlər qeyd olunmuşdur. Türkiyədə, Əfqanıstanda, Qaraçay və Balkarlarda, İraqda Avdal etnonimi ilə bağlı bir çox abidə və kəndlər mövcuddur. Bu isə “abdal” tayfasının qədim zamanlarda əsrlər boyu köçəri həyat keçirməsi ilə əlaqədardır. Abdallı kəndinin adı “avdal” və ya “Abdal” etnonimi ilə bağlıdır. Abdallı (Avdallı) – Qədim Borçalının Bağ bölgəsinin Bolulus (indi Bolnisi) rayonunda qədim türk kəndinin adı olub. Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, Tiflis-Bolnis-İrəvan avtomobil yolunun kənarında, dəniz səviyyəsindən 620 m yüksəklikdə yerləşir. Sön illərdə, çox təəssüflər olsun ki, Abdallının adı dəyişdirilib, gürcü dilində “Cavaxi” qoyulub. Əhalisi 1000 nəfərə yaxındır. Kəndin yaxınlığında qaya üstündəki qədim qalanı isə Koroğlu qalası adlandırırlar.
Asif Hacılı: Ancaq çox geniş mənalarda və arealda işlənən “abdal” ifadəsi, qeyd etdiyimiz kimi, çoxmənalıdır və bir şox mənbələrdə hunların böyük qrupu olan ağ hunları (eftalitlər, abdallar) və onlarla bağlı məntəqə adlarını, fərqli coğrafi obyektləri bildirir. Eyni zamanda klassik və xalq yaradıcılığında dərviş, qələndər, sərsəm kimi ruhsal, bilici insan mənalarını da verir. Ancaq yəqin ki, yer adlarında bu sözün Türküstandan Anadoluya gəlib çıxan, tayfa adı bildirən etnonimik məzmunu aktualdır.
Hüsniyyə Çobanova: Bəli Asif müəllim, deyək ki, Gürcüstanın Bolnisi rayonunda abdallarla bağlı bir çox oronimlər də qeydə alınmışdır. Bunlardan – Abdalların çalası, Abdallının yeri, Abdallı güneyi, Abdallının kolu. Azərbaycan-türk dili üçün səciyyəvi olan “Abdal” etnonimi Orta Asiya türklərinin toponimikasında “Abdal” variantında sabitləşmişdir. Həmçinin bu etnonim Türkmən toponimikasında və Başqırd toponimikasında “Abdal” variantlarında qeydə alınmışdır. Özbəkistanda da “Abdal” etnonimi geniş şəkildə yayılmış və onlarla etnooykonimin yaranması üçün əsas olmuşdur. Həmçinin X-XII əsrlərdə Başqırd etnonimin dördüncü qohum-nəsl layında “Abdal” variantında “Abdal” etnoniminin adı da qeyd olunmuşdur. Bu isə “avdal” tayfasının qədim zamanlarda əsrlər boyu köçəri həyat keçirməsi və müxtəlif tayfalar tərəfindən sıxışdırılması ilə əlaqədardır. Avdal sözünün ümumi mənası “ovu qoruyan, ova arxa olan” türkdilli xalqların mifologiyasında deyildiyi kimi “ov tanrısı” deməkdir. Həmçinin Türkmənistanın Xosambar rayonunda da “avdal” etnonimi ilə düzələn oba vardır.
Asif Hacılı. Bu ad Osmanlıda, Şimali Qafqazda da geniş yayılı. Tək toponimlərdə deyil, bir çox şəxslərin də adına Abdal sözü qoşulub, folklorlaşmış məşhur Abdal Qasımı – hazırcavablıq, çoxbilmişlik, hazırcavablıq, düşüncə adamını, yəni əslində şablonlardan azad personajı da yada salaq. Bu analogiyalar, müqayisələr özü böyük həqiqətləri üzə çıxara, xalq mədəniyyətini örtülü qatlarını və türk xalqlarının fikir birliyini əyaniləşdirə bilər.
Hüsniyyə Çobanova: Həqiqətən, abdal geniş məfhumdur və Abdal tayfası özü orta əsrlərdə Türkiyədə güclü ictimai-siyasi qruplardan olub. Qədim türk tayfalarından biri olan Abdal adlı etnotoponimlər bir çox türk məkanlarında yayılmışdır. Başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə Abdal adlı tayfa vardır. 1590 və 1728-ci illərə aid mənbələrdə Ermənistan ərazisində abdal etnonimindən törəmiş 5 etnotoponim qeydə alınmışdır. XIX əsrdə Şimali Qafqazda Ter əyalətində Abdal dağı adlı etnotoponim də mövcud olmuşdur. Bu tayfa adı V-VI əsrlərdə Orta Asiya, Əfqanıstan və Çin Türküstanında da geniş yayılmışdır. VI əsr Suriya mənbələrində Şimali Qafqazın Hun əyalətində yaşayan avqar, bulqar, avar və s. türk tayfaları ilə yanaşı abdal/abdel tayfasının da adı çəkilir; abdel/abdal tayfasını Hun tayfası hesab edilir. Bu tayfanın adı eftal, heftal fonetik formasında da qeyd edilir. Deyildiyi kimi,“abdal etnonimi “əkinçilər tayfası, cütcülər tayfası” mənasını ifadə edir. Ərəb dilində abdal “dərviş, qələndər” mənasında işlənir.
Asif Hacılı: Bayaq muq-mik toponiminə toxunduq, bu da olduqca yayğın və hələ də ətraflı tədqiqinin gözləyən məsələlərdəndir. Şimali, Şərqi, Qərbi və Cənubi Azərbaycanda bu ifadə ilə bağlı bir çox məkanlar var. Bu yerlər qədimdən, antik dövrdən qeydə alınıb və türklüyün də tarixi coğrafiyamızda qədimliyini göstərir. Borçalıda da muğ-muqla bağlı etnotoponimlər çox geniş yayılıb. Aranda Muğan həm də böyük bir coörafi sahənin – Muğan düzünün adıdır.
Hüsniyyə Çobanova: Bəli, Cənubi Qafqazda da ikinci məşhur toponim olan MUĞANLI – Tiflis quberniyasının Qədim Borçalının Bağ bölgəsinin mərkəzi hissəsində Bolulus (indiki Bolnisi) rayonunda (xalq arasında bu kənd) Bala Muğanlı adlanır. İndi kənd gürcü dilində “Veneti” adlanır. Dediyimiz kimi, Gürcüstan ərazisində yeddidən çox oykonimin yaranmasında qədim muğ-mağ etnonimi də mühüm rol oynamışdır. Təkcə Marneuli rayonunda Böyük Muğanlı, Qaş Muğanlı, Kirəc Muğanlı adlı kəndlər vardır. Müxtəlif coğrafi terminlər əlavə edilməklə işlədilən Bala Muğanlı, Sərt Muğanlı, Cala Muğanlı, kimi etnotoponimlər hələ qədim dövrdən bu tayfanın nə qədər məşhur olduğunu sübut edən xüsusi onimlərdir. Buraya Bolnisi rayonundakı Bala Muğanlı, Marneuli rayonundakı Böyük Muğanlı, Qaş Muğanlı, Kirəc Muğanlı, Qaracöp – Saqareco rayonundakı Yor Muğanlı, Qardabani rayonundakı Sərtcala Muğanlı, Dmanisi rayonundakı Muğanlı etnotoponimlərini əlavə etsək, bu ərazilərdə yaşayan aborigen sakinlərin olduqca qədim bir tarixə malik olduqlarını sübut etmiş olarıq. Muğanlı etnooykonimi Azərbaycanda da geniş yayılmışdır. Ağdam, Ağcabədi, Bərdə, Qazax, Qubadlı, Zaqatala, Zəngilan, Kürdəmir və Şamaxı rayonlarında Muğanlı; Şirvan şəhərində Muğan adlı şəhər tipli qəsəbə; Biləsuvar rayonunda Muğan adlı qəsəbə, Sabirabad rayonunda Muğan Gəncəli, Naxçıvanda Muğancıq Mehrab, Muğanlı Müslüm adlı kəndlər vardır. Yuxarıda adı qeyd olunan etnooykonimlərin hamısı “Muğ” və ya “Mağ” (tayfa adı) etnonimləri əsasında təşəkkül tapmış “muğanlı” tayfa adə ilə bağlıdır. Bütün bunlar göstərir ki, Azərbaycan xalqının etnogenezində “muğ” və ya “mağ” tayfaları böyük rol oynamışdır. Qədim Gürcü mənbələrində də Mukavan yazılmış formasında rast gəlinən muğ/muğan tayfası hələ eradan əvvəl VI əsrdə yaşamış yunan tarixçisi və coğrafiyaşünası Miletli Hekateyin diqqətini cəlb etmiş və bu tayfaların Araz çayı yaxınlığında yaşamasını göstərmişdir. Bizim e. ə. V əsrdən əvvəl yaşamış qədim yunan tarixçisi Herodotun verdiyi məlumata görə, Qafqaz dağları arasındakı düzlərdə maqa, muki, muqa adlı tayfa yaşamışdır. Eramızın I əsrində yaşamış coğrafiyaşünas Strabon isə Muğan coğrafi adını “moqan” kimi qeyd edərək onun Kür və Araz çayları ətrafında yerləşməsini göstərir. Azərbaycanın Qubadlı və Zəngilan rayonlarında üç Muğanlı adlı kənd və Goruş rayonunda isə Muğancıq (kiçik Muğanlı mənasında), həmçinin Dərələyəz nahiyəsində də Muğanlı adlı kəndlər vardır. Azərbaycanın Şirvan Şəhərinin tabeliyində olan şəhər tipli qəsəbə də Muğan adlanır.
Asif Hacılı: Hüsniyyə xanım, biz Gürcüstan ərazisindı türk toponimlırindən danışırıq və buna görə də yalnız Borçalı ilə məhdudlaşa bilmərik. Gürcüstanda türk dili, türk mədəniyyəti geniş yayılıb və mühüm bir məntəqəsi də Ahıskadır. Ahıskanın toponimlərininin müəyyən hissəsini mən toplayıb bu toplumun tarix və etnik mədəniyyətinə həsr olunmuş “Qəribəm bu vətəndə: Ahıska türklərinin etnik mədəniyyəti” (1992) “Ahıska türkləri: Vətən bilgisi” (2009) kitablarımın xüsusi coğrafiya bölümlərində məhz etnik mənşə baxımından təəssüratımı bölüşmüşəm. Maqarlıdır ki, burada da çox maraqlı faktlarla qaşılaşırıq. Elə düşünürəm ki, Ahıska-Axılkələk ərazilərində izlənən türk mənşəli toponimlər də xüsusi araşdırılıb öyrənilməlidir. Siz dissertasiyanızda bu məsələni peşəkar dilçi kimi araşdırmısınız, buna görə də, mənim sadəcə fəhmlə müşahidə etdiyim bəzi faktları diqqətinizə çatdırıb və bu haqda nə vaxtsa fikirlərinizi bilmək istərdim.
Hüsniyyə Çobanova: Asif müəllim, Ahıska və Borçalı qardaş xalqların, əslində eyni xalqın yurdlarıdır və uzun illər araşdırdığınız bu bölgədən diqqətinizi cəlb etmiş faktlar, əlbəttə ki, maraqlı olar.
Asif Hacılı: Borçalı kimi, Ahıska-Axılkələkdə, eləcə də Şimali Qafqazda coğrafi adların böyük əksəriyyəti türk mənşəlidir və onların da bir çoxu qədim türk uluslarının adlarını, qədim türk sözlərini yaşadır, etnik mədəniyyət və tarix haqqında müəyyən təsəvvür yaradır. Həm Cənubi, həm Şimali Qafqazda olduğu kimi, Ahıska və Borçalıda da yüzlərlə dağ, çay, göl bulaq, qaya, meşə, dərə, çəmən, kənd adı qədim hunların, avarların, tubaların, sabirlərin, basillərin (barsil, bozal), bulqarların, oqur, onoqur, saraqur, utuqur, kutuqur qövmlərinin, xəzərlərin və onlarla digər türk toplumlarının xatirələri olduğunu güman edə bilərik. Ahıska-Axılkələkdəki, cənubi Gürcüstandakı türk etnotoponimlərindən əvvəllər dərc etdiyim, bəzilərinə Sizin də toxunduğunuz müəyyən nümunələri bir daha xatırladım: hun etnonimi: Hundun dağı və Hundun gölü (Aspindza), Xunan qalası (Tiflisə tərəf), Xona kəndi (Adıgün), Xoni kəndi (Kutaisə tərəf); basil etnonimi: qədim Basiane vilayəti (Ahıska-Çıldır bölgəsində), müasir Basileti, Bazaleti, Bozaliani kəndləri, Bozaleti gölü; abdal (ağ hun) etnonimini qeyd etdiniz; avar, avar-hun (var-hon) etnonimi: Varxan kəndləri (Adıgün və Aspindza rayonları), Abari kəndi (Ambrolauri rayonu); onoqur etnonimi: Onoquris (Zestafoni tərəfdə), Onqor (Aspindza rayonu), Unaqira (Xon rayonu) kəndləri. – Onu da qeyd edək ki, onoğuz-onoqur-onqar-unqar-hunqari etnonimlərində 10 rəqəminin işlənməsi adətən 10 oğuz qəbiləsinin birliyi kimi izah edilir, lakin N.Marrın bir müşahidəsi bunun həm də erkən təsəvvürlərlə bağlı olduğunu ehtimal etməyə əsas verir. Görkəmli alim qeyd edir ki, 1 və 10 rəqəmləri insanı və qəbiləni bildirir, çünki «vahid» və «on» münasibətlərində olan «insan» və «qəbilə» eyni bir ad daşıyır: bir halda – bütün «qəbilə» və «qəbilənin hər bir adamı»; digər halda isə – «əl», yəni həm «bir», həm də barmaqların sayına görə «on» mənasında işlənir (Марр Н.Я. Вопросы языка в освещении яфетической теории. Л., 1933, с.191-214; Марр Н.Я.. Вопросы языка в освещении яфетической теории. Л., 1933, c. 468-469).
Geniş areala yayılmış saraqur (sarı, ağ oqur) etnonimi – Sarkine şəhəri; maraqlıdır ki, xəzərlərin Don yaxınlığında da saldıqları Sarkel şəhərinin adının türk mənşəli olduğunu N.Marr təsdiq etmişdir (Bax: Марр Н.Я. Чуваши-яфетиды на Волге. Чебоксары, 1926, с.67, 71; Марр Н.Я.. Вопросы языка в освещении яфетической теории. Л., 1933, с. 323-324), Sarı kəndi (Aspindza rayonu); tuba (tobol, tuva, tofalar) etnonimi: Toba, Qurtuban (Ahıska), Qaratuban, Qortuban (Adıgün), Tobaxçı (Ahıskadan şimalda) kəndləri; kəmər (qəmər, qimir, komar, kamaritlər) etnonimi: Böyük və Kiçik Kəmərli və Qomareti (Borçalı), Qomar (Adıgün) kəndləri; macar etnonimi: Macar-sxali (Xaşur rayonu), Macar gölü, Aşağı və Yuxarı Macar kəndləri (Suxumi yaxınlığında); udi (utiqur, udon, uti) etnonimi: Ude kəndi (Adıgün rayonu); kul (kol) etnonimi: tarixi Kola vilayəti (Ahıskadan cənubda), Qullar (Borçalı) və Kolaki (Sıqnax yaxınlığında) kəndləri, kuyvar (xubair) etnonimi: Xubiar kəndi (Borçalı); sam (samar) etnonimi: Samqur (Adıgün) və Samqori (Borçalı) kəndləri; Samser mağarası (Axılkələk); az (uz) etnonimi: Azqur (Ahıska rayonu), Azman (Axılkələk), Azgüdə (Aspindza) kəndləri; sal etnonimi: Salieti və Saloğlu kəndləri (Borçalı); moxe (moqe, mukri, muqri) etnonimi: Muğanlı, Muğançı Əhməd, Muqlian (Borçalı), Muqaret (Ahıska), Moxe (Adıgün) kəndləri; tolos (tulus, teles, tules) etnonimi: Toloş kəndi (Aspindza); kuzan (quzan) etnonimi: Quzanlı (Ermənistan); adıgün etnonimi: Adıgün rayonu; qobu (kobu) etnonimi: Kobuleti şəhəri (Acarıstan), Kobi (Kazbek rayonu), Qobieti (Aspindza), Kobıxevi və Kobaze (Ahıska) kəndləri; gəncək etnonimi: Qandza (Boqdanovka, Ninosminda); bələncər etnonimi: Balacur (Adıgün), Balacauri kəndləri (Tiflis); kun etnonimi: Kuna kəndi (Aspindza); anca (incə, onca, ança, onça) etnonimi: Edincə, İncqola, İncebla (Ahıska rayonu), İnca, İncədərə, İncədağ (Borçalı) kəndləri; tuğ (tuk, tok) etnonimi: Tuğ (Boqdanovka); çala etnonimi: Çala (Ahıska) və Çela (Adıgün) kəndləri; basar (bazar) etnonimi: Bazarxana (Aspindza) kəndi; çicil (çigil) etnonimi: Çigil (Adıgün) kəndi; salar etnonimi: Salardağ (Ahıska); oral (aral) etnonimi: Oral (Ahıska) və Aral (Adıgün) kəndləri; ovat (abat) etnonimi: Abatxevi (Ahıska) kəndi; kergil (qurqul) etnonimi: Qorqul (Adıgün) kəndi; balta (boltalı) etnonimi: Balta (Laqodex və Znaur) kəndləri; xançal etnonimi: Xançala kəndi (Boqdanovka) və Xançala gölü (Axılkələk); xasbəy etnonimi: Xasbəy (Boqdanovka) kəndi; orucoğlu etnonimi: Orucalar (Axılkələk) kəndi; damğa etnonimi: Damğalı (Axılkələk) kəndi; zilan və zaza etnonimi: Zilan (Ahıska), Zazançı, Zilan (indiki Ermənistanın Axılkələklə sərhəd şimal-qərbi), Zazalı (Adıgün) kəndləri; tele etnonimi: Təhlə (Borçalı) kəndi və sairə və ilaaxır.
Hüsniyyə Çobanova: Maraqlı və hərtərəfli tədqiqə ehtiyacı olan siyahıdır. Bu adlar eyni zamanda Gürcüstanda türk mənşəli etnotoponimlərin tədqiqat arealının genişləndirilməsinə də imkan verir. Ümumən, faktiki material və orijinal yazılı mənbələr dərindən öyrənilməlidir.
Asif Hacılı: Əlbəttə.Qeyd edim ki, Cənubi-qərbi Qafqazda türk etnotoponimləri haqqında böyük alimlər – V.V.Bartold, A.D.Andronikov, D.D.Paqirev, A.Y.Krımski, M.F.Kırzıoğlu, L.N.Qumilyov, B.A.Budaqov, Q.A.Qeybullayev, A.M.Doğru, M.T.Zehtabi (Kirişçi), N.Q.Volkova və başqalarının əsərlərinə və eyni zamanda “Şahzadə Vaxuşti. Gürcüstanın coğrafiyası”, “Kartlis Sxovreba”, Leonti Mrovelinin “Gürcü çarlarının tarixi” kimi qədim gürcü mənbələrinə baxmaq olar. Təəssüf ki, azərbaycanşünaslığa birbaşa aidiyyatı olan bu və bu kimi bir çox mühüm mənbələr dilimizə tərcümə edilməyib. Bu tərcümələr orijinaldan olmalıdır. Tiflisdə gürcü dilini bilən savadlı soydaşlarımız var. Onları cəlb edib müəyyən işləri görmək olar. Yeri gəlmişkən onu da deyim ki, universitetlərimizdə qafqazşünaslıq, gürcüşünaslıq, ermənişünaslıq üzrə mütəxəssis hazırlanmır. Ola bilər müəyyən dil dərsləri keçilir haradasa, ancaq bu məsələ kompleks şəkildə həyata keçirilməlidir.
Hüsniyyə Çobanova: Dediyiniz adlar tarixin izləridir və etnik mənşəyi baxımımdan çox dəyərli informasiya daşıyıcılarıdır. Bu maraqlı etnotoponimlərdən müəyyən hissəsini araşdırıb, dəlillərlə onların türk mənşəli olduğu qənaətinə gəlmişəm. Bunlardan Sizin də qeyd etdiyiniz – XONA – Gürcüstanın Adıgün rayonundakı Xona kəndi, Kutaisi şəhəri yaxınlığındakı Xoni kəndi, Tiflisin cənubunda yerləşən Xunan qalası coğrafi adları hun tayfa ittifaqının adını tarixi abidə kimi qoruyub bu günədək saxlamışdır. Türkdilli tayfa birləşmələrindən olan hunların tayfa ittifaqı eramızdan əvvəl III əsrdə təşəkkül tapdığı göstərilir. Bildiyim kimi, Siz Türkiyədə çıxmış “Ahıska türkləri: Vətən bilgisi” adlı kitabınızda həmin ərazidə yayılmış türk mənşəli etnotoponimləri xüsusi təsnif və şərh etmisiniz. Gürcüstan ərazisindəki türk mənşəli etnotoponimlərin yayılma arealları çox genişdir və dissertasiyamızda bunu ayrıca cədvəldə vermişik. Bura Rusiya, Bolqarıstan, Ukrayna, İraq, Ərəb ölkələri və s. digər ölkələrdə izlərinə rast gəldiyimiz türk mənşəli etnotoponimləri də əlavə etsək, etnonimik mənzərənin daha çox areal genişliyinin şahidi olarıq.
Asif Hacılı: Bu mənada, biz tarixi və mədəni-ədəbi baxımdan da geniş xronoloji mənzərə ilə qarşılaşarıq – “Dədə Qorqud”da, “Koroğlu”da, dastanlarda, folklorumuzun digər mətnlərində aşkarlanan poetik coğrafiyaya baxsaq, çox maraqlı və zəngin, araşdırılmalı bir məlumatla üzləşirik.
Hüsniyyə Çobanova: Tamamilə doğrudur. Məsələn, Qazantəpə etnooronimi Gürcüstanın Ninosminda rayonundakı Borçalının qədim yaylaq yurdlarından birinin adıdır. Bu toponim “Dədə Qorqud” qəhrəmanı Qazan xanın adını xatırladır. Dastandakı hadisələrin Gürcüstan ərazisində cərəyan etməsi, bəzi toponimlərin adının hazırda Borçalıda izlərinin yaşaması (Bax, Ulaşlı toponiminə) və Qazan təpə oroniminin Türkiyə ilə Gürcüstanın sərhəddində yerləşməsi, oronimin Qazan xanla bağlı olmasına inamı artırır. Türk tayfaları yaşayan ərazilərin bir çoxunda da “qazan” komponentli etnotoponimlərə rast gələn əksər tədqiqatçılar bu fikirdədirlər ki, Azərbaycan, Şimali Qafqaz, Ukrayna, Başqırdıstan, Türkmənistan, İran və Türkiyədəki toponimlərin demək olar ki, hamısı Qazan qəbiləsinin adını özündə əks etdirir.
Asif Hacılı: Beləliklə, biz bu ecazkar yer adları ilə keçmişimizə, mənşəyimizə, tariximizə və etnogenezə işıq salmış oluruq. Köklü olmayan xalq tarixi məkanda iz qoya bilməz, eləcə də köklü olmayan xalqın tarixi məkanda zadəganları ola bilməz. Borçalı və Ahıska ağalar, bəylər yurdu olmuşdur. Bu ərazilərin yer adları – dağ, dərə, təpə, çay, göl, meşə, çəmən, yol, səmt, kənd, məhəllə bu ərazilərin doğma sakinləri olan xalqını, öz sahiblərini bəlirləyir. Eləcə də yerli, köklü xalqın zadəganları olur. Mən Ahıska ilə ilgili araşdırmalarda Borçalı və Ahıskada erməni zadəganlarının sənədlərdə göstərilmədiyini, yəni olmadığını görəndə bir daha əmin oldum ki, onlar bu yurdlarımıza yaddırlar, gəlmədirlər. Bildiyiniz kimi, çar işğalından sonra Axəlkələyə kütləvi şəkildə ermənilər köçürülüb, türklərin böyük hissəsi yurdlarından çıxarılıb, Osmanlıya getmək məcburiyyətində qalıb. Ermənilər buranı bu gün də özününküləşdirməyə çalışır və separatizmin mərkəzlərindən birinə çeviriblər. Lakin hətta çar dövrünün də statistikası burada tarixən türklərin yaşadığını göstərir. Bunu ümumi statistikadan başqa, əhalinin silklər, təbəqələr üzrə tərkibi də təsdiqləyir. Brokhaus və Efronun Ensiklopediyasından bir məlumatı diqqətə çatdırım. 1887-ci ildə Axılkələkdə əhalinin silklər üzrə tərkibi barədə statistik məlumat türklərin burada əsilli-köklü xalq olduğunu sübut edir: 59.496 nəfərdən dvoryanlar – 5, xan, bəy və ağalar – 253, ruhanilər – 1.053, meşanlar – 21, kəndlilər – 58.147, sahibkar kəndlilər – 116, istefada və ehtiyatda olan aşağı rütbəli məmurlar – 17 nəfər olub (Брокгауз и Ефрон. Энциклопедия, СПб., 1890, т. 2, с. 526). Köklü olmayan, dövlət ierarxiyasında yer almayan xalqın zadəganı olmaz, göründüyü kimi, burada kübar sinfin mütləq əksəriyyərtini türklər təşkil edib. Ümumən, Gürcüstanda əsilzadələr böyük əksəriyyətlə türklər və gürcülər olmuşlar, ermənilər yox. Çox şadam ki, gənc və istedadlı alimimiz, borçalı əsilli peşəkar tarixçi və diplomat Fəxri Valeh oğlu Hacılar bu mövzuya “XIX əsr Borçalı əhalisinin imtiyazlı zümrə-ləri kameral təsvirlərdə” adlı xüsusi monoqrafiya həsr etdi və bir çox milli-tarixi həqiqətləri üzə çıxartdı. Toponimlərin tədqiqi, o cümlədən Sizin tədqiqatınız da, bütün bu dedikləriniz də göstərir ki, bu və ya digər şəkildə milli-tarixi mətləblərə yönəlir.
Hüsniyyə Çobanova: Asif müəllim, minnətdaram bu dəyərə görə, mənim tədqiqatımın əsas amacı elə bu dediklərinizdir.Gürcüstanın milli-etnik tarixinə nəzər saldıqda görürük ki, türklər (azərbaycanlılar) lap qədim dövrlərdən, bizim eramızdan çox-çox əvvəllərdən bu regionun bir çox yerlərində yurd salmışlar. Hal-hazırda azərbaycanlılar Gürcüstanın Borçalı (Kvemo-Kartli), Kaxet, Orta Gürcüstan (Şida Kartli) və Mesxet-Mitanet diyarlarında, həmçinin, qədim Tiflis və müasir Rustavi şəhərlərində yaşamaqdadırlar.
Asif Hacılı: Hüsniyyə xanım, sözünüzü unutmayın, demək istədiyim məqama toxundunuz. Yəqin razılaşarsınız ki, əgər yayılma areallarından danışırıqsa, dostluq və qardaşlıq şəhəri olan Tiflisin türk tarixi-mədəni mühiti və türk toponimləri xüsusi bir məsələdir. Qədim Tiflisdəki türk toponimləri bir çox tarixi mənbələrdə, mətbuatda, xatirələrdə, bədii əsərlərdə təsbitlənib. Bu aktual elmi məsələ həm də milli tarix, mədəniyyət, Azərbaycan-gürcü dostluğu, xalqlarımızın tolerantlığı və qardaşlığı məsələsidir. Bu barədə müşahidələriniz maraqlı olardı.
Hüsniyyə Çobanova: Bəli, Tiflis xüsusi bir aləmdir. Tarixi qaynaqlarda paytaxt şəhəri olan Tiflisdə 730-cu ildə məscid tikilməsi və azərbaycanlılara məxsus ayrıca qəbirstanlığı olması barədə faktlar vardır. Tiflis şəhərində tarixən mövcud olmuş bir çox etnotoponimlər son dövrlərdə rəsmi sənədlərdə gürcüləşdirilsə də, xalq arasında hal-hazırda da öz əzəli adları ilə çağırılmaqdadır. Bunlara misal olaraq təkcə Tiflis şəhərində mövcud olmuş Saburtala, Abbasabad meydanı, Qoçulu suyu, Bəzəkli, Xocalı, Qorçaqala, Tatar bazarı, Tatar meydanı, Təklə karvansarası, Gəncə qapısı, Arıxlı, Basqallar, Seyidlər, Şıxlı, Şahtaxtlı və s. etnotoponimləri göstərə bilərik .
Asif Hacılı: Bəs mənbələr, tarixi mətnlər nə deyir bütün bu məsələlər haqda? Qafqaz antik dövrdən səyyahların, alimlərin, şairlərin diqqətini cəlb edib, burada kimlər olmayıb – yunanlar, rumlar, ərəblər, hindlilər, firənglər, ruslar, avropalılar və sairə və ilaaxır…
Hüsniyyə Çobanova: İstər tarixi, istərsə də müasir mənbələrdə Gürcüstan ərazisində mövcud olan türk mənşəli etnotoponimlərin bəzilərinin mənşəyi, etimologiyası, arealları, koordinatları və keyfiyyətləri haqqında çox qiymətli məlumatlar verilir. Müxtəlif tarixi və müasir dövrdə yaradılmış mənbələr əsasında bu arealın etnotoponimik mənzərəsinin tədqiqi olduqca mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Gürcüstanın etnotoponimiyası üçün ən dəyərli material verən tarixi sənədlərdir. Bu baxımdan hələ eradan əvvəl qədim yunan və roma tarixçilərindən Hekatey, Aristotel, Strabon, Plini, Ptomeley və başqaları öz əsərlərində Xəzər, Muğan, Hun, bun türk, onoğur, qıpçaq və s. kimi etnonimləri və bunlar əsasında formalaşan etnotoponimləri qeydə almışlar. Bu mənbələrdə Gürcüstandakı etnotoponimlərin yayılma arealları, onların müxtəlif ərazilərdə işlənmə səbəbləri, bunlardan hansının ilkin, hansının törəmə olması səthi şəkildə izah olunsa da, müasir dövrümüzdəki araşdırmalar üçün olduqca dəyərlidir.
Asif Hacılı: Bəs gürcü mənbələri nə deyir?
Hüsniyyə Çobanova: XI əsrdə oğuz-səlcuq türkləri kütləvi şəkildə Zaqafqaziyaya gəlib, qısa vaxtda, demək olar ki, Şərqi Gürcüstanda məskunlaşırlar. Həmin dövrün gürcü mənbələrində, xüsusilə “Davitis istorikosi”də (çar IV Davidin tarixi) Gürcüstanın iki yerə bölündüyü qeyd olunur: türklərin məskunlaşdığı ərazi Didi Türkoba (Böyük türklük), gürcülərin yaşadığı ərazi isə Kartveloba adlanır. N.N.Şengeliya qeyd edir ki, bu dövrlərdə Gürcüstan ərazisində türk tayfalarının kütləvi şəkildə oturaq həyat keçirməsi prosesi başlanır və Gürcüstan ərazisinin türkləşməsi təhlükəsi yaranır.
Asif Hacılı: Lakin tarix göstərir ki, türklərin Gürcüstanda məskunlaşması heç vaxt bu ölkəyə təhlükə törətməyib. Çox qədimdən, xüsusən Çar David, Tamar dövrlərindən başlamış, Rusiya imperiyası dövründə, sovet dönəmində və müstəqillik dövründə də türklər Gürcüstana sədaqətlə xidmət etmiş, gürcü dövlətçiliyiyinin inkişafında əhəmiyyətli rol oynamışlar. Bu haqda bir şox faktlar məlumdur, ancaq mövzumuz başqa olduğundan, üzərund geniş dayanmağa ehtiyac yoxdur. Gürcü-türk, Gürcüstan-Azərbaycan əlaqələrinin qədimliyini və səmimiliyini bir çox tarixi və ədəbi mənbələr təsdiq edir. Eləcə də toponimlər təqdiqləyir. Gürcüstanın xüsusi anıldığı “Kitabi-Dədə Qorqud”, klaasik dastanlar və yazılı ədəbiyyat, səyyahların əsərləri də bu deyilənlər baxımından vacib mənbədir.
Hüsniyyə Çobanova: Gürcüstan ərazisindəki etnotoponimlərin öyrənilməsində ulu mədəniyyət abidəmiz olan və VI-VII əsrlərin hadisələrini əks etdirən “Kitabi-Dədə Qorqud dastanı həqiqətən əvəzedilməz mənbələrdən biridir. Əsərdə adı çəkilən etnotoponimlər (Kəpənəkçi, Qaçağan, Yavuqlu, İmir, Baydar, Sarvan, Tüllər, Ulaşlı, Bəytəkər, Azqanlı, Ərvənli, Dəllər və s.) Dədə Qorqud dünyası ilə yaxından səslənir və həm də bu etnotoponimlərin fonetik formasında elə bir ciddi dəyişikliyin baş verməsi və onların Gürcüstanın müxtəlif yer-yurd adlarında işləməsi göz qabağındadır. Eləcə də qeyd etdiyiniz digər məxəzlər. Lakin bunlar ayrıca və çox geniş bir mövzudur.
Asif Hacılı: Sizinlə razıyam. Təəssüf ki, klassik mənbələr, ümumən tarixi mətnlər son dövrlər bizdə orijinalda yetərli öyrənilmir. Tarixi mənbələr Gürcüstandakı türk mədəniyyəti və tarixixini, eləcə də türk mənşəli toponimləri daha dərindən öyrənməyə imkan verər. Buna görə də Sziin tədqiqatınınz xüsusi dəyərə malikdir. Türk mənşəli etnotoponimlər, o cümlədən etnooykonimlər, etnooronimlər, etnohidronimlər Gürcüstan ərazisinin tarixi-türk coğrafiyasının mozaik mənzərəsini yaratmağa, bu torpaqları ana vətən kimi sevən və ona sədaqətlə xidmət edən soydaşlarımızın Gürcüstanda diaspora deyil, bərabərhüquqlu yerli xalq olduğunu göstərməyə böyük kömək və tutarlı dəlillərdəndir. Mən belə adlardan birini – Zalqada Dəli dağ çevrəsində olan, ulu əcdadımızın adını daşıyan Nayvəli yaylası və Nayvəli bulağının adını hər dəfə sadəcə qohumluğa görə deyil, məhz türklüyünə, bizim milli kimliyimizlə bağlı minlərlə faktdan biri olduğuna görə çəkirəm. Bütün bunlar bizim bu torpaqların aborigenləri, buranın əzəli sakinləri, gürcülərlə tarix boyu dost, qardaş toplum olaraq yaşamış vəfalı qonşular olduğumuzu təsdiqləyən faktlardan deyilmi?
Hüsniyyə Çobanova: Asif müəllim, təbii ki, bu fikirlərinizlə şərikəm. Tarixin qan yaddaşı hesab olunan etnotoponimlər ölkənin, xalqın, hətta dilin inkişaf tarixini öyrənmək üçün ən etibarlı mənbələrdən biridir. Xalqın tarixini, dilini, qədim mədəniyyətini öyrənmək, onun yaşadığı ərazilərdə izlərini tədqiq etmək, aboregenliyini sübuta yetirmək üçün etnotoponimlər əvəzedilməz mənəvi cəhətlərdəndir. Bu baxımdan Gürcüstan ərazisindəki türk mənşəli etnotoponimlər də xalqımızın minillik tarixindən xəbər verir. Bunlar həm də bizim tarixi dostluğumuzun nişanələridir və onları müxtəlif üsullarla dəyişmək, tərcümə etmək yolverilməzdir. Ola bilsin ki, qohum olmayan dillərdə hər hansı bir xüsusi adı transkripsiya etmək olar. Lakin mütəxəssislərin,müşahidəçilərin deydiyi kimi, “yer tarixi yer adlarını dəyişdirmək tolerantlıq, dostluq meyarlarına ziddir və əslində müəyyən xalqın yaşadığı ərazidə tarixi əlamətlərini itirməyə xidmət edir.
Asif Hacılı: Hüsniyyə xanım, təəssüf ki, belə vacib tarixi-mədəni əhəmiyyətinə, mənəvi dəyərinə, iki xalqın tarixi dostluğuna dəlalət etməsinə baxmayaraq, həm keçən əsrdə və həm də müasir dövrdə Gürcüstandakı türk mənşəli toponimlərin dəyişdirilməsi, saxtalaşdırılması, tarixdən silinməsi cəhdləri məsələlərdəndir. Tarixin canlı nişanəsi, Borçalı türklərinin milli kimliyinin və məskunlaşma arealının təsbiti olan toponimlər artıq XIX yüzilliyin əvvəllərindən dəyişdirilməyə, saxtalaşdırılmağa başlandı. Bu proses sovet dövründə də səngimədi. Keçən əsrin 80-90-cı illərindən isə kütləvi hal aldı və bu günlərə qədər də davam etməkdədir. Bu barədə müşahidə və mülahizələrinizi bilmək əhəmiyyətli olardı.
Hüsniyyə Çobanova: Gürcüstanda türk mənşəli etnotoponimlərinin dəyişdirilməsinə keçən əsrin 30-cu illərinin sonlarında başlanılmış, 90-cı illərdən sonra bu siyasət daha da sürətləndirilmişdir. Regionda etnonimlər əsasında formalaşmış etnooykonimlərin bəziləri məhv edilmiş, bəziləri rəsmi qərarlarla dəyişdirilmiş və ya gürcü dilinə transkripsiya edilmişdir. Araşdırmalarımız göstərir ki, keçən əsrin 30-cu illərinin əvvəllərindən 90-cı illərinin əvvəllərinə kimi 60-a qədər yaşayış məntəqə adı dəyişdirilmişdir ki, bunun da 20-dən çoxu etnonimik səciyyəlidir. 1932-ci ilin fevral ayının 13-də Sarvan yaşayış məntəqəsinin adı dəyişdirilərək əvvəl Borçalı, sonra isə Marneuli adlandırılmışdır. 12 iyun 1949-cu ildə Dmanisi rayonu ərazisindəki Cəlayir yaşayış məntəqəsinin adı dəyişdirilərək gürcü dilində Qora adlandırılmışdır. 1942-ci ilin aprel ayının 7-də Zalqa rayonu ərazisində yerləşən Yaqublu yaşayış məntəqəsinin adı dəyişdirilərək Çapayevka adlandırılmışdır. 1949-cu ilin 12 iyul tarixində Dmanisi rayonu ərazisində mövcud olmuş Mamıtlı yaşayış məntəqəsinin adı dəyişdirilərək Mtisdziri qoyulmuşdur.
Asif Hacılı: Lakin bu proses 1990-cı illərin əvvəllərindəki qarışıqlıq dövründə xüsusilə intensiv hal aldı. Hakimiyyət boşluğundan istifadə edən qaragüruh qüvvələr həmin dövrdə fürsətdən istifadə edib tarixi türk toponimlərini kütləvi dəyişdirməyə başladılar.
Hüsniyyə Çobanova: 1990-1992-ci illərdə Gürcüstanın Borçalı mahalında demək olar ki, böyük kəndlərin adları dəyişdirilmişdir. Bizim söhbətimizin mərkəzində etnotoponimlər dayandığından 1991-1992-ci illərdə dəyişdirilib gürcü adları ilə əvəz edilmiş tarixi toponimlərdən nümunələr təqdim etmək istərdim. Bu siyahıda Babakişilər və Əsmələr 1991-ci ildə olmaqla, qalanları 1992-də dəyişdirilib. Öndə tarixi türk adını, sonra isə yeni yaradılmış gürcü variantı təqdim edilib: Abdallı – Cavaxi, Babakişilər – Poçxvernani (1991), Əsmələr – Mçkneti (1991), Kolayır – Tsurtavi, Qoçulu – Çapala, Saraclı – Mamxuti, Həsənxocalı – Xibiskuri, İmirhəsən – Savaneti, Daşlıqullar – Muxrana, Faxralı – Talaveri, Arıxlı – Naxiduri, Muğanlı – Farizi, Kəpənəkçi – Kvemo Bolnisi, Aşağı Qoşakilsə – Kvemo Arkveni, Yuxarı Qoşakilsə – Zemo Arkveni, Mollaəhmədli – Xataveri, Sarallar – Zvareti, Mığırlı – Vaneti, İncəoğlu – Şua Bolnisi, Aşağı Güləver – Qeta, Yuxarı Güləver – Djipor, Dəmirli – Xaxlodjivari, Kibircik – Djersi, Arakel – Djedjipariani, Dəllər – Muşevani, Zol-Güvəc – Zveli Kveşi, Bəytəkər – Bartakvi, Qaradaşlı – İcrita, Qaratikan – Saberiti, Şişqala – Brlaxanli, Tapan – Dspeli, Çatax – Xaissopeli, Ayorta – Akaurt, Cəfərli – Samtredo…
Asif Hacılı: Çox ağır məsələdir, bu gün belə kütləvi dəyişməər olmasa da, müəyyən hallarla yenə də rastlaşırıq. Gürcüstandakı türk mənşəli toponimlərə qarşı kütləvi qəsd hamımızın gözü önündə baş verdi. Bu məsələdə erməni faktoru da ciddi rol oynadı. Lakin təəssüf ki, bununla bağlı ictimaiyyətimiz həm Borçalıda, həm Bakıda yalnız gileyləndi. Siz bu məsələni həm dissertasiyanızda, həm də məqalələrinizdə elmi əsaslarla qaldırmısınız. Bu gün Gürcüdtandakı türk etnotoponimləri ilə bağlı vəziyyət nə yerdədir? Proseslər necə cərəyan edir? Bu addəyişmədə hansı üsullardan, vasitələrdən istifadə olunur və nə etməliyik.
Hüsniyyə Çobanova: Azərbaycanlıların köklü xalq olduğunu özündə əks etdirən qədim tarixə malik etnonimlər əsasında formalaşan etnotoponimlərinin dəyişdirilməsi prosesi bir çox spesifik üsullarla, o cümlədən gürcü dilinə məxsus coğrafi appelyativlərlə də həyata keçirilmişdir. Gürcülər bu prosesdə gürcü dilindəki “sopeli (kənd), zemo (yuxarı), kvemo (aşağı), did (böyük), patara (balaca, bala), xevi (dərə), ukapa (axırıncı), şvilis (oğus, oğlu) və s. coğrafi terminlərdən istifadə etmişlər. Lakin qədim tarixə malik türk mənşəli etnotoponimlərinin bu şəkildə dəyişdirilməsi yolverilməzdir və belə etnotoponimlərin tarixi-linqvistik aspektdə tədqiqi əsl həqiqətləri üzə çıxarır, bununla da iki xalqın, həm azərbaycanlıların, həm də gürcülərin dostluğuna zidd olan bəzi kənar qüvvələrin məkrli siyasətini aşkar edir.
Asif Hacılı: Tamamilə doğrudur, bu gün ölkələrimiz dost, qardaş, mütttəfiqlik münasibətindədir. Tarixdə də biz həmişə dost olmuşuq. Əminəm ki, bu xoşagəlməz hallar keçmişdə qalacaq. İnanıram ki, bu söhbətimiz də oxucularımızda bu mühüm məsələyə maraq oyadacaq. Və Sizə, hörmətli Hüsniyyə xanım, minnətdarlığımı bildirirəm. Çox maraqlı, mənalı və dəyərli məlumat, müşahidə və fikirlərinizlə bölüşdünüz. Ümid edək ki, bu söhbət oxucularımızın, məsuliyyətli şəxslərin diqqətini bu mühüm məsələyə ümraniye escort yönəldəcək. Bizləri müəyyən suallar üzərində düşünməyə məcbur edəcək. Bu vəziyyətlə bağlı nə etmək olar? Türk mənşəli toponimlərin bərpası mümkündürmü? Paralel adlar işlənə bilərlərmi? Ən azı, xalqın yaddaşında bu adları necə yaşadaq? Hətta Bakıda əhali, o cümlədən Borçalı əsilli bəzi gənclər Borçalıdan başqa bu tarixi məskənlərimizə aid bir toponim, demək olar ki, bilmir. Gələcəyə çatdırmaq üçün dəyişdirilmiş, unudulmuş, mövcud toponimlərin elmi kataloqu, lüğəti hazırlanıbmı? Çıxış yolu nədədir? Suallar bir qədər çox oldu, ancaq bunlar ağrılı, milli tale və milli kimlik məsələsidir və göz yummalı deyil. İnanmaq istərdik ki, müdrik xalqlarımız bundan sonra da əzəli və əbədi dostluq və qardaşlıq şəraitində, qarşılıqlı hörmət əsasında yaşamaqda davam edəcək. Doğma vətənimiz Gürcüstandakı milli nişanələrimiz qorunub saxlanacaq, itirilmiş mənəvi sərvətlərimiz bərpa oluncaq. tuzla escort Və bütün bu amallara yönəlmiş maraqlı söhbətə görə Sizə təşəkkür edirəm, yeni yaradıcılıq uğurları arzulayıram.
Hüsniyyə Çobanova: Asif müəllim, mən də bu dəvətə və belə bir vacib mövzuda söhbətə görə Sizə minnətdaram. Borçalıya həsr olunmuş belə bir dəyərli Layihənin təşəbbüskarı və ideya müəllifi olan görkəmli ictimai xadim, vətənpərvər ziyalı, AVCİYA-nın sultanbeyli escort prezidenti hörmətli Elxan Süleymanova səmim-qəlbdən təşəkkür edirəm.
http://zim.az/elm/humanitar/5667-grcstann-trk-mnli-etnotoponomlri-tarix-masir-vziyyt-v-glck.html
https://avciya.az/gurcustanin-turk-mənsəli-etnotoponomləri-tarix-muasir-vəziyyət-və-gələcək/
ZiM.Az