Tanınmış həkim Səməd Çobanov vəfatından 2 il keçir

ALLAH RƏHMƏT ELƏSİN!..
İki il əvvəl –
2023-cü il aprelin 20-də
Azərbaycan səhiyyəsinə,
Borçalı ictimaiyyətinə,
Darvaz elinə ağır itgi üz vermiş,
əziz və dəyərli qardaşımız,
elimizin-obamızın sevimlisi,
xalqımızın hörmətli ziyalısı,
Bakıdakı “Azərsutikinti” xəstəxanasının
və “Memorial Klinik” Tibb Mərkəzinin
sabiq həkimi, tanınmış səhiyyə işçisi,
vətənpərvər və xeyirxah insan
Səməd Nəbi oğlu Çobanov
vəfat etmişdir.

 

SƏMƏD ÇOBANOV (1946-2023)
Səməd Nəbi oğlu Çobanov – 1946-cı ilin dekabr ayının 12-də qədim Borçalı mahalında – indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darvaz kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1963-cü ildə kənddəki orta məktəbi medalla bitirmiş və elə həmin il ali təhsil almaq arzusuyla Bakıya gəlmiş, sənədlərini N.Nərimanov adına ATİ-nun müalicə-profilaktika fakültəsinə vermiş və imtahanlardan uğurla çıxaraq tələbə adını qazanmışdır.
1969-cu ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir. Elə həmin il S.Çobanov hərbi xidmətə çağırılmış və iki il hərbi həkim kimi xidmət etdikdən sonra, 1971-ci ildə doğma Borçalıya – Darvaz kəndinə qayıtmış və ambulatoriyada baş həkim kimi işə başlamışdır.

Səməd Çobanov 1976-1978-ci illərdə Gürcüstan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ordinator kimi fəaliyyət göstərmiş, 1978-ci ilin payızından isə həkimlik fəaliyyətini Bolnisi rayon mərkəzi xəstəxanasında davam etdirmişdir. Burada işlədiyi müddətdə onun şöhrəti təkcə Bolnisi rayonunda deyil, bütün Borçalıda da yayılmışdır.

Həkim M.Çobanovun dövri mətbuatda onlarla məqaləsi çap olunmuşdur.
O, həmçinin bir sıra tibbi-praktik konfranslarda iştirak etmişdir.
XX əsrin sonuncu onilliyində keçmiş SSRİ imperiyasının hakimiyyəti laxladığı dövrdə Gürcüstanda da ədalətsizlik, yerlibazlıq, millətçilik ideyaları gündən-günə qızışdığı zaman Bolnisi şəhərində yaşayan və işləyən yüzlərlə azərbaycanlıların əksəriffəti kimi həkim Səməd Çobanov da işdən azad edilmiş və Bolnisi şəhərindən çıxarılmışdır. O, yenidən doğma Darvaz kəndinə qayıtmış və 1989-1992-ci illərdə Darvaz kənd ambulatoriyasında baş həkim işləmişdir.

Səməd Çobanov kənddəki şəraitin çətinliyi ucbatından Bakıya gəlmiş, “Azərsutikinti” xəstəxanasının qastroenterologiya şöbəsində işə düzəlmişdir.
Elə o vaxtdan da əmək fəaliyyətini burada şərəflə davam etdirmişdir.
2006-ci ildə təqaüdə çıxmışdır.
Təqaüdə çıxdıqdan sonra da daha 5 il həmin xəstəxanada, daha sonra isə “Memorial Klinik” Tibb Mərkəzində çalışmışdır.
Neçə-neçə insanların sağlamlığına şəfa vermiş, yüzlərlə insanın ömürünə ömür calamışdır.
O, bir neçə dəfə müxtəlif Fəxri fərman və Diplomlarla təltif olunmuşdur.
2023-cü il aprelin 20-də Bakı şəhərində vəfat etmişdir.

Azərbaycan səhiyyəsində əvəzsiz xidmətləri olan əziz qardaşımız, elimizin-obamızın sevimlisi, xalqımızın dəyərli ziyalısı, tanınmış səhiyyə işçisi və xeyirxah insan Səməd Nəbi oğlu Çobanovun əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman əbədi olaraq yaşayacaq.

Allah rəhmət eləsin.
Məkanı cənnət, ruhu şad olsun.

 

Müşfiq BORÇALI,
ZiM.Az
.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright © All rights reserved. | Newsphere by AF themes.